Beynəlxalq miqyasda şöhrət qazanmış türkiyəli aşpaz

7-10-2023, 12:44           
Beynəlxalq miqyasda şöhrət qazanmış türkiyəli aşpaz
2000-ci ildə bir qrup turist Türkiyənin qədim Mardin şəhərindəki yeganə restoranda yeməkləri bəyənmədikdə, onların bələdçisi Ebru Baybara Dəmir onları öz evinə şam yeməyinə dəvət edir. Bu qərar Dəmir üçün tamamilə yeni bir həyat və karyera yaradır.

Xəmir yoğurmaq, yerli qadınlara əriştə hazırlamağı öyrətmək, yeməklərin qazanda yaxşı bişib-bişmədiyini yoxlamaq…

Bu, bir vaxtlar tur bələdçisi olan, lakin indi doğma Mardin şəhərində beynəlxalq miqyasda şöhrət qazanmış aşpaz Ebru Baybara Dəmir üçün gündəlik işidir. Ebru Baybara Dəmir : "2000-ci ildə bələdçilik etdiyim bir qrup alman turisti şəhərdəki yeganə restoranın yeməklərini bəyənməyəndə onları evə apardım. Ailəmdəki qadınlar və qonşularımız onlara yemək bişirirdi və qrup bundan çox razı qaldı."

Beləliklə, o, Türkiyənin cənub-şərqində, müxtəlif mədəniyyətlərə ev sahibliyi edən qədim Mardin şəhərinə gələn turistləri qonaq etməyə başlayıb.

Daha sonra Dəmir şəhərdəki qədim və tarixi malikanəni restorana çevirib və yerli qadınları mətbəxində işə götürüb. "Mən gördüm ki, təkcə yemək bişirmək və pul qazanmaq deyil, insanların ünsiyyəti çox vacibdir. İnsanların qədim mədəniyyətini, ənənəsini paylaşmağın pul qazanma yoluna çevirməsi üçün bu bir başlanğıc idi" - deyə, o bildirir.

Dəmir həmçinin yerli qadınların və müharibə şəraitində olan ölkələrindən qaçaraq, Mardində sığınacaq axtaran suriyalı qadınların üçün bir sıra yerli inkişaf layihələrinin təşəbbüskarı olub. Bəzi layihələr yerli bitkilərin yetişdirilməsini əhatə edib. Demir "2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı ilə regionda yerli toxumların əkilməsi ilə bağlı həyata keçirdiyimiz layihədə suriyalı qadınlar əsas amil olub. Biz onlardan öyrənməli çox şeyimiz olduğunu gördük" deyir.

Dəmir bu il bacarıqlarını cəmiyyətə müsbət təsir etmək üçün istifadə edən aşpazlara hər il verilən "Bask Kulinariya Dünyası" mükafatını qazanıb. "Biz sadəcə yemək hazırlamırıq. Bizə də maraqlıdır ki, bu yeməyi kim bişirib, yemək necə hazırlayıb və haradan gəlib. Deməli, qonaqlarımıza təqdim etdiyimiz yeməklər nə qədər insanın həyatını dəyişib."

Dəmir qadınlara özünün yetişdirdiyi buğdadan əriştə və makaron hazırlamağı öyrədir və bu məhsullar özünün açdığı mağazada satılır.

Dəmirin yerli inkişaf layihələrində azı 360 qadın işlə təmin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.