Qərbi Azərbaycan Xronikası: "Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var" VİDEO
Dünən, 11:58

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Orta Tunç dövründə türklər Qafqazdan Altaya doğru köçüblər" adlı veriliş hazırlanıb.
Verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov qədim türklərin tarixi və mədəniyyətinin izlərindən danışıb.
O bildirib ki, türklər Ural-Altaydan Qafqaza gəlməyiblər, buradan ora köçüblər. Orta Tunç dövründə türklər Qafqazdan Altaya doğru köçüblər. Türklərin bir qismi 2000 il sonra geri, Qafqaza qayıdıblar. VII-VIII əsrdə Ata yurdlarına qayıdan ilk türklər Kimmerlər, Skiflər, Saklar olublar. Türklər qayıdanda artıq Qafqazda Urartu, Manna dövlətləri mövcud idi. Türk tayfaları yerli dövlətlərin formalaşmasında iştirak ediblər.
Onun sözlərinə görə, altun adam məzarında qab üzərindəki yazı türk tarixini dəyişdirib: "Özbəkistanda tapılan pulların üzərində ən qədim türk yazısı var. Özbəkistanda tapılan türk yazılı VI əsrə aid sikkə türk tarixini tamam dəyişdirib".
A.Seyidov deyib ki, türk dünyasında Ural-Altay nəzəriyyəsi sıradan çıxıb: "Türkiyə ərazisində protürklərə aid xeyli sayda maddi sübut tapılıb. Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var. Ən yaxşı qonaqlara atın balasını da kəsərdilər. Qərbi Azərbaycanda 6 min illik kurqanlardakı dəfn adəti türk qaydası ilə aparılıb. Tarixi dəyişəcək ən qədim türk yazısı tapılıb".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: