Almaniyanın ən zəngin və yoxsul şəhərləri

26-04-2019, 08:03           
Almaniyanın ən zəngin və yoxsul şəhərləri
“Hans Beckler” Fondu Almaniyada birdəfəlik gəlir səviyyəsinin fərqliliyinə dair yeni araşdırma təqdim edib. Araşdırma nəticəsində məlum olub ki, Almaniyada vətəndaşların rifah səviyyəsində əhəmiyyətli bərabərsizlik mövcuddur.

Bu bardədə AzEuroNews.com–a Almaniyada fəaliyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, ölkənin keçmiş şərq və qərbi arasında olduğu kimi, cənub və şimal-qərb istiqamətləri arasında da fərqlər var.
Münhen, Frankfurt və Ştutqart ətrafında olan ərazilər hazırda Avropanın ən zəngin, şərqdəki sahələr və keçmiş sənaye şəhəri Ruhrisə isə ən yoxsullar arasındadır.
Berlin divarının təxminən 30 il əvvəl yıxılmasına baxmayaraq, şərq və qərb arasındakı gəlirlər də olduqca fərqlənir. Köhnə ADR ərazisində yalnız altı rayon və ya şəhərdə ev təsərrüfatları üçün orta illik gəlir 20 min avrodan yüksəkdir.

Müqayisə üçün bildiririk ki, qərbdə olan 324 rayonun 284-də gəlir bu məbləğdən də çoxdur.
Ümumiyyətlə, hesabat ölkənin şərq və qərbi arasındakı fərqlərin azaldığını göstərir. İndi şərq torpaqlarının sakinləri qərb bölgələrinin sakinlərinin gəlir səviyyəsinin orta hesabla 84,7% -ni qazanırlar. 2000-ci ildə isə bu göstərici 81,5% olub.
Araşdırmaya əsasən Münhendə hər ev təsərrüfatının illik qazancı 29 685 avro olmaqla Almaniyanın ən zəngin şəhəri hesab edilir. Münheni Ştutqart (25012 €), Düsseldorf (24882 €) və Hamburq (24421 €) olmaqla üç qərb şəhəri izləyir.
Berlində bu rəqəm 19719 avrodur. Köhnə sənaye şəhəri Duisburq şəhəri və ən böyük şəhərlərdən biri olan Laypçiqdə illik gəlirlər 17770 avro təşkil edir.

Münhenin cənubundakı Ştarnberq şəhərinin, Ştutqartın şimalındakı Haylbronn və Frankfurt yaxınlığındakı Hoxtovn bölgəsinin sakinləri, Avropa Birliyinin ən yüksək gəlirli ölkəsi olan Lüksemburq sakinlərinin gəlirlərindən daha çox – 30 min avrodan artıq gəlir əldə edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.