Altıntaşın gizlətdiyi sirr - 155 lirə, 70 güllə...

23-12-2016, 10:14           
Altıntaşın gizlətdiyi sirr - 155 lirə, 70 güllə...
Ankarada öldürülən səfir Rusiya qəhrəmanı kimi dəfn olundu; Türkiyə hökuməti izlərin FETÖ-ya apardığını düşünür, istintaqda ən son yeniliklər

Ankarada qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dekabrın 22-də Moskvada dəfn mərasimi keçirilib. Rusiya XİN binasında keçirilən vida mərasiminə Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrovla yanaşı, yüksək rütbəli məmurlar, siyasət adamları qatılıb. Səfirin ailə üzvlərinə başsağlığı verən Lavrov mərasimdə qısa nitq söyləyib. Qeyd edək ki, bir gün əvvəl Putin Karlova Rusiya Qəhrəmanı adını verib.

Daha sonra diplomatın cənazəsi dəfn üçün “Xilaskar İsa” kafedralına aparılıb. Karlovun cənazə mərasimini Rusiya patriarxı Kiril idarə edib.

Ankara araşdırmalar və yeni detalların izində


Moskvada Karlovun dəfn işləri davam etdiyi bir vaxtda Ankarada qətlin araşdırılması Türkiyə və Rusiyadan olan ekspertlərin iştirakı ilə davam edir. “Hürriyet” qəzetinin məlumatına görə, təhqiqatçılar bütün araşdırmaları videoyazıya alır və daha sonra rusiyalı ekspertlərə təqdim edir. Bundan başqa, meyit yarılması və analizi prosesində, o cümlədən şübhəlilərin dindirilməsində Rusiyadan gələn mütəxəssislər də iştirak edib. Hadisə yeri yalnız rusiyalı istintaqçıların araşdırmalarından sonra təmizlənib. Rusların saxlanılan 11 nəfərin istintaqında da iştirak edəcəyi bildirilib.

Terrorçunun ailə üzvləri azad edilib


Türkiyə mediası səfir Karlovu öldürən polis Mert Altıntaşın ailə üzvlərinin azadlığa buraxıldığını yazıb. Mətbuat yazıb ki, Altıntaşın anası Hamdiyə və atası Esrafil Altıntaşın, eləcə də ögey bacısı, dayıları ilə bibisi Aydın Vilayət Polis İdarəsinin terrorla mübarizə şöbəsində ifadələri alındıqdan sonra azadlığa buraxılıblar.

Bu arada istintaqda bəzi yeni detallar üzə çıxıb. Məlum olub ki, sui-qəsdçi çevik polis alayı əməkdaşı Mevlüt Mert Altıntaş dekabrın 14-də Ankarada 4 ulduzlu hotelə zəng edərək 16-17 dekabr üçün nömrə sifariş edib. Ancaq səhəri günü yenidən hotelə zəng edərək sifarişini 18-19 dekabra dəyişib.

Məlum olub ki, Altıntaş dekabrın 16-da Çağdaş Sənət Mərkəzinə gedərək Gəzginlər Qrupunun sərgisində iştirak edib və Rusiya səfirliyinin keçirəcəyi sərginin dekabrın 19-da ikinci mərtəbədəki salonda olacağını öyrənib.

Qeyd edək ki, Rusiya səfirliyinin təşkil etdiyi sərginin açılış mərasimi ilə bağlı dəvətnamə dekabrın 13-də 15 jurnalist və 200-ə yaxın qonağa göndərilib.

O da məlum olub ki, Altıntaş sərgi günü kostyum və köynəyini hotel xidmətçisinə verərək təmizlənib ütüləməsini istəyib.

Terrorçu ilə atışan yol polisləri olub


İstintaqın əldə etdiyi məlumata görə, qatilə qarşı ilk müdaxiləni ərazidə fəaliyyət göstərən yol polisi əməkdaşları edib. 19.32-də salona gələn yol polisləri Altıntaşa atəş açıblar. “Təslim ol” çağırışına əməl etməyən Altıntaşla polislər arasında atışma çıxıb. İlk güllə Altıntaşın sol ayağına dəyib, ancaq terrorçu atəş açmaqda davam edib. Atışma davam edərkən əməliyyat qrupu salona daxil olub. 19.40-da Altıntaşın boynuna dəyən güllə onun yıxılmasına səbəb olub. Tibbi analizin nəticələrinə əsasən terrorçunun qarın nahiyəsinə 4, sinəsinə isə 2 güllə dəyib. Boynundan dəyən güllə isə öldürücü olub.

Qatilin üzərindən biri tapançada olmaqla, 4 güllə darağı çıxıb. Altıntaş atışma zamanı ümumilikdə 70 güllə atıb. İlk atəşdə səfirə tuşladığı 11 güllədən 9-u Karlovun bədəninə dəyib.

O da məlum olub ki, hadisə günü əvvəl polis bölməsində olan Altıntaş oradan 5 gün əvvəl sifariş etdiyi hotelə gedib. Onun üzərindən 155 lirə pul çıxıb. O da məlum olub ki, hücum zamanı geydiyi kostyumu 3 gün əvvəl alıbmış. Eyni zamanda sərgiyə getməmişən duş aldığı da istintaqa bəlli olub. O da məlum olub ki, qatil salona gedəndə şübhə yaratmaması üçün yaxasına bir qayda olaraq yüksək dövlət rəsmilərini qoruyan mühafizə polislərinin yaxalarına vurduğu nişandan taxıb. Bununla da ehtimal olunan şübhələri dağıtmaq məqsədi güdüb.
Hazırda istintaqçıların Altıntaşın telefonunun şifrəsini açmağa çalışdığı, açıldığı təqdirdə qatilin son zamanlarda əlaqədə olduğu, yaxın münasibətləri olan və cinayətdə iştirakı olan şəxslərin müəyyən oluna biləcəyi ehtimal edilir. 11 nəfərin şübhəli olaraq saxlanıldığı, ancaq bu siyahının daha da artacağı gözlənilir.

