“Jurnalistlər də risk qrupuna aiddir” - tanınmış həkimlərdən SOS

4-07-2020, 10:03           
“Jurnalistlər də risk qrupuna aiddir” -
Son iki gündə AzTV-nin iki əməkdaşı koronavirusdan dünyasını dəyişib.

İyulun 1-də televiziyanın rejissoru Samir Nemətzadənin, bir gün sonra isə telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayevin virusdan vəfat etməsi xəbəri yayılıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsi rejissor Samir Nemətzadənin vəfatından sonra məlumat yayaraq bildirmişdi ki, hazırda daha 5 əməkdaş koronavirus səbəbi ilə xəstəxanada müalicə alır, 1 nəfər isə evə buraxılıb: “Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar qurum daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq, davam etdirir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bəzi mütəxəssislər AzTV-də virusa yoluxanların sayının artdığı üçün qurumun müvəqqəti olaraq bağlanılmasını və yaxud bir neçə gün dezinfeksiya edilməsini təklif edir. Bəs çıxış yolu hansı ola bilər?
Baş infeksionist Cəlal İsayev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, adı çəkilən televiziyanın bağlanılmasına ehtiyac yoxdur: “Yaxşı olardı ki, televiziyanın bütün əməkdaşlarının hamısı müayinədən keçirilsin. Həmçinin dünyasını dəyişən jurnalistlərin işlədiyi məkan, eləcə də bütün televiziya binası dezinfeksiya edilsin. Fikrimcə, bu tədbir kifayət edər”.

Baş infeksionist ümumilikdə bütün media və mətbuat əməkdaşlarının müayinədən keçirilməsini təklif etdi: “Məsələn, elə sizlər də tez-tez müsahibələr edir, redaksiyaya qonaqlar dəvət edirsiz. Sual olunur - gələn qonaqların hamısı müayinədən keçirmi? Şəxsən mən həftədə bir dəfə müayinədən keçirəm. Bəs sizin təmasda olduğunuz şəxslər yoxlanılırmı? Qonaqların da əksəriyyəti, demək olar ki, cavan şəxslər olur. Məlum olduğu kimi bəzən cavanlarda bu virusun əlaməti olmaya bilir. Ona görə də təklif edərdim ki, bütün media, mətbuat orqanlarında hərarət ölçən termometr və spirtin olması ilə yanaşı, bütün işçilər müayinədən keçirilsin. Çünki media işçiləri xüsusən risk qrupu altında olanlardır. Onlar cəmiyyətdə daha çox olur, insanlarla işləyir, təmas yaradırlar. Son vaxtlar çoxlu sayda insanlarımızı itirdik. Onların arasında çox dəyərli, qiymətli olanları da var. Bütün bunlar çox ağırdır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da qeyd etdi ki, jurnalistlər, tv əməkdaşları daha çox riks qrupunda olanlar sırasındadır: “Son vaxtlar jurnalistlərin də koronavirusdan dünyasını dəyişməsi çox acınacaqlı haldır. Ümumiyyətlə, dünya tarixi boyunca müharibələrdə, olaylarda fədakarlıq edib, dünyasını dəyişənlər arasında jurnalistlər də olub. Son bir həftədə bir neçə jurnalistin virusdan dünyasını dəyişməsi çox ağrıdıcıdır. Hər halda televiziyada, mətbuatda işləyənlərin bu virusa yoluxma riski çox böyükdür. Çünki onlar daim hadisə yerlərində, xəstəxanalarda, qapalı məkanlarda olur, reportajlar, xəbərlər hazırlayırlar. AzTV-nin dezinfeksiya edilməsi məsələsinə gəldikdə isə, düşünürəm ki, həmin məkanı 1-2 günlük dezinfeksiya etmək olar. Amma burada infeksiya mənbəyi canlı insanlardır. Yaxşı olardı ki, onlar yoxlamadan keçsin, işə daxil olarkən hərarəti ölçülsün, temperaturu olanlar işə buraxılmasın. Bəzən jurnalistlər də virusu ayaqüstü keçirir, təhlükəni hiss etmir və sonradan nəticə ağır olur”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.