MHP türkçülükdən uzaqlaşır? - Azərbaycandan REAKSİYA
6-01-2017, 18:31

MHP türkçülükdən uzaqlaşır?
Son dönəmlər Türkiyədə terrorların törədilməsi, üstəgəl türk mehmetciyinin Suriyada İŞİD tərəfindən vəhşicəsinə öldürülməsi xeyli müzakirələrə yol açıb.
Türkiyənin Milliyətçi Hərəkat Partiyası əvvəlki mövqeyindən uzaqlaşıb, desək yanılmarıq. Hər zaman əsgərin, polisin sadə vətəndaşın yanında olan MHP türk əsgərinin öldürülməsinə əvvəlki kimi sərt reaksiya vermir. Sanki artıq MHP türkçülük dəyərlərindən də uzaqlaşıb.
Bəs hanı sadə xalqın, polisin, əsgərin, türkçülüyün yanında dayanan MHP?!
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında MHP-nin əvvəlki mövqeyindən uzaqlaşmasından danışıb.
“MHP qardaş ölkənin siyasi partiyasıdır. Türkiyə çox çətin imtahanla üz-üzədir. Belə olan halda Türkiyənin içində birliyə, vətəndaş həmrəyliyinə, siyasi partiyaların vahid milli mövqe nümayiş etdirmələrinə ciddi ehtiyac var. MHP-nin ümumilli mövqeyindən, öz əvvəlki durumundan imtina edəcəyini düşünmürəm.
Ola bilər ki, dövlətin daxilində bəzi məqamlar var ki, ona uyğun olaraq addımlar atılır. Atatürk xəttinə zidd mövqelər olarsa, inanmıram ki, MHP o yolda yürüsün və o yolu qəbul etsin. İstefaların başladığını bilirəm. Sadəcə, tələsmədən bu prosesin sonunu gözləmək lazımdır. Güman edirəm ki, bu əməkdaşlıq şəxsi maraqlar arxasında Türkiyənin müəyyən maraqları dayanır. MHP Türkiyənin başının üstünü alan təhlükələri görür və daxili partiya savaşlarını bir kənara qoyur”.
Sabir Rüstəmxanlı, Türkiyə ilə bağlı Qərb dövlətlərinin atdığı addıma da toxunub.
“Türkiyə dövləti bu dəqiqələrdə ağır dönəmlər keçirir. Terrorla üz-üzədir. Cənubunda savaş gedir. Ölkədə milyonlarla qaçqın var. Bir sıra Qərb ölkələri açıq-aşkar Türkiyəyə qarşı türk-islam düşmənçiliyi aparırlar.
Türkiyənin iqtisadiyyatını çökdürməyə çalışırlar. Avropa Birliyinə qəbul etmək adı ilə şərtləri zorla irəli sürüblər. Bu da bir oyundur. İstədikləri baş tutmayanda Türkiyə müstəqil addımlar atanda kənardan hücumlar çoxalır. Terror hadisələri törədilir. Ölkəni uzunmüddətli savaş ocağına çevirmək, Əfqanıstan, İraq, Suriya kimi etmək istəyənlər var”.