Ərdoğanın böyük savaşına qarşı Qərbin xain kompromat qisası

9-12-2016, 18:51           
Ərdoğanın böyük savaşına qarşı Qərbin xain kompromat qisası
Hazırda Qərblə az qala istiqlal savaşı qismində mübarizə aparan Türkiyə prezidentinə növbəti zərbə təşəbbüsü “Wikileaks” saytından gəlib. Dünyada gizli yazışmaları yaymaqla məşhurlaşan sayt Türkiyə prezidentinin kürəkəni, ölkənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın olduğunu iddia etdiyi elektron məktubları yayıb.

Ümumilikdə guya son 16 ili əhatə edən 57 min məktub oğurlanaraq açıqlanıb.

Təbii ki, “Wikileaks” saytına bu cür bilgiləri Qərb paytaxtlarının xüsusi xidmət orqanları bilincli olaraq ötürürlər. Bu baxımdan, yayılan deyil, yayılması üçün hazırlanan və sayta ötürülən kompromat xarakterli məlumatların saxta olması ehtimalları yüksəkdir.

Qərb mediasının iddiasına görə, “Wikileaks” saytı vasitəsi ilə yayılan gizli maillərdə bir sıra siyasi qalmaqallar haqda məlumatlar, o cümlədən, İŞİD-lə neft ticarəti, İraqdan qanunsuz neft alınması kimi beynəlxalq qalmaqala səbəb olacaq bilgilər var.

Guya “Albayrak Powertrans” adlı şirkət vasitəsilə İŞİD-in neft ticarəti aparıldığı iddia olunur. Lakin xarici xəbərləri təqib edən hər bir internet istifadəçilərinə məlumdur ki, bu iddialar ən müxtəlif zamanlarda, xüsusi ilə də təyyarə qalmaqalına görə türkiyə ilə arası gərgin olanda Rusiya mətbuatında dərc olunub və dəfələrlə yalanlanıb.

Elektron məktublarda Albayrakın təhsili, biznes fəaliyyəti və sairlə bağlı çoxlu sayda məlumatların olduğu ilə bağlı iddialar da var.

Ancaq hələlik Berat Albayrak bu iddialara münasibət bildirməyib. Biznes fəaliyyəti və ittiham olunan şirkətlə olan bağlarını isə inkar edib. Ancaq məlum olduğu kimi, bu ittihamlar və yaranmış qalmaqalın əsas hədəfi prezident Ərdoğandır. Berat Albayrak hazırkı hökumətdə ciddi nüfuzu və təsir imkanları olan, eyni zamanda da ən çox çalışan hökumət üzvü, gənc nazirdir. Onun prezidentin qızı ilə evli olması personasını daha çox diqqət mərkəzinə çəkir. Məlum olduğu kimi, hazırda Ərdoğan Qərbin Türkiyəyə yönəlik böyük oyunlarına qarşı savaş açıb. Türkiyə ilə Avropa Birliyi və ABŞ arasında soyuq küləklər hazırda dolların ölkədə təsirinin azaldılması fəaliyyəti olaraq davam edir. Hökumət, yerli valyutanın dəyərdən düşməsini, 15 iyul çevrilişində olduğu kimi, xarici təsirlərlə izah edir, buna görə də ölkə daxilində səfərbərlik elan edərək dolların daxili bazardakı təsirini azaltmağa çalışır.

Belə bir həssas mərhələdə Ərdoğanın kürəkəninin qalmaqallı maillərinin açıqlanması, yaxud da, guya onun olması iddiası ilə belə bir məlumat toplusunun “Wikileaks” saytına ötürülməsi heç şübhəsiz ki, bir qisas əməliyyatıdır.

Türkiyə prezidentinə qarşı müxtəlif sahələrdən ciddi təzyiqlər edilir və görünən odur ki, etməkdə davam edəcək. Hazırda Türkiyənin xaricdən neft və qaz alınmasını yerli valyutalar ilə aparması təklifi var.

Əgər Türkiyənin əsas enerji tərəfdaşları Rusiya, İran və Azərbaycan bu məsələdə Ankara ilə həmrəy olarsa, nəticədə Türkiyə dollar tələbatının böyük bir yükündən azad olacaq. Bu projenin əsas aparıcısı isə enerji və təbii ehtiyatlar naziri Albayrakdır. Belə bir həssas mərhələdə Albayrak haqqında ciddi ittihamların ortaya atılması heç şübhəsiz ki, hökumətin işinə təsir edəcək, daxili siyasi atmosferi daha da gərginləşdirəcək.

Üzə çıxan, yayılan məlumatlar isə hələlik Türkiyə ictimai rəyində ciddi təsir doğurmayıb.

Hazırda Türkiyə cəmiyyətdə prezident Ərdoğanın ətrafında ciddi bir toparlanma var. Türkiyə ictimai rəyində böyük ölçüdə Qərb imperializminə qarşı mübarizə aparan hökumət və prezident obrazı yaranıb. Bu səbəbdən də xaricdən ötürülən bu şəkildə kompromat materiallar ictimai rəyə ciddi təsir etmir.
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.