Urmiyədə bir ailə 5 ay davam edən mübarizədən sonra övladına AlpAslan adı ilə şəxsiyyət vəsiqəsi ala bilib
27-01-2025, 17:14
İran Azərbaycanında daha bir ailə AlpAslan adlı övladına məhkəmə yolu ilə şəxsiyyət vəsiqəsi ala bilib. Urmiyədə yaşayan Babapur ailəsi təqribən 5 ay əvvəl başlatdığı hüquqi mücadiləni qazanıb.
Dan dərgisi adlı Instagram hesabı və Güney Azərbaycan Televiziyası (Günaz TV) keçən ilin avqustun 31-də dünyaya gələn AlpAslan Babapur adına çıxarılmış şəxsiyyət vəsiqəsinin surətini yayıblar.
Instagram sosial şəbəkəsində həmçinin Babapur ailəsinin lehinə çıxarılmış məhkəmə qərarının surəti yayımlanıb.
Məhkəmə qərarında yazılıb ki, “seçilən AlpAslan adının qeydiyyat qanununun 20-ci maddəsinin 1-ci qeydinə əsasən xoşagəlməz, müstəhcən və uşağın cinsiyyətinə uyğun olmayan bir ad olmadığını və qeydiyyat şurasının yasaq adlar siyahısında görünmədiyini nəzərə alaraq, Qərbi Azərbaycan Vətəndaş Qeydiyyatı baş idarəsi bu uşağa AlpAslan adı ilə vəsiqə verməlidir. Qərar qətidir.”
İranın müxtəlif vilayətlərində qeydiyyat şöbələri daha əvvəl məhkəmə qərarı ilə qeydiyyatdan keçmiş bəzi türkcə adlara belə şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər. Alp Aslan adı da ilk dəfə deyil ki, məhkəmə yolu ilə qeydə alınır. Təbrizdə Ağayi ailəsi də aylarla hüquqi mücadilədən sonra bir neçə ay əvvəl AlpAslan adı ilə şəxsiyyət vəsiqəsi alıb. Təbrizli Əvəzpur ailəsi isə 2021 oktyabr ayında dünyaya gələn oğluna AlpAslan adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyincə məhkəməyə müraciət etmişdi. Əvəzpur ailəsi 2024 ilinin yanvar ayında məhkəmə qərarı ilə uşağına şəxsiyyət vəsiqəsi alıb.
İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türk adları ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr var. Ailələr övladlarına şəxsiyyət vəsiqəsi verilmədiyinə görə dövlətin səhiyyə və digər xidmətlərindən yararlana bilmirlər və özəl sektordan xidmət almaq üçün yüksək məbləğlər ödəməli olurlar. Bəzi ailələr bu çətinliklər üzündən başqa adla vəsiqə almağa razılıq vermək məcburiyyətində qala bilir.
Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını irəli sürərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Son vaxtlar gündəmə gələn bəzi nümunələrdə isə bəzi adlar yazılışının fars dilinin orfoqrafiya qaydalarına uyğun olmadığına görə qeydiyyatdan keçməyib.