Bakının işğaldan azad olunmasından 97 il ötür

15-09-2015, 10:49           
Bakının işğaldan azad olunmasından 97 il ötür
Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 97 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.