ATƏT sədrinin “sehrli çubuq” söhbəti, uzanan nəticəsiz danışıqlar və...

6-12-2019, 08:53           
ATƏT sədrinin “sehrli çubuq” söhbəti, uzanan nəticəsiz danışıqlar və...
2019-cu ildə həmsədrlərin təşkil etdiyi sayca beşinci görüş 3 saatdan çox çəksə də, yenə nəticə vermədi; politoloq: “Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan artıq ”qırmız xətt"i çəkdi..."
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında növbəti görüş dekabrın 4-də, Slovakiyanın paytaxtı Bratislavada baş tutub. Bununla da nazirlər il ərzində sayca beşinci görüşlərini reallaşdırıblar. Rəsmi məlumata görə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.

Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər. Məlumata görə, Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüş zamanı atəşkəs rejiminin möhkəmlənməsi, xalqların sülhə hazırlanması və jurnalistlərin qarşılıqlı səfərlərinin davamı müzakirə olunub.

Dekabrın 5-də Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında da münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsi müzakirə mövzusu olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi tədbir “Xalqlar, dialoq və sabitlik naminə” şüarı altında keçirilir. Görüşün əsas mövzusu ATƏT məkanındakı münaqişələrin nizamlanması olub. XİN başçıları Dağlıq Qarabağ, Ukraynanın şərqindəki və Dnestryanı bölgədəki münaqişələrin həllini müzakirə ediblər.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyası üçün real risk mövcuddur”. APA-nın xəbərinə görə, bunu Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak deyib. O bildirib ki, Slovakiya ilboyu Minsk Qrupu proses çərçivəsində etimadın qurulması, gərginliyin azaldılması və dialoqu davam etdirmək istiqamətində işlər görüb. “Əgər biz münaqişələri həll etmək istəyiriksə, əvvəlcədən etimad qurma və təhlükəsizlik mühiti yaratma tədbirlərindən başlamalıyıq”, - deyə ATƏT sədri vurğulayıb.

M.Layçak ölkəsinin ATƏT-ə inandığını və bu qurumun regionu hələ də təhlükəsiz bölgəyə çevirə biləcəyini qeyd edib. “İnsanlar hələ də münaqişələrdən əziyyət çəkirlər, həyatlarını itirirlər. Bütün səmimiyyətimlə deyirəm ki, fəaliyyət müddəti başa çatan sədr kimi mənim münaqişələrin həlli üçün sehrli çubuğum yoxdur”, Layçak daha sonra əlavə edib. Eyni zamanda bildirib: “Mən çox güclü inama sahibəm. ATƏT-in münaqişələrin həlli üçün göstərdiyi səy əvəzsizdir”.

Slovakiyanın baş naziri Peter Pelleqrini isə deyib ki, ATƏT-in hələ də regionu daha stabil və təhlükəsiz etmək üçün rolu mövcuddur. “Slovakiyanın sədrliyi göstərdi ki, biz sabitliyə töhfə vermək istəyirik. İnsanlar münaqişələrdən əziyyət çəkir. Biz siyasi həll yollarını və dialoqu dəstəkləyirik”, - deyə baş nazir qeyd edib.

“Rusiya münaqişələrin oturuşmuş formatlar çərçivəsində nizamlanmalı olduğunu hesab edir”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin XİN başçısı Sergey Lavrovun Slovakiya paytaxtında keçiriləcək ATƏT XİN başçıları Şurasının iclasında iştirakı ilə bağlı yaydığı açıqlamada bildirilib (APA). Açıqlamanın ATƏT-in Cənubi Qafqazdakı münaqişələrin həllində oynadığı rol barədə olan hissəsində qurumun Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasında faydalı rol oynadığı vurğulanıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında növbəti görüş dekabrın 4-də, Slovakiyanın paytaxtı Bratislavada baş tutub ile ilgili görsel sonucu

Qeyd edək ki, ATƏT-in Bratislava toplantısından öncə Rusiya XİN başçısı Bakıda görüşlər keçirmiş və bir sıra açıqlamalar vermişdi. “Biz başa düşürük ki, çətin olsa da, kompromis üçün imkanlar var” deyən Lavrov Dağlıq Qarabağ münaqişəsinin keçmiş sovet respublikaları ərazisində ən uzunmüddətli münaqişələrdən biri olduğunu vurğulamışdı. Rusiyanın baş diplomatının “biz təşəkkür edirik ki, tərəflər Minsk Qrupunun həmsədri kimi və ikitərəfli əlaqələrdə bizim verdiyimiz təklifləri nəzərə alırlar” - sözləri diqqət çəkdi.

