Ailələrin dağılmasının 1001 səbəbi meydana çıxıb - CAMAAT QƏZƏBLİDİR

20-07-2019, 10:33           
Ailələrin dağılmasının 1001 səbəbi meydana çıxıb - CAMAAT QƏZƏBLİDİR
"Efirdə əxlaqsız qadın əxlaqdan, üzdəniraq kişi qeyrətdən danışırsa, ailə institutumuz dağılmalıdır"



Xəbər verdiyimiz kimi, bu ilin 5 ayı ərzində Azərbaycanda boşanma hallarının sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddət ərzində 7082 boşanma halı qeydə alınıb. Bu da onu göstərir ki, boşanmaların sayı 1,5-dən 1,7 faizə qədər artıb.



Maraqlıdır ki, cəmiyyətin əksər hissəsi boşanma hallarının artmasından şikayətlənir, ancaq bunun konkret səbəblərini izah edən yoxdur. Boşanmaların pik həddə çatmasının əsas səbəbi kimi tək maddi problemləri də göstərə bilmərik. Çünki məmurların, həmçinin kifayət qədər maddi imkanı yaxşı olan ailələrin də boşanan övladları var. Bəs səbəb və ya səbəblər nədən ibarətdir, cəmiyyət bu barədə nə düşünür?



AYNA bununla bağlı cəmiyyətin, daha dəqiq desək, sosial şəbəkə istifadəçilərinin fikirlərini toplayıb.



İlqar Atabəyli: “Boşanmaların tək səbəbi sosial vəziyyət deyil. Çünki müharibə vaxtı və ondan sonra vəziyyət bundan pis olub. İnsanlar yarıac olublar, amma boşanmayıblar. Düzdür, sovet ideologiyası boşanmanı təqdir etmirdi. İndi isə heç bir ideologiya yoxdur, ailə institutu dağılıb. Əvvəl kişi qızını ərə verəndə deyirdi ki, "getdiyin evdən meyitin çıxsın". Yəni, "boşanma!". İndi isə deyir ki, “bir şey olsa, arxanda atan var”. Millət dəyişib. 15-20 il qabaq düşünə bilməzdik ki, kimsə verilişə çıxıb ailə problemindən, gəlinindən, qızından, arvadından danışacaq. İndi bu adiləşib. Səbəblərdən biri də texnoliogiya - telefon, internet, həmçinin narkomaniya, alkoqolizmdir: “Məsləhətsiz evləndiyi şəxsin, yerini, yurdunu bilmədən evlənmələr də səbəbdir. Məsələn, tovuzlu ilə masallıdan olan birinin evliliyi nadir halda uğurlu alınar. Çünki biri dindar və qapalıdır, o biri isə yeyib-içən. Ailələr də uyğun gəlməlidir. Kənd yerində boşanan, nisbətən azdır. Çünki hamı bir-birini tanıyır, söz-söhbətdən ar edir. Bakıda isə it yiyəsini tanımır. O cümlədən ailə saxlamağa hazır olmayan gənc oğlanlar var ki, məsuliyyəti dərk etmirlər, uzağı 6 aya bezib ayrılırlar”.



Həsən Fətəliyev: "Boşanmaq mədəniyyətdir. Əsrlər boyu kişilər qadını kölə kimi saxlayıb. İndi dövr dəyişməlidir. Başa düşməlidirlər ki, bütün dünya bunların cinsi orqanına xidmət eləmir. Boşanmaların əvvəllər sayının az olmasına səbəb qadının adının pis çıxması idi. Buna görə dözürdülər. İndi o tabu məhv edilir. Azərbaycanlılar, ümumiyyətlə müsəlmanlar seksi adiləşdirməlidir ki, normal adam kimi yaşaya bilsinlər. Bu, Sovet vaxtı niyə problem olmurdu? Çünki seksdən daha yüksək dəyərlər var idi. Pis ya yaxşı Sovet bir kult formalaşdırmışdı. İnsanlar üçün seks faciəvi olmurdu. İndi bütün millət başını itirib. Əsas səbəbi də iqtisadi problemlərdir. Pul qazanmağa çalışmaqdan mədəni inkişafa vaxtımız olmur. Xəyanət üstündə baş kəsmələr, barbarlıq hamısı buna görədir”, – deyə H.Fətəliyev vurğulayıb.



