Qızılbaş süvariləri
11-06-2025, 11:54

Səfəvi ordusunun fəaliyyəti əsas etibarilə sürətli yerdəyişmə və qəfil hücum taktikasına əsaslandığı üçün orduda süvari bölüklər üstünlük təşkil edirdi. Kiçik yaşlarından hərbi təlimlərə qatılan qızılbaş süvariləri atçapma, oxatma, qılınc vurma və əlbəyaxa döyüş sahələrində mükəmməl bacarıq sahibi idilər. Düzənlik coğrafiyada aparılan hərbi əməliyyatlarda onların rəqibi yox idi.
Alman səyyahı A.Oleari öz səfərnaməsində qeyd edirdi ki, 100 qızılbaş süvarisi sürət, cəldlik və yüngül silah sayəsində 400 nəfər Osmanlı süvarisinə qarşı dura bilərdi.
Moğol hərbçiləri də hərbi hazırlıq səviyyəsi baxımından qızılbaşların onlardan üstün olduqlarını etiraf edirdilər. Təsadüfi deyil ki, Böyük Moğol imperiyasının hərbi sistemində qızılbaş ordusuna məxsus meyarlar əsas alınmışdı və moğol qoşunu qızılbaş təlimçilərin yardımı ilə formalaşmışdı.
Qərb səyyahları Səfəvi süvarilərinin yəhər üstündən ox atarkən hədəfi çox dəqiqliklə nişan aldıqlarını heyrətlə təsvir edirdilər.
Mənbə: "Qızılbaş Ensiklopediyası", II cild.
Yazının müəllifi: Natiq Rəhimov.