Rəsmi etiraf: Dünənki döyüşlər Azərbaycana məxsus UAZ avtomobilinə atəş açılmasıyla başlayıb

13-07-2020, 09:46           
Rəsmi etiraf: Dünənki döyüşlər Azərbaycana məxsus UAZ avtomobilinə atəş açılmasıyla başlayıb
Azərbaycan Müdafiə Nazirliyi dünən Tovuz rayonunun Ermənistanla sərhəd bölgəsində başlayan döyüşlərin düşmən tərəfin hücumlarıyla başladığını bildirir. Ermənistan Müdafiə Nazirliyinin məlumatlarında isə bu fakt inkar edilsə də, hadisənin detalları barədə irəli sürülən iddiaları incələyəndə əsl həqiqət və Azərbaycan tərəfinin haqsız olmadığı üzə çıxır.

Ovqat.com-un məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan erməni mediasına verdiyi açıqlamada döyüşlərin başlama səbəblərinə bu cür aydınlıq gətirib:

“İyulun 12-də saat 12: 30-da UAZ avtomobilində hərəkət edən Azərbaycan qoşunları Ermənistanın Tavuş vilayəti istiqamətində dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənilərin xəbərdarlıq atəşindən sonra Azərbaycan əsgərləri öz maşınlarını atıb mövqelərinə geri çəkiliblər. Bundan sonra Azərbaycan qoşunları yenə də erməni mövqelərini ələ keçirməyə və artilleriya atəşini açmağa çalışıblar”.

Stepanyanın bu sözlərindən də aydın olduğu kimi döyüş ermənilərin Azərbaycana məxsus UAZ markalı avtomobilini atəşə tutmasıyla başlayıb. Açıqlamada həmin nəqliyyat vasitəsinin erməni sərhədlərini pozmağa cəhd göstərdiyi bildirilsə də, bu, sadəcə özünə bəraət qazandırma cəhdi təsiri bağışlayır. Zira UAZ hərbi texnika deyil ki, Azərbaycan onunla hücuma keçmək istəsin. Milli ordumuzun erməni mövqelərinə hücum etmək niyyəti olsa idi, bunu, sözsüz ki, ağır hərbi texnikalarla başladardı. Görünən budur ki, Azərbaycan hərbi qüvvələri adi post dəyişiklikləri apararkən erməni hücumuna məruz qalıb və buna qarşılıq verilib.

Qərb sərhədlərimizdəki postların erməni mövqeləriylə yaxın məsafələrdə yerləşdiyini nəzərə alsaq, Şuşan Stepanyanın açıqlamasını düşmən tərəfin hücumun məsuliyyətini öz üzərinə götürməsi kimi də anlamaq olar. Çünki Şuşan Stepanyanın özü də Azərbaycan tərəfinin Ermənistan sərhədlərini pozmadığını, sadəcə buna cəhd etdiyini bildirir. Həmin bölgədəki iki tərəfin postları bir-birinə yaxın olduğundan istənilən rutin hərəkət sərhədləri pozmağa cəhd kimi qiymətləndirilə bilər. Bu fakt bir daha təsdiqləyir ki, Ermənistan rəsmiləri Azərbaycan mövqelərinə başlatdıqları hücuma bəhanə uydurmaq üçün fantaziya güclərini işə salıblar.

Dünənki döyüşlərin UAZ avtomobilinə hücumla başlaması həm də onu göstərir ki, ermənilər əslində həmin bölgədəki postlara rəhbərlik edən Azərbaycan zabitini hədəfə almaqla təxribata can atıblar. Çünki UAZ avtomobilləri adətən hərbi komandirlərə məxsus olur.

Qeyd edək ki, Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Tovuz rayonu arasındakı sərhədlərdə bundan əvvəl də bənzər insidentlər baş verib. Həmin ərazilərdə zaman-zaman hətta Azərbaycan hərbçilərinin əsir götürüldüyü faktlarına da rast gəlinib. Azərbaycan ordusu hazırda gedən döyüşlərdə sərhədlərimizin yaxınlığında qurulan erməni postlarını geri çəkilməyə məcbur etməlidir. Əks halda Dağlıq Qarabağda başlayacağımız təmizləmə əməliyyatı zamanı bu ərazilər zəif nöqtəmiz kimi önümüzə çıxa bilər.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.