Altıntaşın cənazəsini almağa heç kim gəlməyib. Hökumət rəsmiləri cənazənin yaxın qohumlarına təhvil veriləcəyini bildiriblər.

Prezident Ərdoğan bəzi detalları açıqlayıb


Qeyd edək ki, Türkiyə hökumət rəsmiləri cinayətin FETÖ tərəfindən törədildiyini iddia edir. Səfirin qətli ilə bağlı danışan prezident Ərdoğan da bu versiyanı səsləndirib. Türkiyə prezidenti deyib ki, terrorçu F.Gülən camaatına bağlı olub. Ərdoğan deyib ki, orduda olduğu kimi polisdə də FETÖ üzvləri var və onların təmizlənməsi davam edəcək.

Əməliyyatın detalları haqda danışan Ərdoğan deyib ki, Altıntaşın əl hərəkəti əməliyyatçılarda canlı bomba şübhəsi yaratdığı üçün öldürülüb. Çünki bundan əvvəl Dolmabaxça terroru zamanı polislər məhz canlı bombanı zərərsizləşdirməyə çalışarkən partlayış baş verib və polislər ölmüşdü. Bu səbəbdən də oxşar hadisənin yaşanmaması üçün polis terrorçunu vurmağa məcbur olub.

Yenə ByLock?


Türkiyə mediası yazır ki, Mevlüt Altıntaşın FETÖ istintaqında adı gedən və əsas aktiv üzvlərdən olan 10 nəfərlə əlaqəsinin olduğu üzə çıxıb. Məlum olub ki, Altıntaşın özünün ByLock proqramında adı olmasa da, bu proqramın əsas istifadəçisi olan və FETÖ-nün əsas üzvlərindən olan 10-a yaxın insanla yaxın münasibətləri olub. Mediaya görə bu, Altıntaş kimi “kamikadzelərin” şübhə doğurmamaq üçün ByLock kimi proqramlara üzv edilmədiyinə işarədir. Bu isə onu deməyə əsas verir ki, FETÖ-nün bu tip gizli sui-qəsdçiləri ola bilər, hansılar ki, internet və mobil şəbəkədə, açıq əlaqədə olmayıb.

Xatırladaq ki, mobil danışıq proqramı olan ByLock əsasən FETÖ üzvləri arasında məşhur olub və onlar bu proqram vasitəsilə bir-biri ilə əlaqə saxlayıblar.

Altıntaş nusraçı olub?

Türkiyədə və dünyada Ankara sui-qəsdçisinin Suriyada fəaliyyət göstərən “ən-Nusra” terror təşkilatının üzvü olması ilə bağlı iddialar geniş yayılıb. Dekabrın 21-də ərəb mediasında və sosial şəbəkələrdə Karlovun qətlini “ən-Nusra” qruplaşmasının öz üzərinə götürməsi ilə bağlı açıqlama yayılıb. Ancaq sonradan qruplaşma bu məlumatı təkzib edib və yayılan sənədin saxta olduğunu açıqlayıb.

Qeyd edək ki, “ən-Nusra Cəbhəsi” və ya hazırkı adı ilə “Şamın Fəth Cəbhəsi” qruplaşması Suriyada savaş başlayanda - 2011-ci il sentyabr ayında yaradılıb, ilk dəfə 2012-ci il yanvarın 23-də adı açıqlanıb. Tam adı “Cabhat an-Nusra li-əhli-Şam”, yəni “Şam Əhli üçün Yardım Cəbhəsi” olan təşkilat “əl-Qaidə”nin Suriya qolu kimi çıxış edib. Qruplaşmanın lideri Əbu Muhəmməd əl-Culani 2013-cü ilin aprel ayında verdiyi bəyanatda məqsəd və vəzifələrinin digər islamçı qruplaşmalara dəstək vermək olduğu və “ən-Nusra”nın müstəqil bir təşkilat olduğunu bildirib. Həmin ilin noyabrında isə “əl-Qaidə” lideri Ayman Zəvahiri “ən-Nusra Cəbhəsi”ni rəhbərlik etdiyi təşkilatın Suriyadakı yeganə qanuni təmsilçisi elan edib. “Ən-Nusra Cəbhəsi” Qərb və Rusiya tərəfindən terror təşkilatı kimi tanınsa da, ərəb ölkələri və Türkiyə onu müxalif qruplaşma olaraq qəbul edir. “2014-cü il iyunun 18-də Türkiyə hökuməti Suriyada fəaliyyət göstərən ”ən-Nusra Cəbhəsi"nin adını terror təşkilatları siyahısından çıxarıb. Buna səbəb qruplaşmanın Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı savaşması göstərilib.


Ancaq Suriyada əməliyyatlara başlayan Rusiya əsas hədəflərindən biri olaraq İŞİD-lə yanaşı «Nusra»nı göstərib. Bundan sonra bu ilin yayında qruplaşma adını dəyişərək “Şamın Fəth Cəbhəsi” edib.

Türkiyə xəfiyyəsi Ankara terrorçusunun nusraçı olması iddiasını qəbul etmir. Türkiyəli müstəntiqlər hesab edir ki, bir salonda terror təşkil edən “Nusra” üzvü orada olan digər insanları da öldürməliydi. Rəsmi Ankara mediada «Nusra»nın adının hallandırılmasının hədəfin FETÖ-dən yayındırmaq məqsədi güddüyünü düşünür.musavat/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.