Təbrizdə İranın ali liderini aşağılamaqda suçlanan Nigar Dabbağinin məhkəmə tarixi bəlli olub

Dünən, 17:18           
Təbrizdə İranın ali liderini aşağılamaqda suçlanan Nigar Dabbağinin məhkəmə tarixi bəlli olub
Keçən ilin noyabr ayında 2 həftə nəzarətdə saxlanıldıqdan sonra 400 milyon tümənlik mülki zəmanətlə müvəqqəti azadlığa buraxılan gənc etirazçı Nigar Dabbağinin məhkəmə iclasının fevralın 19-da keçiriləcəyi bildirilib.

Bu barədə sabiq siyasi məhbus Armita Pavirin X hesabında, eləcə də hüquq müdafiə platformalarında məlumat yayılıb.

“Nigar Dabbaği fevralın 19-da keçiriləcək olan məhkəmə iclası ilə bağlı çox narahatdır. Lütfən mümkün olduğunca onun səsi olaq. O, yalnız 17 yaşında,” Armita Pavir öz X hesabında paylaşıb.
Nigar Dabbaği özü də sosial şəbəkələrdə yaydığı bir videoda məhkəmə işi ilə bağlı açıqlama verib.

Təbrizin Ümumi və İnqilab Prokurorluğu Dabbağiyə qarşı “əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək”, “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti” göstərmək, “İslamın müqəddəslərini təhqir etmək”, “İslam Respublikasının qurucusu və rəhbərini aşağılamaq” ittihamlarını irəli sürüb.
ABŞ-da online təlim institutu kimi fəaliyyət göstərən Tavaana qrupunun bildirdiyinə görə, “Nigar Dabbaği bir müddət əvvəl ağır psxoloji basqılar səbəbindən öz razılığı ilə Təbrizdəki Razi Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.