Hacı Zeynalabdinin hədiyyəsini Sultan Əbdülhəmiddən niyə gizlətdilər?- TARİX
1-07-2017, 09:52
Hacı Zeynalabdin və əfsanəvi siyasətçi Osmanlı sultanı II Əbdülhəmidlə bağlı tarixi hadisə.....
Qurani-Kərimi ilk dəfə azəri şivəsi ilə türk dilinə tərcümə etdirən Hacı Zeynalabdin olub. Hacı bu Quranı 4000 qızıl lirə dəyərində zinətli daş və almazlarla bəzədərək Yusif Ziya Talıbzadə vasitəsilə İstanbula, Sultan II Əbdülhəmidə hədiyyə olaraq göndərir.
Yusif Ziya Talıbzadə İstanbulda tacir şirvanlı Səfər bəylə birlikdə saraya gedərək Hacının hədiyyəsinin padşah tərəfindən qəbul edilməsini xahiş edir. Saraya naziri Qurana baxır və onun türkcə olduğunu anlayır. Nazir onlara “indi Sultan həzrətlərinin hüzuruna çıxıb salam verəcəksiniz. Bu zaman ancaq mən danışacağam” deyir. Sultanın hüzurunda nazir:” sultanım, Misirdən şaha layiq hədiyyə olaraq Qurani-Kərim göndərmişlər. Qəbul etməyinizi xahiş edirlər”.
Sultan Qurani Kərimi öpərək qəbul edir. Sultanın yanından çıxarkən Yusif Ziya soruşur: ”Paşam, nə səbəbdən Quranın Misirdən göndərildiyini söylədiniz?”. Nazir isə cavabında deyir: “Amandı susun, əgər xəlifeyi-müsəlman həzrətləri (Sultan Əbdülhəmin müsəlman dünyasının xəlifəsi hesab olunurdu) Qurani-Kərimin cəsarət edilərək, türk dilinə tərcümə edildiyini anlasa, qiyamət qoparar.
Sultan Əbdülhəmidə Quran bağışlayan azərbaycanlı təkcə Hacı Zeynalabdin olmayıb. Məhəmməd Əmin Rəsulzadənin atası Axund Hacı Molla Ələkbər Rəsulzadənin də çox gözəl əl qabiliyyəti olub. O, vaxtilə mükəmməl xətlə Quran kitabını başdan-ayağa əlyazma şəklində yazaraq, Osmanlı sultanı Əbdülhəmidə bağışlayıb. Əbdülhəmidin həmin Qurandan çox xoşu gəlib və onu yaşadığı sarayda saxlayıb. Hazırda həmin Quran Diyarbəkirdə muzeydə qorunub saxlanılır.
moderator.az