Dəm qazından dəliklərə, yoxsa aderant maddəsinə görə ölürük - mütəxəssislər danışır

11-12-2019, 10:42           
Dəm qazından dəliklərə, yoxsa aderant maddəsinə görə ölürük - mütəxəssislər danışır
Qazdan zəhərlənmələrin səbəbləri sırasında cihazların düzgün quraşdırılmaması və əhaliyə satılan qazın tərkibi ilk yerdədir
Yayda dənizdə batırıq, qışda dəm qazı canımızı alır. Və belə ölümlərin sayı hər il durmadan artır. Azərbaycanda qış mövsümünün gəlişi ilə dəm qazından zəhərlənənlər haqda xəbərlər də bir-birini əvəzləyir. Noyabrın 27-də Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bildirir ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları pozulur, bu da dəm qazı təhlükəsi yaradır.

FHN ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün bildirir ki, qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Bu cür xəbərdarlıqlara rəğmən ölüm halları azalmır. Hər həftə ərzində qazdan zəhərlənmələr, ölüm faktları barədə informasiyalar yayılır. Rəsmilər ölümlərin səbəbini istehlakçılarda görür. Deyirlər ki, “İran sobaları”, tüstü və ventilyasiya qurğularının düzgün qurulmaması ölümə və ya şikəst olmağa gətirir.

Azərbaycanda əhalinin qaz təminatı ilə Dövlət Neft Şirkətinin nəzdindəki “Azəriqaz” İstehsalat Birliyi (İB) məşğul olur.

Kommunal xidmətlər üzrə mütəxəssis Rahim Əliyev “Yeni Müsavat”a istehlakçılara təmizlənməmiş qazın ötürüldüyünü, tüstü və ventilyasiya bacalarının yoxlanılmadığını deyib. Deyir ki, hər hansı qaz cihazının texniki göstəricilərinin yoxlanılması birbaşa təchizatçı qurumun vəzifəsidir.

“Xidmət əsas üç meyara - fasiləsizlik, təhlükəsizlik və keyfiyyətə söykənməlidir. Qazın keyfiyyəti isə ümumilikdə xidmətin keyfiyyətinə daxil olmalı, metan qazı lazımi səviyyədə təmizlənməlidir. Bu gün Azərbaycanda əhaliyə həm yerin altından çıxan təbii qaz, yəni metan, neftçıxarma zamanı istehsal edilən səmt qazı satılır. Metan qazı lazımi səviyyədə təmizlənməklə satıcıya çatdırılmalıdır. Əks təqdirdə, ölüm halları qaçılmazdır. Metan qazı səmt qazı ilə müqayisədə daha təhlükəsizdir. Səmt qazında ölümcül maddələr daha çoxdur. Bu səbəbdən bəzən məişətdə istifadə edilən qaz qırmızı rəngdə alovlanır. Yəni səmt qazı verilən ərazilərdə alov qırmızı, metan qazı olan ərazilərdə isə mavi rəngdə olur”.

Mütəxəssis İran sobalarının ölümcül olması haqda fikirlərə də toxunub:""İran sobaları" ölkəyə gətiriləndə gömrükdən keçir və üzərində uyğunluq sertifikatı olur. Yəni uyğunluq sertifikatı varsa, deməli, Azərbaycanda sobanın quraşdırılması icazəsi də var. Sadəcə, belə sobalar quraşdırılarkən bacaların quraşdırılması qaydalarına riayət olunmur. Sobadan çıxan zəhərli qazlar baca ilə binanın damından azı yarım metr hündürə ötürülməlidir. Adamlar sobanı quraşdırıb bacanı evin içində olan içi su ilə dolu vedrəyə yerləşdirirlər. Düşünürlər ki, zəhərli qazlar suda həll olacaq. Yəni bu cür absurd hərəkətlərlə özlərinin və yaxınlarının zəhərlənməsinə yol açırlar. Və ya sobadan bacanı evin çölünə ötürürlər, düşünürlər ki, vəssalam, tüstü qazları çölə getdi. Küləyin həmin bacaya dolmasını, nəticədə zəhərli qazların evinin içinə üfürülməsini ağıllarına belə gətirmirlər. Əksərən qazdan zəhərlənmələr cənub küləyinin sürətli olduğu günlərə təsadüf edir. Bunun səbəbi də tüstü bacalarının çox vaxt məhz binaların cənub hissəsinə quraşdırılması ilə bağlıdır. Bacaların təmiz və quru olması da vacibdir. Bəziləri yağış suyunun içəri daxil olmasının qarşısını almaq üçün bacanın ağzını daşla və ya dəmir parçası ilə bağlayır. Bu, havasızlıq yaradır və yanmanın qarşısını alır. Nəticədə sobada yanan qazdan əmələ gələn zəhər çölə deyil, otağa daxil olur və zəhərlənmə üçün şərait yaradır".