Məsələ burasındadır ki, faktiki olaraq danışıqlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı irəliləyiş vəd etmir, bunun əsas səbəbi Ermənistanın tutduğu destruktiv mövqedir. Ancaq belə görünür ki, Rusiya danışıqlar imitasiyasının qorunub saxlanmasında maraqlıdır, bu isə status-kvonun qorunub-saxlanmasına, işğalçının Azərbaycan torpaqlarında möhkəmlənməsinə xidmət edir.

Yeri gəlmişkən, S.Lavrovla Bakıda görüşdükdən sonra Azərbaycan XİN-in rəhbəri E.Məmmədyarov da rəsmi Bakının narahatlığını ifadə etmişdi. Qeyd etmişdi ki, “bu məsələdə irəli getmək lazımdır, nə savaş, nə də barışın olmaması bir nəticə vermir. Prosesi çətinləşdirən məqamlardan azad olmağın vaxtı çatıb”.

ATƏT çərçivəsində keçirilən görüşdən əvvəl rəsmi Bakının quruma konkret sənəd ünvanlaması da artıq “bıçağın sümüyə dirəndiyi” rəyini yaradır. Artıq mənasız və sonu görünməyən danışıqların davamı Azərbaycan tərəfini yorub, odur ki, vasitəçilərdən konkretlik tələb olunur. Hərçənd buna ümid azdır. Qarşılıqlı səfərlər davam edərkən hətta Nikol Paşinyanın arvadının təxribatçı açıqlama ilə çıxış etməsi erməni tərəfinin ümumi əhval-ruhiyyəsini ortaya qoyur.

2019-cu ildə hər üç həmsədrin ölkəsində Qarabağ danışıqları keçirilsə də, yalnız jurnalistlərin qarşılıqlı səfərləri ilə “nəticələndi”. 2020-ci ildə isə işğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilərdə işğalçıların “seçki” şousunu reallaşdırmaq planı var. Deməli, ermənilər danışıqların imitasiyasını aparmaqla sakit yolla Dağlıq Qarabağda “seçki” keçirmək istəyir və Rusiya, ATƏT də buna şərait yaradır.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında öncə Rusiya diplomatının Bakı səfərinə diqqət çəkdi: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı irəliləyişlə yadda qalmadı. Təbii ki, mətbuat üçün açıqlamada İrəvanda verdiyi açıqlamanın əksinə olaraq bəyanat verdi. Yəni Lavrovun səfəri rəsmi olduğu üçün tam protokol qaydalarına uyğun səfər kimi yadda qaldı. Cənab prezident İlham Əliyevin qəbulunda olanda Lavrovla Rusiya-Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıldı və təbii ki, münaqişənin həllində dönüş yaranmaması və bunda Rusiyanın da rolu Minsk Qrupunda təmsil olunan açar fiqur olan dövlətin xarici işlər nazirinin nəzərinə çatdırıldı. Bununla yanaşı, cənab Məmmədyarov da danışıqların dalana dirəndiyi ilə bağlı öz fikrini çatdırdı”. A.Nağıyev qeyd etdi ki, Bratislava görüşü ilə bağlı müəyyən gözləntilər olsa da, konkret bir irəliləyiş olmadı: “Çünki Ermənistan rəhbərliyinin son açıqlamaları artıq münaqişənin həllinə yönəlməyib, sadəcə olaraq, separatçıların üçüncü tərəf kimi danışıqlarda iştirakını nəzərdə tutur və bilərəkdən edilir. Məlumdur ki, Azərbaycan bu təklifi qəbul etməyəcək və bu, status-kvonu saxlamaq üçün ermənilərin daima yürütdüyü siyasi gedişlərdir. Zənnimcə, həm Rusiya, həm də regional aktorlar və təbii ki, ATƏT-in digər həmsədrləri bunun nə ilə nəticələnə biləcəyini düşünməlidirlər. Əks halda, onlar bütün baş verə biləcək hadisələrə görə birbaşa cavabdehlik daşıyacaqlar!”

