Əkrəm İmamoğlunun saxlanılmasının təfərrüatı açıqlandı - “TRT Haber”

Bu gün, 12:11           
Əkrəm İmamoğlunun saxlanılmasının təfərrüatı açıqlandı - “TRT Haber”
İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb.

Trend xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Baş Prokurorluğun yaydığı bəyanatda bildirilir ki, PKK/KCK terror təşkilatının İstanbul başda olmaqla böyük şəhərlərdə təsirini artırmaq məqsədilə 31 mart 2024-cü il tarixində keçirilən bələdiyyə seçkiləri çərçivəsində "şəhər konsensusu" adlı fəaliyyət həyata keçirilib.

Terror təşkilatının rəhbərlərindən Cemil Bayık və Mustafa Karasu seçkilər öncəsi öz fikirlərini və təlimatlarını təşkilata yaxın media vasitəsilə yayımlayıblar.

Açıqlamada qeyd olunur ki, İstanbul seçkilərində İstanbul meri Əkrəm İmamoğlunun "şəhər konsensusu" prinsipi əsasında terror təşkilatının çətir strukturu olan Xalqların Demokratik Konqresi (HDK) ilə ittifaqa getdiyi barədə dəlillər mövcuddur. Bu çərçivədə, başda İstanbul olmaqla bir çox şəhərdə HDK üzvlərinə qarşı eyni vaxtda əməliyyatlar keçirilib və saxlanılan şəxslər barəsində araşdırmalar davam edir.

Məlumata əsasən, istintaqın gedişində CHP siyahısı ilə seçilmiş bələdiyyə məclisi üzvləri və təyin olunmuş bələdiyyə sədrlərindən bəzilərinin terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib.

İstintaq çərçivəsində toplanan sübutlara əsasən, İstanbul meri Əkrəm İmamoğlu, İstanbul bələdiyyəsinin baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun rəhbəri Mehmet Ali Çalışkan, terror təşkilatının ideoloji strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən və hazırda qaçqın olan A.B, onun sahibi olduğu “Spectrum House” şirkətinin əməkdaşı və 2018-ci ildə terror təşkilatının silahlı qüvvələrinə kadr cəlb etməkdə adı hallanan H.A., Şişli Bələdiyyə sədrinin müavini Ebru Özdemirin "şəhər konsensusu" fəaliyyətində əlbir olduqları bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.