Tarixin açılmayan sirrləri — Moskva çarları niyə Krımın vassalı idilər?

12-04-2017, 13:20           

XVIII əsrin əvvəllərinə qədər Rusiyanın ərazisi xəritədə Tartariya kimi göstərilirdi. XV əsrin ortalarında Moskva knyazları özlərini Gəraylar nəslinin kiçik qardaşları, Krım xanlarını isə öz çarları sayırdılar. Kim idi Gəraylar nəsli? Niyə Moskva çarları məhz tatarlar olmalı idi?

teref.az “Ölkə.Az”-a istinadən bu gün bu suallara cavab axtaracaq.

Gəraylar nəsli

Gəraylar (Geraylar, Giraylar) Krımda, XV əsrin əvvəllərindən 1783-cü ilə qədər - Krım xanlığının Rusiya imperiyası tərəfindən işğalına qədər, hakimiyyətdə olmuş hökmdar sülaləsidir.

Sülalənin banisi Krımın ilk xanı olmuş I Hacı Gəraydır. O, uzun müddət Krımın Qızıl Ordadan ayrılması və müstəqilliyi uğrunda mübarizə aparıb. I Hacı Gərayın nəsil şəcərəsi barədə bir neçə versiya mövcuddur ki, bu da tarixçilər arasında mübahisələrə yol açır. Gərayların özlərinin rəsmi açıqlamalarına görə onlar Çingiz xanın nəslindəndirlər. Amma ehtimal var ki, əslində I Hacı Gəray heç də Çingiz xan nəslindən yox, əslində məşhur monqol-türk mənşəli gəraylar nəslindən idi və onun Çingiz xan nəslindən olması sonradan uydurulmuşdur.
Bu sülələnin bəzi nümayəndələri isə Kazan, Həştərxan və Qasım xanlıqlarında hakimiyyətdə olublar.

XV əsrin ortalarında Moskva knyazları özlərini Gəraylar nəslinin kiçik qardaşları, Krım xanlarını isə öz çarları sayırdılar. Eyni zamanda, Moskva knyazları hakim sülalənin himayə və dəstəyinə sahib idilər. Bundan başqa “Qızıl orda torpaqlarında vergi yığmaq” məsələsində müəyyən hüquq və öhdəliklərə sahib idilər. Bu vergilər Girayların başçısı olduğu vahid dövlətin xəzinəsinə ödənilirdi.

XVI əsrin əvvəllərində Krım Osmanlı xilafətinin bir vilayətinə çevrildi. Moskva üçün ali hökmdar İstanbul sultanı sayılırdı. Bununla belə, operativ idarəetmə hüququ əvvəlki kimi Krım xanlarına məxsus idi.

Məlumdur ki, İvan Qroznının babası III İvan Krım xanı qarşısında vassal olduğunu bildirmək üçün Giray sülaləsinə sadiqliyinə əlini İncilin üstünə qoyaraq and içib. III İvan Giraylar nəslini Çingiz xanın varisləri kimi qəbul edib. 1700-cü ilə qədər bu anda ciddi surətdə əməl edilib. Moskva Krım xanlığına öz suvereni və sahibi kimi vergi ödəyirdi.

Məşhur rus tarixçisi S.M.Solovyev bu barədə “Rus tarixi haqqında hekayələr” əsərində yazır: “Türklər dəhşətli dərəcədə yorulmuşdular və sülh müqaviləsi imzaladılar (söhbət 1700-cü ilə qədər davam edən aramsız müharibələrdən gedir-red). Sülh müqaviləsinə əsasən Azov ərazisini Rusiyaya güzəştə getdilər. Bu ərazidəki köhnə və yeni tikililər, qalalar, şəhərlər, Pyotr tərəfindən inşa edilən şəhərciklər də Rusiyanın tərkibinə qatıldı. Krım xanı isə bu vaxta qədər Rusiya tərəfindən ödənilən vergidən imtina etməli idi. Bu vergilər hədiyyə və bəxşiş adı altında ödənilirdi”.

