Nazarbayevin kiril əlifbasından imtina ilə bağlı qərarının arxasında dayanan hədəflər

14-04-2017, 09:50           
Nazarbayevin kiril əlifbasından imtina ilə bağlı qərarının arxasında dayanan hədəflər
Ötən həftə Azərbaycanda səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev rəhbəri olduğu ölkənin əlifbasını dəyişir və kiril qrafikasından imtina edir. Belə ki, Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının hazırlanması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci ilədək Qazaxıstanda bütün sənədləşmələr latın əlifbası ilə aparılmalıdır. Nazarbayev deyib ki, 2018-ci ildən Qazaxıstan məktəblərində yeni əlifbanın tədrisi ilə bağlı mütəxəssislər hazırlamaq lazımdır və orta məktəblər üçün dərs kitabları çap olunmalıdır.


Prezident qeyd edib ki, alimlər və ictimaiyyətin təmsilçiləri ilə məsləhətləşmələrdən sonra 2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartı hazırlanmalıdır. 2018-ci ildən mütəxəssis hazırlığı, həmçinin orta məktəb üçün dərsliklərin çapı başlayacaq. Nazarbayevin fikrincə, bu, dilin inkişafına imkan yaradacaq, həmçinin qazax dilini müasir informasiya dilinə çevirəcək. İlk dövrlərdə ölkədə latın əlifbası ilə yanaşı kirilcədən də istifadə ediləcək.


Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2015-ci ildə ilin sonlarına qədər ölkədə latın qrafikalı əlifbaya keçiləcəyini bəyan etsə də, müəyyən təzyiqlərə görə proses yubadılırdı.


Qazaxıstanda 1929-1940-cı illərdə latın əlifbasından istifadə edilib. 1940-cı ildə kiril əlifbasına keçilməsinə dair qərar qəbul edilib.


Nazarbayevin bu addımı Rusiya politoloqlarını xüsusilə qıcıqlandırıb. Bir sıra rus politoloqlar kiril əlifbasından imtinanın Qazaxıstanda yaşayan rusları və bu ölkəni ümumilikdə Rusiyadan tədricən qoparacağını bildiriblər.
Rusiya Dilçilik İnstitutunun rəhbəri, professor Maksim Kronqauz isə Qazaxıstanın kiril əlifbasından imtina etməsinin səbəblərindən birinin Türkiyə ilə yaxınlaşmaq olduğunu deyib. Professor bildirib ki, kiril əlifbasından imtina və yeni əlifbaya keçidin siyasi səbəbləri də var. Lakin hər bir halda bu, Qazaxıstanın siyasi seçimidir və sivilizasiyaya yaxınlaşması deməkdir. Latın qrafikalı əlifbaya keçid eyni zamanda digər türk dillərinə və türkdilli xalqlara yaxınlaşmaq deməkdir.


Bir sıra ekspertlər isə hesab edir ki, Nursultan Nazarbayev Qazaxıstanın ruslaşması prosesinin qarşısını almağın yollarından biri kimi kiril əlifbasından imtina qərarı verib və qərar düzgündür. Türkdilli dövlət sırasında Türkiyədən sonra ikinci böyük dövlət olan Qazaxıstanın latın əlifbasına keçməsi ortaq türk əlifbasının hazırlanması prosesinə müsbət təsir göstərə bilərmi? Yoxsa bu, yalnız uzaq perspektivdə reallaşması mümkün olan bir məsələdir?


Bu barədə isə moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir Qazaxıstanın bu məsələdə gecikdiyinə diqqət çəkib: “Bu xəbər bizim gözlədiyimiz bir xəbərdir. Bu, çoxdan olmalı idi. Qazaxıstan bu məsələdə 20 il gecikib. Azərbaycan bu addımı 20-25 il öncə atıb. Rusların kifayət qədər çox olduğu, rus təsirinin özünü açıq şəkildə hiss etdirdiyi Qazaxıstanda belə bir addımın atılması böyük cəsarət tələb edirdi. Əslində bu addımın 20-25 il öncə atılmasına əngəl törədən maneələr bunlar idi. Bu yeniliyin tətbiqi zamanın tələbi idi. Zamanın tələbinin qarşısında isə hökumətlər, dövlətlər dayana bilmir. Bütün türk dövlətlərinin ortaq türk əlifbasına keçməsi üçün müəyyən əsasların, eləcə də ortaq terminoloji ifadələrin olması çox mühümdür. Hesab edirəm ki, bir az tez, bir az gec, bu məsələ hökmən olacaq. Bunun mümkün qədər tez baş verməsi üçün ölkədəki bütün siyasi partiyalar, vətəndaş cəmiyyətləri, vətəndaşlar bu istiqamətdə səy göstərməlidir. Çünki bu, mili və siyasi əhəmiyyətli bir məsələdir”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.