Rahim Əliyev deyir ki, qaz sobasında yanma prosesinin düzgün getməsini hər kəs yoxlaya bilər: “Sobada qaz yandığı halda soba isti, baca isə soyuqdursa, deməli, zəhərli qazlar otağa daxil olur. Belə halda boru mütləq uzadılmalıdır. Boru nə qədər uzun olsa, o qədər təhlükəsiz olar. Yəni sovrulma prosesi, bacadan zəhərli qaz axını daha tez təmin olunar”.

Mütəxəssis Azərbaycanda kombi sistemlərindən istifadənin geniş yayıldığını, lakin bir çox hallarda kombilərin düzgün quraşdırılmadığını deyib: “Belə qurğuları xüsusi qutuların içində yerləşdirir, hər tərəfini bağlayırlar. Bu zaman kombiyə hava axınının qarşısı alınır deyə qazın tam yanması prosesi getmir və dəm qazı əmələ gələrək ətrafa yayılır. Bu zaman da zəhərlənmə baş verə, hətta xoşagəlməz nəticələrə qədər gedib çıxa bilər. Odur ki, kombiləri bər-bəzəkli qutuların içində gizlədərkən hava axını nəzərə alınmalıdır”.

Həmsöhbətimiz qaza vurulan aderant konsentrasiyasının miqdarından artıq olması zamanı da zəhərlənmə hallarının baş verə biləcəyini qeyd edib.

Rəsmilər Azərbaycanda əhaliyə satılan qazın keyfiyyətinin 55422014 QOST-nun tələblərinə uyğun olduğunu açıqlayıblar.

Hazırda təqaüddə olan qocaman mühəndis, uzun illər Azərbaycanın qaz istismar sahəsində rəhbər vəzifələrdə çalışmış Oqtay Əliyev isə “Yeni Müsavat”a deyib ki, qazdan zəhərlənmələrin səbəbləri sırasında əsasən cihazların texniki qaydalara uyğun olaraq quraşdırılmaması, əhaliyə satılan qazın tərkibi ilk yerlədirdədir: “Təbii qaz rəngsiz, iysizdir. Bunu orta məktəbdə keçirlər. Təbii qazın tərkibinə aderant vurulur ki, iyi hiss olunsun. Aderant maddəsi təbii qaza ona görə vurulur ki, abonent qazın verilişini hiss etsin. Aderantın iyindən ərazidə qaz olması bilinir. Aderant olmayanda isə qazın iyi hiss olunmur. Təbii ki, belə halda da mənzilə qaz dolanda hiss etməsək, zəhərlənmə, hətta qazdan ölümlə nəticələnən hadisələr də meydana gəlir”.

Oqtay Əliyevin sözlərinə görə aderant sovet dövründə də, bu gün də xaricdən valyuta ilə alınır: “Aderantı o dövrdə də, bu gün də Almaniyadan alırıq. Sovet dövründə aderantın qazötürücü stansiyalarda qaza qatıb abonentlərə çatdırırdılar. Qazdan zəhərlənmə olanda Moskvadan xüsusi yoxlama gəlirdi, bizi çox ciddi şəkildə təftiş edirdilər. O dövrdə kimsənin ağlına belə gəlməzdi ki, aderantı təbii qaza qatmayıb abonentlərə ötürsün. Bu gün isə belə halların olduğunu eşidirik. Aderantın qoxusu elədir ki, qaz sızması olarsa, abonent zamanında hiss edir və qaçıb canlarını qutarırlar. Ötən ilə xəbər yayıldı ki, guya qaza aderantı çox qatıblar və zəhərlənmə baş verib. Əslində isə aderant çox bahalı maddədir, bu maddənin təbii qaza çox vurulmasına inanmıram. Aderant təbii qazda varsa, o dəqiqə hiss olunur. Yəni kimsə onun iyində dayana bilməz. Məhz bu xüsusiyyətinə görə təbii qaza qatılır ki, qaz sızması halında aderantın iyini hiss olunsun”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.