A.Nağıyevin fikrincə, əsas məsələ ondan ibarətdir ki, Azərbaycan artıq “qırmız xətt”i çəkdi: “Bratislavada ATƏT XİN başçılarının iclasında da əsas mövzu ATƏT məkanındakı münaqişələrin həlli oldu. Məhz bu görüşdən sonra da artıq yenə deklorativ bəyanatlar verilsə, deməli, tam şəkildə danışıqlar dalana dirənib. Azərbaycanın təklif etdiyi bütün məqamlar, istər Vyana protokolları, istər Paris və Sankt-Peterburq görüşləri, Kazan protokolları, yaxud Madrid prinsiplərində öz əksini tapıb. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyüdür. Ərazi bütövlüyünün təmin olunması üçün ilkin olaraq işğalçı qoşun torpaqlarımızdan çıxarılmalı, digər proseslər davam etməlidir. Bu toplantıdan öncə hətta BMT qətnamələri ilə bağlı da geniş müzakirələrə səbəb ola biləcək mühüm sənəd təqdim olunub. Bundan sonra Minsk Qrupunu təmsil edən dövlətlər, eyni zamanda ATƏT-ə üzv dövlətlər yenə də saxta bəyanatlarla yadda qalacaqlarsa, bu, artıq Azərbaycanın ərazi bütövlüyünə təhdid deməkdir. Məlumdur ki, bunun sonu istər qlobal şəkildə, istərsə də regional şəkildə hərbi qarşıdurmaya gətirib çıxara bilər. Bunu ATƏT dərk etməli və bu istiqamətdə müvafiq addımlar atmalıdır”.

Politoloq bir məqamı da xüsusi vurğuladı: “Erməni separatçılarının keçirmək istədiyi ”seçkilər"lə bağlı ATƏT-ın birmənalı mövqeyi olmalıdır. Yəni bu, nə seçkidir, hansı beynəlxalq hüquq normalarına söykənir və s. Bu, tək ermənilərin şıltaqlığı və yaxud “Qarabağ kartı”ndan istifadə olunması ilə bu məsələnin üstündən keçmək olmaz. Ona görə də çox ciddi müzakirələr aparılmalı, beynəlxalq hüquq normalarına söykənməklə ortaya konkret mövqe qoyulmalıdır".

Bu məqamda Rusiya mediasının yazdıqlarını da diqqətdən kənara qoymaq olmaz. “Kommersant” yazır ki, Rusiya xarici işlər nazirinin Bakıya son səfəri zamanı digər məsələlərlə yanaşı, Azərbaycanla Ermənistanın “kiçik addımlarla” yaxınlaşmasına dair plan da müzakirə olunub. Virtualaz.org qeyd edir ki, qəzetin əməkdaşı Lavrovu Bakıya səfərdə müşayiət edib. “İlham Əliyevlə və Elmar Məmmədyarovla danışıqlar zamanı Lavrov Rusiyanın tərəfləri humanitar sferada ”kiçik addımların" köməyi ilə yaxınlaşdırmağa dair aprel təkliflərini də müzakirə edib. Bu planın bir hissəsi artıq reallaşıb: noyabr ayında uzun illərdən sonra ilk dəfə jurnalistlərin qarşılıqlı səfəri baş tutub" - məlumatda deyilir.

Nəşr qeyd edir ki, hazırda azərbaycanlı və erməni ictimai xadimlərinin, mədəniyyət xadimlərinin və parlamentarilərin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələsinə baxılır. “Hərbi əsirlərin mübadiləsi də müzakirə olunur. Bakı buna artıq razılıq verib”, - qəzet yazır.

“Bu yöndə bəzi maraqlı düşüncələrimiz var. Razılaşma baş tutan kimi KİV-ə məlumat verəcəyik”, - deyə Azərbaycanın baş diplomatı qeyd edib. “Bu gün danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirə edilə biləcək sənəd yoxdur”. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə dair təkliflərinə münasibət bildirərkən belə deyib. Paşinyan qeyd edib ki, dəfələrlə bəyan etdiyi kimi, erməni tərəfi əvvəlcə təklif olunan tənzimləmə prinsiplərinin amplitudasının nə olduğunu başa düşməlidir (Cebhe.info). “Biz danışdıq ki, ”Madrid prinsipləri"nə aydınlıq gətirilməlidir. Təbii ki, proses davam edir, amma hələlik heç bir aydınlaşdırma əldə etməmişik. Bizə yalnız aydınlıq gətirmək yox, onları razılaşdırmaq üçün başa düşməyimiz lazımdır" - Paşinyan deyib.

Yenə də ümumi sözlər, vaxtı uzatmaq niyyəti. Vəziyyətin kövrəkliyini, deyəsən, heç cür anlamaq istəmir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.