Düşmənin Su-25-ləri: - 5-i sıradan çıxıb, digərləri gecə uça bilmir

31-10-2020, 12:48           
Düşmənin Su-25-ləri:
Düşmənin Su-25-ləri:
Xəbər verdiyimiz kimi, oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Ordumuzun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Sentyabrın 27-dən başlayan uğurlu əks-həmlə əməliyyatından bu günə qədər düşmənin 5 hücum təyyarəsi sıradan çıxıb.
Hərbi ekspert Ədalət Verdiyev Azvision.az-a açıqlamasında bildirib ki, əvvəlcə düşmənin hücum təyyarələrinin qəza və məhv edilmələrinin baş verdiyi saatlara diqqət etmək lazımdır.

Onun sözlərinə görə, Ermənistan ordusunun Su-25-lərdən istifadə faktları, onların dağa çırpılması və ya məhv edilməsi yalnız gündüz saatlarında baş verib.

"Bu ilk növbədə bizə ondan xəbər verir ki, düşmən qırıcılarının məhdud görmə şəraitində və gecə saatlarında istifadəsi mümkün deyil. Deməli, Ermənistanın Su-25 qırıcıları primitiv standart konfiqurasiyaya malikdir və onlar heç bir modernləşdirmədən keçirilməyib. Döyüş əməliyyatlarının başladığı gündən indiyə kimi Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları düşmənin 4 ədəd Su-25 təyyarəsini məhv edib, 5-ci isə qəza şəraitində dağa çırpılıb. Ermənistan döyüş əməliyyatları başlayandan bu günə qədər 5 ədəd Su-25 qırıcısı itirib. Onlardan birincisi sentyabrın 29-da baş verib. Erməni tərəfi həmin Su-25-in Türkiyənin Azərbaycanda olan, lakin münaqişə başlayandan havaya qalxmayan F-16 qırıcısı tərəfindən məhv edildiyini iddia etsə də, sonradan məlum oldu ki, həmin təyyarə rus pilot tərəfindən dağa çırpılıb. Oktyabrın 18-də Hava Hücumundan Müdafiə Qoşunlarımız tərəfindən Cəbrayıl istiqamətində düşmənin daha bir təyyarəsi məhv edildi. Hadisə saat 12:30 radələrində baş verdi. Oktyabrın 29-da düşmənin iki qırıcısı 2 dəqiqə ərzində məhv olundu. 2 qırıcı itirən düşmən pilotlu aviasiyadan istifadəyə qismən məhdudiyyətlər tətbiq etdi".

Hərbi ekspert Su-25 qırıcılarıın tarixi barədə də məlumat verib: "Sovet dövründə Su-25 təyyarələri Gürcüstanda və Buryatiyada yerləşən aviasiya zavodlarında istehsal olunub. Eksporta gedən versiyaları Su-25K modifikasiyası ilə tanınır. Bu təyyarənin ekipajı bir nəfərdən ibarətdir. Uzunluğu 15,5 metr, qanad genişliyi 14,36 metrdir. Boş kütləsi 9,800 kiloqram olan təyyarə 14,440 kiloqram maksimal yüklə havaya qalxa bilir. İki ədəd R-195 mühərriki ilə təchiz olunan təyyarənin maksimal sürəti 975 kilometrə çatır. Təyyarə 1000 kilometrə qədər məsafə qət edə bilir. Qırıcılar əsasən Əfqanıstanda, Suriyada, İran-İraq münaqişəsində və Körfəz müharibəsində geniş istifadə olunub. Körfəz müharibəsi zamanı 2 ədəd F-15C qırıcısı, 4 ədəd Su-25-i heç bir zədə almadan havada məhv edib. SSRİ bu təyyarələrdən 50 ədədini Əfqanıstana aparmışdı. Həmin müharibədə 23 ədəd Su-25 qırıcısı havada məhv edildi, 9 ədədi isə havaya qalxmadan aerodromda sıradan çıxarıldı. Döyüş tətbiqində ciddi bir nəticələri məlum deyil. Sonradan bu qırıcılar modernləşdirildi".

Ə.Verdiyev qeyd edib ki, ermənilərin modernləşdirilməyən Su-25 qırıcılarının əsas çatışmazlığı məhdud görmə şəraitində, gecələr və dumanda istifadəsinin mümkün olmamasıdır.

"Ermənistanın Su-25 hücum təyyarələri müasir idarəolunan raketlər və radioelektron mübarizə vasitəsilə təmin edilmir. Bu qırıcıların 10 ədəddən ibarət əsas partiyası 2007-ci ildə Ermənistana verilib. Ermənistanın toplam 15 ədəd Su-25 təyyarə var idi. Onlardan dördünün Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən məhv edildiyini, birinin isə qəzaya uğradığını nəzərə alsaq, hazırda Ermənistanda təmirdə və ya döyüşə hazır olan ümumi 10 ədəd Su-25 var. Bu təyyarələr əsasən Gümrüdə yerləşən 121-ci hücum aviasiya eskadriliyasında və Şirakdakı 15-ci aviabazada yerləşir. Təlim və ya döyüş zamanı təyyarələrin digər aerodromlara köçürülməsi mümkündür. Bu təyyarələrin istehsal dövründə dəyəri təxminən 10 milyon dollar hesablanırdı. Köhnə qiymətləri nəzərə alsaq 5 ədəd qırıcının itirilməsi Ermənistana ən azı pilot hazırlığı xaric 50 milyon dollar ziyan vurmuş olur. Lakin, hər bir pilotun da hazırlığı milyonlarla dollara başa gəlir. Azərbaycanı digər ölkələrdən muzdlular cəlb etməkdə ittiham edən Ermənistanın məhv edilən Su-25 pilotları arasında ən azı ikisinin rus milliyətinə mənsub olduğu təsdiq edilib".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.