Baxçalı :"Davudoğlu, başa düşmədinsə, istəsən uzunqulaq göndər....."
29-08-2015, 12:32
MHP sədri Dövlət Baxçalı baş nazir Əhməd Davudoğlunu sərt şəkildə tənqid edib.
Hafta.az “Hurriyət” qəzetinə istinadən xəbər verir ki, MHP sədri baş naziri bir daha ədalətli olmağa çağırıb. D.Baxçalı Türkiyə iqtidarına müraciətində korrupsionerlərin həbs olunmasını, oğruların məhkəməyə çıxarılmasını, separatçılığın arxasında duranların aradan qaldırılmasını tələb edib. D.Baxçalı qeyd edib ki, PKK-nı silah-sursatla təmin edənlərin kim oluğunu iqtidar özü çox yaxşı bilir: "Hörmətli Davudoğlu, nə istədiyimi bilmək istəyirsən? O qədər söylədim ki, yenə də başa düşmədin. “Sözün çoxu cahilə, sözün azı arifə deyilər".
MHP sədri bildirib ki, Türkiyə hakimiyyətinin PKK ilə işbirliyinə dəvət olunması türk millətinin başının üzərini qara buludlar alması deməkdir. O, AKP-PKK işbirliyinin qeyri-qanuni olaraq Türkiyə hakimiyyəti tərəfindən elan edilməsini millətə, dövlətə xəyanət adlandırıb.
D.Baxçalı tələblərini Ə.Davudoğlunun bir daha nəzərinə çatdıraraq qeyd edib: "Biz 17-25 dekabr tarixi çərçivəsində oğruların məhkəməyə çıxarılmasını, rüşvətxorların həbs olunmasını istəyirik! Biz PKK-nı silah-sursatla təmin edən, separatçılığın geniş vüsət almasına şərait yaradan, Türkiyənin məhv olmasını istəyənlərin bizim ölkəni tərk etməsini istəyirik! Biz hakimiyyətdəki 17-25 şəxsin Türkiyəni məhv və Türk millətini yox eləmək istəyinə etiraz edirik. Konstitusiya və qanun üstünlüyünün hər kəsə aid olmasını istəyirik!”.
Daha sonra D.Baxçalı Davudoğlunu səmimi olmağa çağırıb. MHP sədri çox danışanın çox yalan danışma ehtimalı olmasını baş nazirin diqqətinə çatdırıb:
"Danışıqlar aparmaq üçün əvvəlcə səmimiyyət olmalıdır, sonra da saf bir niyyətlə danışmaq lazımdır. Anlamaq üçün dinləmək, dinləmək üçün isə səbirli olmaq lazımdır. Bəzən danışana deyil, danışdırana diqqət etmək vacibdir. “Çox söz yalansız, çox pul haramsız olmaz” - deyərlər”.
MHP sədri baş naziri məsxərəyə qoyub. O, baş nazirin əmrinə tabe olanları uzunqulaq adlandırıb: “Bizim siyasətdə olduğumuz bu müddətə qədər bizi hamı eşitdi, hamı dinlədi. Təkcə Davudoğludan başqa. Dinləmək üçün təkcə qulaqları açıb eşitmək kifayət edər. Davudoğlu saray düşkünü olduğu üçün, təbii ki, xalq, cəmiyyət, millətçilik onun üçün əhəmiyyətli də deyil. Davudoğlu, başa düşmədinsə, istəsən uzunqulaq göndər, sual işarələrini cümlələrin sonundan götürüm. Türkü anlamaq üçün əsas şərtlərdən biri də dinləməkdir”.