Azərbaycanda gənci evindən oğurladılar, meşədə ləyaqətini alçaltdılar - TƏFƏRRÜAT

12-11-2019, 12:45           
Azərbaycanda gənci evindən oğurladılar, meşədə ləyaqətini alçaltdılar - TƏFƏRRÜAT
Xaçmaz rayonunda işgəncə verməkdə ittiham olunan 1984-cü il təvəllüdlü Xankişi Ağayev və 1966-cı il təvəllüdlü Məcid Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xaçmaz rayon sakini Elşən Məmmədov Xankişi Ağayevin qeyri-rəsmi münasibətdə olan arvadına onunla görüşməyi təklif edib.

Bundan əsəbiləşən Xankişi Ağayev qohumu Məcid Zalovla birlikdə Elşən Məmmədovun həmin kənddə yerləşən evinə gəliblər. Onlar bu səbəbdən mübahisə ediblər.

Daha sonra qohumlar Elşən Məmmədovu yaşadıqları Köhnə Xaçmaz kəndində yerləşən meşənin kənarına aparıblar. Orada Elşən Məmmədovun əl-qolunu kəndirlə bağlayıb, sonra ona işgəncə veriblər.

Onlar Elşən Məmmədovun ləyaqətinin alçaldan hərəkətlər də ediblər.

İstintaq orqanı tərəfindən Xankişi Ağayev və Məcid Zalovun barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə)maddəsi ilə ittiham elan edilib.

Xaçmaz rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan zərərçəkmiş Elşən Məmmədov apelyasiya şikayəti verib. O, Xaçmaz rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, işin yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını istəyib.

Zərərçəkmiş qeyd edib ki, ona qarşı cinayət əməli törədən dəstənin digər üzvləri – Saday Ağayev və Tərlan Haşimov məsuliyyətdən kənarda qalıb. O, həmin şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyib.

Elşən Məmmədov əlavə edib ki, prokurorluq tərəfindən təqsirləndirilən şəxslərə verilən maddə ilə ittiham həddindən artıq yüngül olub. O, həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilməsini istəyib.

Elşən Məmmədov qeyd edib ki, təqsirləndirilən şəxslər və məsuliyyətdən kənarda qalan iki nəfər onu gecə saatlarında evindən oğurlayıblar, meşə sahəsinə aparıblar: “Orada birlikdə məni döydülər. Huşumu itirəndən sonra məni ölmüş bildilər, oradan getdilər. İstintaq orqanı tərəfindən də, birinci instansiya məhkəməsi tərəfindən də qeyd etdiyim hallar araşdırılmayıb”.

Məcid Zalov və Xankişi Ağayev də apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzanın yüngülləşdirilməsini xahiş ediblər.

Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Xankişi Ağayev və Məcid Zalovun apelyasiya şikayətləri təmin olunub. Hər iki təqsirləndirilən şəxsin cəzası 1 il 7 ay 10 gün müddətinə endirilib. Onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması barədə təqdim olunan ərizəyə əsasən onun apelyasiya şikayətinə baxılmasına xitam verilib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.