Ucuz neft təlaşı: Manat üçün qırmızı xətt haradadır? - TƏHLİL

21-10-2019, 09:14           
Ucuz neft təlaşı: Manat üçün qırmızı xətt haradadır? - TƏHLİL
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund - IMF, BVF) neftin qiymətinin bir neçə il ərzində azalacağını proqnozlaşdırır.

İMF-nin dərc etdiyi hesabata görə, Fondun mütəxəssisləri əmindirlər ki, neft qiymətlərinin 60 ABŞ dolları səviyyəsində olması tələbatın artması səbəbindən deyil, müəyyən amillərlə əlaqədardır. Bu cür qiymətlərin heç bir fundamental əsası yoxdur. “Neftin qiymətlərinin yuxarı səviyyədə saxlanılması İrana qarşı tətbiq edilən sanksiyalar və Venesuelada hasilatın rekord səviyyədə azalması ilə bağlıdır.

Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumu da bura əlavə etmək olar, lakin burada artım heç iki həftə belə davam etmədi”, - deyə Fondun hesabatında qeyd olunub. IMF-in iqtisadçılarının proqnozlarına görə, gələn il "qara qızıl"ın bir barelinin orta qiyməti 60 dollardan bir qədər aşağı olacaq, 2023-cü ildə isə 55 dollara enəcək. Bundan əlavə, Fond hesab edir ki, OPEC+ sövdələşməsinin iştirakçıları öhdəliklərini tam şəkildə yerinə yetirməyəcək və bu da tədarükün artmasına və nəticə etibarilə qiymətlərə təzyiq göstərilməsinə səbəb olacaq. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı neftdən gələn gəlirlərdən asılı vəziyyətdədir. Eləcə də ölkənin ixrac potensialı aşağı səviyyədə olduğu üçün milli valyutamızın dəyərini müəyyən edən başlıca amil neft amilidir.

Növbəti illərdə neft qiymətləri ucuzlaşarsa, bunun milli valyutaya nə kimi təsirləri ola bilər? Ümumiyyətlə, dünya bazarlarında neftin hansı qiymət həddi Azərbaycan üçün təhlükə hesab oluna bilər?

İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında ilin əvvəlindən oktyabr ayına qədər neft qiymətlərində 1,1 faiz bahalaşma olduğunu, oktyabrın ikinci yarısından isə 5,7 faizə qədər azalma müşahidə olunmağa başladığını qeyd edib:

“Ötən həftə London birjasında “Brent” markalı neftin 58.11 dollara satılması müşahidə edildi. Bu əslində, Azərbaycan üçün əlverişsiz situasiya deyil. Azərbaycan üçün neftin qiyməti ilə bağlı “qırmızı xətt” 40 dollardır. Faktiki olaraq, gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan nəzərdə tutulur. Amma bu il “Brent” markalı neft 55 dollardan aşağı satılmayıb”.

İqtisadçı deyir ki, neftin qiymətində olan enib-qalxmalar bu qiymətlərdən asılı olan Azərbaycan büdcəsinə birbaşa təsir edir:

“Lakin bunun ölkənin daxili maliyyə bazarlarına təsir imkanları minimum səviyyədədir. Neft qiymətinin aşağı düşməsi ölkənin birbaşa investisiya xərclərinin və ya nəzərdə tutulmuş investisiya yatırımlarının azalmasına səbəb ola bilər, amma sosial təminat sahəsində hər hansı təxirəsalmadan söhbət gedə bilməz. Neftin qiymətinin düşməsi nəzərdə tutulan proqnozlar üzrə dövlət büdcəsinə daxilolmalarda müəyyən azalma və kəsirlər yarada bilər, amma əmək haqları və ya hər hansı bir sosial ödənişlərlə bağlı problem yaratmır”.

İqtisadçı deyir ki, hazırda neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi başlıca hədəf olaraq götürülür:

“Cənab Prezident İlham Əliyev də müşavirədə dedi ki, cari ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı 1,4 milyard manata yaxın vəsait ayrılıb, bu vəsaitlərin gələcək üçün rentabelli, dönərli olması dəyərləndirilməlidir. Təəssüf ki, bəzi dövlət qurumları, xüsusilə də Maliyyə Nazirliyi ayrılmış vəsaitlərin ümumdaxili məhsulun artımına nə qədər təsir etdiyinin hesablayıb, ortaya qoya bilmirlər”. Razi Abbasbəylinin sözlərinə görə, ölkədə devalvasiyanın baş verməsi, manatın dəyərdən düşməsi neftin qiymətinin 40 dollardan aşağı düşməsindən sonra müzakirə predmetidir: “Bundan başqa Azərbaycanda “üzən məzənnə” siyasəti tətbiq edilib. Mərkəzi Bankın bütün koridorlar üzrə açıq elan etdiyi məzənnə əslində, bürokratik “üzən məzənnədir”. Bank bu şəkildə Azərbaycan manatını xarici və daxili təsirlərdən qorumaq məqsədilə bir sıra addımlar atır. 2019-cu ilin yanvar ayından bu günə qədər Azərbaycanda satışa çıxarılan xarici valyuta hərraclarında qiymət dəyişmir. Bunun səbəbi Azərbaycanın maliyyə və bank sektorunda xarici valyutanın alğı-satqısında həqiqi “üzən məzənnə” siyasətinin tətbiq olunmamasıdır. Azərbaycanda xarici valyutanın dəyərinin bahalaşması, manatın devalvasiyası ilə bağlı real müzakirələrin ortaya çıxması o zaman mümkündür ki, həqiqətən ölkədə “üzən məzənnə” rejimi tətbiq olunsun. Amma bu gün “üzən məzənnə” kağız üzərində həyata keçirilir”.

İqtisadçı bir məqamı da qeyd etdi ki, dünya birjalarında BVF-nun proqnozları etibarlı proqnoz kimi qəbul edilmir:

“Dünyada baş verən siyasi proseslər o qədər sürətlə dəyişir ki, neftin qiymətinin 100 və ya 30 dollar olacağını heç kim müəyyən edə bilmir. Neftin qiyməti həftəlik, ən yaxşı halda, iki həftəlik proqnozlaşdırıla bilər və hazırda mövcud situasiya Azərbaycan üçün əlverişlidir, manat üçün hər hansı təhdid yaratmır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.