Zəncanın Qoltuq xalçası İranın milli irs siyahısına daxil edilib

Dünən, 15:18           
Zəncanın Qoltuq xalçası İranın milli irs siyahısına daxil edilib
Milli İrs Qeydiyyatı üzrə son iclasda Zəncan vilayətinin Qoltuq kəndinin məscidində saxlanılan nadir xalça, özünəməxsus naxışları və təbii rəngləri ilə seçildiyi üçün yanvarın 26-da İranın milli irs siyahısına daxil edilib.

İSNA xəbər agentliyinin məlumatına görə, kəndin tarixi məscidində saxlanılan bu xalça, xüsusi naxışları, bitki mənşəli boyalardan istifadə və yerli əllə əyirilmiş yundan toxunduğu üçün İranın ən mühüm xalçaçılıq nümunələrindən biri hesab olunur.

Daha öncə Zəncanın Qoltuq kəndinə məxsus olan bu xalça növü dünya irsi siyahısına daxil edilmişdi. Onun dünya qeydiyyatı sənədinin təqdimetmə mərasimi 2022-ci ilin noyabrında Zəncanda bir beynəlxalq sərgidə baş tutub.

İSNA xəbər agentliyinin yaydığı məlumata əsasən, bu xalça müxtəlif ölçülərdə toxunur, sabit naxış dizaynına malikdir və yalnız rəng və zəncirdə cüzi dəyişikliklər edilir. Bicar xalçasına bənzədilsə də, fərqi toxunuş texnikası və ilmə üsuluna sahibdir. Keçmişdə əsasən bitki mənşəli və yerli boyalardan istifadə olunurdu, lakin sonralar daha dayanıqlı alman boyalarına üstünlük verilib.

Zəncanın 70 kilometr qərbində yerləşən Qoltuq kəndinin xalçası Zəncan xalçaçılıq sənətinin orijinal və milli qeydiyyatdan keçmiş nümunələrindən biri olsa da, iqtisadi problemlər və tələbatın azalması səbəbindən unudulmaq təhlükəsi ilə üzləşib.

Bu kəndin digər tarixi abidələrindən biri də Qacar dövrünə aid Qoltuq qalasının qalıqlarıdır. Söküntü halında olan bu qala kəndin cənub-qərb hissəsində yerləşir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.