Rizvan Qənbərli: “İnsanların çoxu artıq bir-biriylə evlənmir. Evlə, maşınla, cehizlə, işlə, pulla, statusla evlənirlər”.



Anar Abutalıbov: “Bir xanim müğənni tanıyıram, dostumla eşq yaşayırlar. Dostumu ailəsindən hər cür cəhdlə boşandırmaq istəyir. Amma baxıram ki, o gün çıxıb televizorda ekspert kimi ailə dəyərlərindən danışır. Əgər fahişə çıxıb televizorda qadın əxlaqından və yaxud üzdəniraq biri kişilikdən danışacaqsa, bizdə ailə dəyərləri sarsılacaq”.



Sadiq Əliyev: “Dəfələrlə şahidi olmuşam ki, evdə, əsasən qaynana və qaynata gəlinin kiçik səhvini bağışlamayıb, hikkə ucbatından oğlunun ailəsini dağıdıb. Gəlinin uşaq olması, səriştəsizliyi, acıq edib atasının evinə getməsinə görə boşanmaya qədər gedib çıxan məhkəmə prosessi görmüşəm. Halbuki, oğlan xanımını, üşağını cox istəyirdi, boşamaq istəmirdi. Amma böyüklərini də ayağa vermirdi”.



Zahid Abbasov: "Əsas günah seriallardadır. Türk seriallarina ideal kimi baxan şəxs möhkəm ailə qura bilməz. Elə bilirlər ki, hər şey əla olmalıdır, ailədə problem yaranan kimi boşanırlar”.



Müşfiq Hüseynov: “Mənəvi dəyərlər aşınıb. Əvvəl insanlar mənəvi dəyərlərə üstünlük verirdilər, indisə hər şey maddiləşib. Heç kimin sözü heç kimin boğazından keçmir. Mən 99,9% əminəm ki, ayrıca evi, minimal maddi təminatı (yemək, geyinmək, tətil, təhsil) babat olan, sevərək evlənən cütlük heç vaxt boşanmaz. Hətta arada xəyanət də olsa belə”.



Ülkər Abdullayeva: “Son zamanlar belə tendensiya müşahidə edirəm ki qızlar üçün əsas ərə getməkdir. Əgər pullu-paralı, yaxşı gəlirli, evli-eşikli, bahalı maşını olan və s. namizəd varsa, lap yaxşı, evlənər, alınmasa, ondan nəsə qopararaq boşanar. Bir qism qızlar da var ki, "ərdə olub" yarlığını almaq üçün ərə gedirlər. Boşanandan sonra sağa-sola baş vurmaq, sərfəli müştəri çıxana qədər manevr etmək imkanları geniş olur. Müşahidə eləmişəm ki, "başı-gözü qaynayan" kateqoriyadan olan, telefon əlindən düşməyən, telefonla yatıb-duran, həyatının hər anını çəkib sosial şəbəkələrdə paylaşan xanımların çoxu cavan gəlinlərdir. Onlar telefonda, “WatsAap”da nə axtarırlar, aydın məsələdir. Eyni şeyi də kişilər haqqında demək olar. Hamı yeni münasibətlər, sevgili axtarışındadır. Möhkəm və sağlam ailə institutu getdikcə çox az adamı maraqlandırır”.



Səbinə Tağıyeva: “Bir gənc ailə var, qız da oğlan da şagirdim olub. Çox əla uşaqlardı. Valideyn məsləhətilə evləniblər, bir-birlərinə də hörmətləri var. Amma oğlan tərəf qıza zülm edir. Nələrin üstündə: Anan niyə filan qudasını filan vaxt qonaq çağırdı, mən niyə orada olmamışam? Oğlanın dayısı arvadı da ayrı hegomon, deyir ki, “qızın atası vaxtilə mənim qardaşımı vurub, qoymaram o qız orada ev-eşik ola”. Qaynananın məktəbdə işi düz gəlmir, gedib gəlini söyür. Axırda oğlan arvadını götürüb çıxdı evdən, hədə-qorxuyla qaytarıblar evə. Qızın anası oğlanın anasının ayağına qapanıb ki, qızıma zülm etmə. Yazıq qız dərddən elə gündə ki... Boşansa, yaxşı deyilmi?”



