Türkiyə bu ölkənin işğalına imkan vermir - BƏƏ-nin hücumu
6-05-2018, 16:37
Donanması ilə Ədən körfəzini suverenliyi altına alma planını davam etdirən Birləşmiş Ərəb Əmirlikləri Somalini işğal etmək üçün hərəkətə keçib. İlk olaraq çevriliş niyyətilə paytaxt Moqadişoya milyonlarla dollar göndərən, lakin vəsait ələ keçdiyi üçün planları puç olan Əbu-Dabi hökuməti Somali ordusu üzərindəki hakimiyyətini itirdikdən sonra Yəmənin Sokotra adasını işğal edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Xəbər 7” nəşri yazıb.
BƏƏ-nin Ərəbistan yarımadasının cənubunda yerləşən Sokotra adasına beşinci hərbi təyyarəni göndərdiyi məlum olub. Əbu-Dabinin çərşənbə günü 3 hərbi təyyarəsini adaya göndərərək hava limanını nəzarətə götürməsindən sonra baş tutan yeni əməliyyatla BƏƏ-nin adadakı hərbi varlığı ikiqat yüksəlib. Yüzlərlə əsgər və 6 tankla adada yerləşən Əbu-Dabi hökuməti Sokotradakı limanın da nəzarətini ələ keçirib. Adadakı rəsmi binalardan Yəmən bayraqları yığışdırılaraq BƏƏ bayraqları və BƏƏ vəliəhdi Məhəmməd bin Zayed əl-Nəhyanın fotoları asılıb.
Vəliəhdin əmri ilə həyata keçirilən əməliyyatla ilkin mərhələdə Ədən körfəzinə nəzarətin bütünlükdə ələ keçirilməsi planlaşdırılır.
Eritreyanın Əssab, Yəmənin Mukalla, Cibuti və Somali daxilində müstəqilliyini elan edən Somalilənd bölgəsinin Berbera limanında bazaları olan BƏƏ Yəməndə baş verən qarşıdurmalar zamanı ölkənin cənubdakı separatçıları dəstəkləyərək Hadramut ərazisində qondarma dövlət yaratmaq istəyir. Ədənin tamamilə Əbu-Dabinin nəzarətinə keçməsini əngəlləyən isə Türkiyədir. Somali torpaqlarındakı türk əsgərlərinin varlığı sayəsində BƏƏ-yə meydan oxuyur.