Moskva XVI əsrin ikinci yarısında, İvan Qroznının hakimiyyəti illərində də Qızıl Orda çarları kimi Krıma vergi ödəyirdi. Amma rus imperiya tarixçiləri Moskvanın Krımdan asılılığı barədə susmağa üstünlük verirlər. Bununla da Moskvanın XVI əsrdə çarlıq kimi müstəqil yaşaması faktını təkzib edirlər.

Amma vurğulamaq lazımdır ki, Krımın vassalı olan Moskoviya üçün bu vəziyyət sərfəli idi. Krım xanları Livon müharibəsində Moskoviyaya müntəzəm olaraq hərbi və siyasi dəstək nümayiş etdirirdilər. Məhz Krımın dəstəyi ilə İvan Qroznının ordusu müharibənin əvvəlində ard-arda qələbələr əldə edirdi.

Amma 1563-cü ildən Moskoviya və Krım xanlığı arasında münasibətlər kəskin surətdə dəyişməyə başladı. 1570-ci ildə Osmanlı sultanı Süleyman Qanuni Moskoviyanın muxtariyyətinin ləğvini tələb etdi.

Tarixçi K.Valişevski “İvan Qroznı” kitabında yazır: “1563-cü ildən 1570-ci ilə qədər İvan tatar müdaxiləsinin qarşısını almağa çalışsa da, uğursuzluğa düçar oldu. Onun Naqoy və Rjevski kimi səfirləri xanın yanına möhtəşəm hədiyyələr və dostluq nitqi ilə hüzuruna getsələr də nəticə əldə edilmir. Sultan Kazan və Astraxanın geri qaytarılmasını, Moskoviya dövlətinin Porte tabeçiliyinə keçməsini tələb edirdi”.

Mərkəzin vassalından narazılığının səbəbi var idi. 1561-ci ildə Moskoviya Konstantinopol patriarxının yalançı dəvət fərmanını alır. Bu fərmanda IV İvan birbaşa Bizans imperatorlarının varisi kimi tanınırdı. Görünür bu fərman Ümumdünya Müqəddəs Kilsəsinin xəbəri və əmri olmadan ya Moskva kilsələri tərəfindən uydurulmuşdu, ya da onu pul qarşılığında Konstantinopolda uydurmuşdular. IV İvanın qədim Bizansın Kesar tituluna əl uzatma faktı 1561-ci ildə qeydə alınıb.

Təbii ki, bir neçə il ərzində Moskva knyazının bu arzusu və iddiası Krım xanına da çatdırılır. Krım xanı isə IV İvanı öz təbəqəsi sayırdı.
IV İvanın hiyləgərliyi işə yaramadı. Xan Dövlət Giray Bizans imperatoru tituluna əl uzadan inadkar fırıldaqçını cəzalandırmaq qərarına gəlir. 1571-ci ildə Krım xanının ordusu Moskoviya istiqamətində hərəkətə keçdi. Moskva knyazı Krım süvari dəstəsi ilə üz-üzə gəlir və Oka çayı ətrafında düşərgə qurur. Amma Krım xanı moskvalıları keçərək birbaşa Moskvaya güclü hücuma keçir. Moskva knyazı əvvəlcə arxasına baxmadan Yaroslav meşələrinə qaçır. Amma sonradan böyük qardaş ilə sülh danışıqlarına gəlir.

Bu hadisələr N.Karamzinin “Rusiya dövlətinin tarixi” kitabında belə qeyd edilib: “15 iyun tarixində IV İvan Moskvaya yaxınlaşır və Bratovşinada düşərgə qurur. Burada Dövlət Girayın iki çaparı onun çadırına girir. Dövlət Giray Xan Moskoviyadan böyük qalib və fateh kimi çıxanda IV İvanla səmimi söhbət etmək istəyirdi... IV İvanın böyük qardaşının, yəni Dövlət Giray Xanın keyfinin və sağlamlığının necə olması barədə sualına Xan məmuru belə cavab verir: “Bizim Çarımız sənə belə deyir: “Səni hər yerdə, Serpuxovada və Moskvanın özündə axtarmışam. İstəyirdim ki, başından tacı götürüm. Amma sən Serpuxovadan, Moskvadan da qaçdın. Heç bir kişiliyin, abır-həyan olmadığı halda Çar olmağınla fəxr etməyə cürət edirsən! Əgər səndən tələb etdiyimi verməsən, yenə qayıdacam. Sən özün, övladların və nəvələrin üçün söz verib and içməlisən!”

