Yaşlı qadının şilləsi qazaxıstanlı gənci ulduz etdi - Avtobusda döyüldü, podiuma çıxdı VİDEO
Dünən, 16:58

Qazaxıstanlı gəncin avtobusda qadın tərəfindən döyülməsi onun həyatını dəyişib. Belə ki, kadrlar sosial şəbəkələrdə viral olduqdan bir gün sonra 22 yaşlı gənc ilk modellik müqaviləsini imzalayıb.
Oxu.Az bu barədə tengrinews.kz-yə istinadən xəbər verir.
Gəncin sözlərinə görə, hadisə səhər avtobusla gedərkən baş verib. İctimai nəqliyyat dolu olub və o, vaxtını keçirmək üçün telefonda şahmat oynayıb.
"Əlim keyidiyinə görə, onu digər əlimə keçirdim. Bundan sonra yanımdakı qadın bir neçə dəfə əlimə vurdu. Bu andan etibarən mən video çəkməyə başladım", - deyə o danışıb.
Kadrlardan görünür ki, qadın videoya çəkildiyini anlayanda qışqıraraq onun başına vurmağa başlayıb, yalnız digər sərnişinlərin müdaxiləsi ilə əməlinə son qoyulub.
Çingizin bu hadisəyə çox soyuqqanlı və nəzakətli reaksiya verməsi sosial şəbəkələrdə çox müsbət qarşılanıb. Videoya 6,5 milyon nəfər baxıb.
Çingiz deyir ki, videonun yayımlandığı gündən bir gün sonra, bir model agentliyinin direktoru onunla əlaqə saxlayıb.
"O, dərhal məni ofisə dəvət etdi və biz müqavilə imzaladıq. O an düşündüm ki, bəlkə də mənim şansım gəldi. Allah mənə fürsət verir", - deyə o bildirib.
Agentlikdə Çingiz müxtəlif təlimlər keçib: geyim nümayişi, aktyorluq bacarığı, kamera qarşısında iş və digər vacib məqamlar. Fotoşəkil çəkdirməkdə isə heç bir çətinlik çəkməyib, çünki o, həm də fotoqrafdır və buna görə də kadrla necə işləməyi yaxşı bilir. Sonra Çingiz dünyanın ən böyük model agentliklərindən biri olan "IMG Models"də kastinqdən keçib. Hazırda o, viza üçün sənədlər hazırlayır və ümid edir ki, sentyabrda Milan, Paris və ya Londonda keçirilən moda şousunda iştirak edəcək.
"Əgər düzünü desəm, çox təəccübləndim. Heç vaxt düşünməzdim ki, adi bir gündə, sadəcə avtobusda baş verən bir hadisə həyatımı belə dəyişəcək", - deyə o əlavə edib.
"Bir daha başa düşdüm ki, Allah mənə şans verir və mən sadəcə bunlardan düzgün istifadə etməliyəm", - deyə Çingiz sözlərini tamamlayıb.