Qırğızıstan Türkiyə hökumətinə rədd cavabı verdi

26-07-2016, 01:01           
Qırğızıstan Türkiyə hökumətinə rədd cavabı verdi
“Hansısa ölkənin xarici işlər nazirinin ultimatum və şantaj yolu ilə nə isə tələb etməsi bu ölkənin daxili işinə qarışmaq deməkdir”

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə hökumətinin bu ölkədə fəaliyyət göstərən və Fətullah Gülənə bağlı olduğu bildirilən özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müraciətinə rədd cavabı verib.

Bu haqda iyulun 25-də Qırğızıstan XİN-nin rəsmi saytında dərc olunan məlumatda deyilir.


Qırğızıstan XİN-i bildirib ki, iki ölkə və bu ölkələrin xalqları arasında tarixi münasibətlər sıx və dərin köklərə bağlansa da, hansısa ölkənin xarici işlər nazirinin ultimatum və şantaj yolu ilə nə isə tələb etməsi bu ölkənin daxili işinə qarışmaq deməkdir: “Biz Türkiyə xarici işlər nazirinin müraciətini diqqətlə araşdırdıq. Türkiyə Qırğızıstan üçün qardaş dövlətdir. Biz Türkiyə rəsmilərinin narahatlığını da başa düşürük. Eyni zamanda, xatırlatmaq istəyirik ki, Qırğızıstan hər şeydən öncə nəyin yaxşı, nəyin pis olduğunu ayır edə biləcək müstəqil və suveren dövlətdir. Hesab edirik ki, hansısa ölkənin xarici işlər nazirinin şantaj və ultimatum yolu ilə o biri dövlətə bu və ya digər formada ölçü götürməyi diqtə etməsi qeyri-korrekt hərəkətdir”.

XİN bildirib ki, Qırğızıstan hökuməti ehtiyac olduğu təqdirdə müraciətlə bağlı adekvat ölçülər götürəcək.

“Müəyyən olunmuş hüquqi normalar, vəzifələr və başqa məsələlər var. Vurğulayaraq deyirik ki, bütün bu sadaladıqlarımız bizim ölkənin daxili işləridir”- deyə nazirlik bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.