Rus tarixçiləri daim iddia edibləri ki, “bu vəhşi tatarlar” Moskoviyaya qarət və talan üçün gəliblər. Rus tarixçiləri Dövlət Giray Xanın hərbi səfərini izah etməkdən boyun qaçırırlar. Bu hiyləgər üsul ilə Moskva knyazları onların günahı ucbatından baş verən talanlara görə ittiham edilmirlər. Krım xanının vergi ödəyicisi-vassalını adi itaətsizliyə görə cəzalandırması faktı barədə isə rus tarixçiləri susurlar.

İvan Qroznının Dövlət Giray Xanın ətəyini öpməkdən başqa çarəsi qalmamışdı. Moskoviya knyazı sələfləri kimi özü, övladları və nəvələri əvəzinə and içib, söz verib vassallıq fərmanı imzaladı. Moskva Rüriklərinin nəsli sonuncu nümayəndəsinə qədər Ordalıların, sonra isə Krım xanlarının vassalı olaraq qalır.

Dövlət Giray Xan Moskoviyanı salamat buraxır. Çünki çar ona söz vermişdi. İvan Qroznı öz sərsəm fikirlərindən imtina etməyə söz verir (söhbət Bizans imperatorunun varisi məsələsindən gedir). Əks halda Dövlət Giray Xan ordusu ilə yenə hücum edəcəkdi.

İvan Qroznı yaxşı başa düşürdü ki, Krımın ikinci zərbəsinə Moskoviya dözə bilməyəcək. Bu səbəbdən İvan tarixdə “dəli çarın qəribə şıltaqlığı” kimi qeyd edilən məcburi və şüurlu qərar qəbul edir. 1575-ci ildə o, açıq şəkildə çar titulu-Bizans varisi titulundan və taxtdan imtina edir. Onun yerinə taxta uzaq qohumu, Qasım xanı Sain-Bulat çıxır. IV İvan isə bir neçə illik Aleksandrovsk kəndində yaşayır.
Sain-Bulat bütün qaydalara uyğun olaraq Bizans imperatoru çar titulunu qəbul edir. IV İvan isə bu müddətdə saxta titulunu itirir və sələfləri kimi Moskva knyazı adlandırılır. İvan Qroznı bu hərəkəti ilə Krım xanı və Osmanlı xəlifəsinə birinciliyə iddialı olmadığını nümayiş etdirir.

IV İvanın imperator titulundan imtinasından sonra böyük səfir heyəti bahalı hədiyyələrlə Baxçasaraya yola salınır. Bu elçi heyəti Giray Xana bütün hadisələr barədə məlumat verməli, hər şeyi izah etməli, baş verən anlaşılmazlığı aradan qaldırmalı idi.

IV İvan səfirinə tapşırdı: “Sakit davranın, tikanlı sözlərdən qaçın. Əgər Xan və əyanlar Kalita və Özbək Çarı dövrünü xatırlasalar, qəzəb nümayiş etdirməyin. Sakitcə deyin: “Qədimdə olanları bilmirik, onu Allah və siz Hökmdar görürsünüz və bilirsiniz!”

Moskvanın Rüriklər nəslinin sonuncudan əvvəlki nümayəndəsi qədimdən Çingizxan nəslindən asılı olduğunu bir daha dərk edir. Giray Xan IV İvanı olmalı olduğu yerə və sülaləyə geri qaytardı. Amma bununla belə, çox sonradan hakim rus elitası başqa tarix uydurmağa çalışır və həqiqət əvəzinə yalanı illər boyu tarix adı altında oxuculara sırıyır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.