Mahir Aşurov: “İndiki gənclərin çoxu küçədə tanış olur və evlənməyə qərar verirlər. Bir-birilərini o qədər də tanımırlar. Ailə problemləri ortaya çıxan kimi də boşanırlar. əvvəllər elçiliyə hörmətli ağsaqqallar gedərdilər, təzə evlənənlərə zamnin durardılar ki, sabah problem olmasın. İndi özü alır, özü də boşayır”.



Rafail Ağayev: “Məncə, valideyn də bir az ciddi olmalıdır. Əvvəllər qızın atası oğlan toyuna getmirdi. Getsə də, oynamırdı, indi ortalıqdan çıxmır. Ona görə də oğlan gedir, orda-burda veyillənir, heç kəsdən qorxusu olmur”.



Lalə İsmayılova: “Cinsindən asılı olmayaraq hər kəs 25+ yaşda evlənməlidir. Evliliyə hazır olmadan evlənəndə axırda ayrılığın olması təəccüblü deyil”.



Teymur İsmayılov: “Səbəblər - texnologiya, xəyanət, “get, arxanda durmuşam” fikri, qadınların 5 manat qazanan kimi, “əri neynirəm”, “özüm öz ayağım üzərində dayanıramsa, niyə özümü məhdud çərçivəyə sığdırım”, "özüm özümün ağasıyam” düşüncələridir. Qadın boşananda da yaşayış yeri ilə təmin olunur, aliment alır. İndiyədək nədənsə kasıbçılığa görə ayrılanları xatırlamıram”.



İlkin Babayev: “Evlilik özünü qarşı tərəfə fəda etməkdir. Nəyisə edəndə qarşılıq gözləmədən etməkdir. Evlənərkən eqonu nikah masasında qoymalısan. Təəssüf ki, belə etmirlər”.



Ülviyyə Hacıyeva: “Əsas səbəb evli cütlüklərin bir-birini başa düşməməsidir. Yəni, xarakter uyğunsuzluğu. Azərbaycanda, eləcə də dünyanın hər yerində boşanmaların əsas səbəbi xəyanət, şiddət və yola getməməkdir”.



Aylin Həsənova: “İnsanlar da, xarakterlər də dəyişib. Əsas səbəb odur ki, böyük-kiçik yoxdur, hamı özünü böyük, ağıllı sayır. Məncə, dünyada hər şeydən önəmli ailədir. Doğrudan da, həyat yoldaşı insanın yarısıdır, düzgün tapdınsa, bütövləşirsən. Vay halına, ömür boyu yarım qalasan”.



Aynur İsmayılova: “Çünki insanlar indi başa düşürlər ki, ailədə bədbəxt yaşamağa məcbur deyillər, boşanıb canlarını qurtarırlar. Əvvəllər isə dözməyə, boyun əyməyə məcbur edilirdilər. Bunlar dövrün gətirdiyi tələblərdir, kinolardan, seriallardan asılı deyil. Oxumuş qızı kəndə ərə verirlər, tələb edirlər ki, dözsün. İndiki zamanda insanlar azadlığını əlinə ala bilir, ata mühafizəkarlığı bir qədər arxa plana keçir”.



Kəmalə Mahmudova: “Təbəqələşmə, gündəlik yaranan stress, kirayədə sürünmək və sair səbəblər”.



Fidan Əhmədova: “İndiki oğlan ailələri baxıb görəndə ki, qız evi bir az acizdir, təpiyi qoyurlar gəlinin boğazına. Gəlinin başına itin zülmünü açırlar. Ailə var ki, evdə 22 yaşlı subay, heç yerdə işləməyən baldız var. Evin bütün işini atırlar işləyən gəlinin üstünə. Qız evi nə qədər çox sakit olsa, oğlan evi bir o qədər çox qudurur”.

Müəllif: Rumiyyə Miraslan 20 İyul 2019 10:27












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.