İran rejimi süqut edəcək – Rza Pəhləvi
17-01-2020, 00:01
İranlı etirazçılar rejimin süqutunun qoxusunu hiss edir, bu, zaman məsələsidir.
Sozcu.az xəbər verir ki, bunu ABŞ-da yaşayan İran şahının oğlu Rza Pəhləvi deyib.
Pəhləvi Tehrandakı rejimi qorxudan hazırkı etirazların dini-siyasi rejimi devirəcəyini söyləyib.
O, həmçinin Qərbi etirazları dəstəkləməyə və İran rejiminin normal bir hökumət kimi davranacağına dair ümidləri tərk etməyə çağırıb:
“Bu rejimin davranışını dəyişdirməyəcəyini anlamağın vaxtı gəldi”.
1979-cu il İranda baş verən inqilabdan sonra ailəsi ilə birlikdə ABŞ-a köçən 59 yaşlı şahzadə Ukrayna sərnişin təyyarəsinin vurulmasından sonra başlayan hazırkı etirazların 40 il əvvəl atasının devrilməsi ilə yadda qalan qiyamları xatırlatdığını deyib.
İran xalqının azadlıq və demokratiya arzusundan danışan, hazırda Merilenddə yaşayan Pəhləvi qeyd edib: “Təəssüf ki, tariximizdə İranda heç vaxt azad seçkilər keçirməmişik”.
Onun sözlərinə görə, beynəlxalq birlik İrandakı etirazları maliyyələşdirməlidir: “Qərb hökumətləri də öz növbələrində maksimum iqtisadi təzyiq göstərməyə davam etməlidir”.
İrandakı medianın hazırkı durumundan danışan Pəhləvi hakimiyyətin internetə mane olduğunu və ölkədə baş verən hadisələr haqda məlumat yayılmasının qarşısını almaq üçün medianın fəaliyyətini məhdudlaşdırdığını vurğulayıb.
Rza Pəhləvi 1979-cu ildə devrilən İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğludur.