«BAŞ QƏRARGAH RƏİSİ İŞİN İÇİNDƏ OLUB…» - AKP-li millət vəkilindən ŞOK açıqlamalar
24-07-2016, 23:19
KP Qaziantep millət vəkili Şamil Tayyar Türkiyə Ordusunun Baş qərargah rəisi Hulusi Akar və MİT rəhbəri Hakan Fidanı istefaya çağırıb. AzPolitika.info-nun Türkiyə KİV-lərinə istinadla bildirdiyinə görə, Tayyar, qatıldığı bir televiziya proqramında bir sıra maraqlı açıqlamalarla diqqəti çəkib. AKP-li vəkil iddia edib ki, “sarayda” hələ də fətullahçılar var.
15 iyul çevriliş cəhdi barədə xəbərin prezident Ərdoğana MİT tərəfindən çatdırılmadığını qeyd edən Ş.Tayyar, xatırladıb ki, hadisə barədə ilk açıqlamasında Ərdoğan Hakan Fidanı axtardığını, amma tapa bilmədiyini demişdi. Millət vəkili iddia edib ki, 15 iyul gecəsi qiyamçıların hücumlarından 15 dəqiqəlik ara ilə qurtulan Ərdoğana, MİT, “yerinizdə qalmağınızı çox önəmlidir” mesajını veribmiş. AKP-li millət vəkili bunları önə sürərək, Hakan Fidanı istefaya səsləyib.
Şamil Tayyarın daha diqqətçəkən açıqlamaları isə Baş qərargah rəisi Hulusi Akarla bağlı olub. O, faktiki olaraq Akarı çevriliş cəhdində iştirak etməkdə ittiham edib.
“Bunu çox açıq söyləyirəm: Baş qərargah rəisinin dərhal istefa verməsi və onun yerinə yeni təyinat olması lazımdır. “Boynunda kəmər izi var” bəhanələri onu qurtarmaz! Açığını desəm, bununla bağlı çox şübhəliyəm!”, deyən millət vəkili, Baş qərargah rəisinin qiyamçılar tərəfindən girov götürülməsi və onun bu girovluqdan azad olunması məsələsindəki şübhəli məqamları önə çəkib. Bildirib ki, ilk anlar Hulusi Akarın girovluqdan xüsusi əməliyyat nəticəsində azad olunduğu bildirilsə də, sonradan bu xəbər öz təsdiqini tapmayıb. H.Akar, qiyam uğursuz olduqdan sonra guya girov saxlanıldığı “Akınçı” hərbi bazasından sərbəst şəkildə, helikopterlə ayrılıb.
Tayyarın fikrincə, işin içində olduğu anlaşılmasın deyə Akarın boynu qəsdən göyərtilib.