Milli fəal Vəhid Əbhəri təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb
27-01-2025, 16:14
Son günlər İran Azərbaycanında milli fəallara qarşı təzyiq və təhdidlər artmaqdadır. Təhlükəsizlik qüvvələri fəalları telefon vasitəsilə kəşfiyyat idarələrinə çağırır.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, yanvarın 25-də Təbrizdə yaşayan milli fəal Vəhid Əbhəri dindirilmək üçün təhlükəsizlik qüvvələri tərəfindən kəşfiyyat idarəsinə çağırılıb. Əbhəri məhkəmə orderi olmadan çağırılmasını qanunsuz adlandırıb və idarəyə getməkdən imtina edib.
Vəhid Əbhəri daha əvvəl də təhlükəsizlik orqanlarının hədəfində olub. Hazırda o, mülki zəmanət qarşılığında azadlıqdadır.
O, Cavid Nəzmi ilə birlikdə keçən ilin noyabrın 23-də Təbrizdə həbs edilərək təhlükəsizlik qüvvələrinin təcridxanasında dindiriləndən sonra noyabrın 28-də təcridxanadan Təbriz həbsxanasına köçürülüb. Təxminən bir həftə sonra isə, dekabrın 3-də, mülki girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Fəalların telefon vasitəsilə çağırılması və təzyiqlərə məruz qalması artmaqdadır. Son vaxtlar İranda türk fəalların təhlükəsizlik orqanları tərəfindən telefonla çağırılaraq təhdid və təzyiqlərlə üzləşməsi halları getdikcə daha da geniş vüsət alır.