Ərdoğana qarşı plan: - İYİ-nin arxasındakı "kötü" kimdir?
26-10-2017, 19:44
Maral Akşənərin partiyası düzgün kadrlar və siyasi kurs götürsə, doğru fəaliyyətlər həyata keçirsə, sadəcə, Ədalət və İnkişaf Partiyası və MHP-dən deyil, ümumiyyətlə, etirazçı proses seçicilərindən də səs ala bilər.
Bu sözləri Axar.az-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin analitiki Nazim Cəfərsoy Türkiyədə yeni yaranan Maral Akşənərin İYİ Partiyası ilə fikir bildirərkən deyib. O qeyd edib ki, Maral Akşənərin partiyasını Qərbin dəstəkləməsi ilə bağlı yayılan iddialar haqda konkret faktlar yoxdur:
“Belə iddia irəli sürənlər həmin iddianı sübut etməyə borcludurlar. Türkiyədə hakimiyyəti xarici qüvvələr deyil, türk xalqı dəyişdirir. Yəni kimin hakimiyyətdə qalıb, kimin gedəcəyini türk xalqı müəyyən edir. Dolayısı ilə hansısa partiya və təşkilatla bağlı kənardan kimlərinsə belə niyyətləri ola bilər. Ancaq Türkiyədə 15 iyul hadisələri göstərdi ki, Türkiyədə xalqın istəmədiyi adam hakimiyyətdə qala bilmir. Bu, Türkiyənin demokratik sisteminin bir parçasıdır. Türkiyədə bir partiya ancaq xalqın dəstəyini aldıqdan sonra hakimiyyətə gələ bilər. Ədalət və İnkişaf Partiyası da, ondan əvvəlkilər də belə olub. Yəni İYİ Partiyası xalqın dəstəyini alsa, hakimiyyətə gələ biləcək”.
Nazim Cəfərsoy qeyd edib ki, İYİ Partiyanın xalqa təsiri çoxdur və digər partiyalara alternativ ola bilməsi ilə bağlı səsləndirilən fikirlərin müəyyən səbəbləri var:
“İlk növbədə nəzərə alaq ki, İYİ Partiyası Türkiyənin çox təcrübəli və milli mühafizəkar xəttini təmsil edən kadrlardan qurulub. Ən azından ictimai rəydə partiyanın lideri və təsirli mövqeyində ola biləcək şəxslər haqqında yaxşı rəy formalaşıb, çünki onlar Türkiyə siyasətində kifayət qədər tanınan insanlardır. Məsələn, Maral Akşənər Türkiyənin Daxili İşlər naziri olub. Ona görə də partiya haqqında səsləndirilənləri sübut edilməmiş iddialar kimi qiymətləndirirəm. Çünki Türkiyədə hər yeni partiya qurulanda rəqiblər tərəfindən ona qarşı bəzi ittihamlar səsləndirilir. İYİ Partiyası haqqında deyilənlər də bu tipli iddialar ola bilər. Xatırlayırsınızsa, Ədalət və İnkişaf Partiyası ilk yarananda da onun Qərb tərəfindən dəstəkləndiyi ilə bağlı fikirlər səsləndirilmişdi. Amma bu gün gəldiyimiz nöqtədə Qərbin Ədalət və İnkişaf Partiyasını devirmək üçün müxtəlif üsullardan istifadə etdiyi haqda məlumatlar üstünlük təşkil edir. Dolayısı ilə İYİ Partiyası ilə bağlı səsləndirilən bu iddiaları da ciddi qəbul etmirəm”.
Nazim Cəfərsoy vurğulayıb ki, İYİ Partiyasının Ədalət və İnkişaf Partiyasından və MHP-dən səs götürəcəyi ilə bağlı fikirlərin yaranması təbiidir:
“Çünki İYİ Partiyasının ritorikası və üslubu bundan ibarətdir: “Biz Türkiyədə 80 milyonun səsini qazanmaq istəyirik”. Bu partiyanı bütün türk millətinə müraciət edəcək formada qurublar. Maral Akşənərin çıxışlarından da görmək olar ki, bütün xalqın dəstəyini almaq üçün çalışır və o istiqamətdə gedir. Bu da anlaşılandır. Çünki bütün bu partiyalar hakimiyyətə gəlmək üçün mümkün qədər çox səs əldə etməyə çalışırlar. Bu çərçivədə İYİ Partiyasının da belə bir iddiada olması çox normaldır. İYİ Partiyasının həm AKP-dən, həm də MHP-dən səs götürəcəyi iddiasının iki səbəbi var: MHP-dən səs götürəcəyini ona görə iddia edirlər ki, partiyanı quranların böyük əksəriyyəti MHP-çilərdir. Partiyanın tərkibində olan əsas güclü şəxslər MHP-dən ayrılanlardır və milliyyətçi təbəqədən gələnlərdir. Onların MHP-dən ədalətsizliyə uğrayaraq ayrıldığı hesab olunur. Dolayısı ilə onlar kimi düşünən milliyyətçi təbəqənin də İYİ Partiyasının dəstəkçisi olacağı istisna edilmir.
AKP-dən səs götürəcəyi ilə bağlı iddiaların yaranmasına səbəb ondan ibarətdir ki, Türkiyədə bu partiya artıq 15 ildir hakimiyyətdədir və hazırda onun sistemində ciddi problemlər yaşanır, xalq tərəfindən müəyyən mənada tənqidlərə məruz qalır. Hətta Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan da çıxışlarında dəfələrlə bu prosesi “dəyişmək lazımdır”, “yorğunluq” şəklində ifadə edib və bununla bağlı müxtəlif addımlar da atır. 15 illik hakimiyyət yorğunluğu, həll edilməmiş müəyyən problemlər Ədalət və İnkişaf Partiyasının seçki təbəqəsindən və onun seçicilərindən də müəyyən səsin Maral Akşənərin partiyasına axmasına səbəb ola bilər”.