“Bu adamlar öz məqsədlərinə çatmaq üçün vətəndaşı olduqları dövlətin çökməsinə razıdırlar”

8-07-2020, 09:56           
“Bu adamlar öz məqsədlərinə çatmaq üçün vətəndaşı olduqları dövlətin çökməsinə razıdırlar”
Dünya bazarında neftin qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrə təsirini göstərir. Azərbaycanın da iqtisadiyyatında neft gəlirlərinin ciddi rol oynaması bəllidir. Bu səbəbdən də Azərbaycanın düşmənləri neftin qiymətinin ucuzlaşmasından sevinirlər. Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara iki gün öncə müsahibəsində neftin qiymətinin düşməsindən danışarkən bu məsələyə toxunub. Prezident bildirib ki, neftin qiymətinin düşməsinə sevinən “bir Ermənistandır, bir də antimilli şura. Hər ikisi Azərbaycan dövlətçiliyinə düşməndir...”

Bəs digər müxalifət partiyaları neftin qiymətinin düşməsinə bu cür münasibətə necə yanaşırlar?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, dünyada neftin qiymətinin düşməsi Azərbaycan hökumətindən asılı olan məsələ deyil: “Azərbaycan hökuməti istəsə də qiymətləri yüksək saxlaya bilməz. Obyektiv səbəblərdən ölkə əhalisinin sosial vəziyyətinin aşağı düşməsinə sevinmək düşmənçilikdən başqa bir şey deyil. Neftin qiyməti dünya bazarında müəyyən olunur və indi qiymət düşüb və buna görə ölkəmizin gəliri azalıb, buna görə sevinmək yox, kədərlənmək lazımdır. Kim ki, buna sevinir, deməli, doğrudan da düşməndir”.

S.Cəlaloğlunun sözlərinə görə, bəzi adamlar belə düşünür ki, ölkədə sosial-iqtisadi vəziyyət nə qədər ağırlaşsa, xalq bir o qədər inqilab əhvalına keçəcək. Bu, tamamilə yanlış düşüncədir: “Elmi şəkildə sübut olunub ki, vətəndaşlar sosial-iqtisadi hüquqlarını müdafiə eləyərkən siyasi hüquqlarını güzəştə gedirlər. Yəni adam işsizdirsə, acdırsa ona iş, çörək veriləndə heç vaxt hökumətin dəyişməsində maraqlı ola bilməz. İlham Əliyevin dediyi o söz havadan götürülməyib. Milli Şuranın özü keçirdiyi iclasda orada səsləndirdikləri fikirlərlə əsas verib. Həmin iclasda Milli Şura üzvləri neftin qiymətinin düşməsinə görə hətta bir-birinə gözaydınlığı verirlər. Bunlar hərəkətləri ilə Prezidentə fakt veriblər.
Adama deyərlər ki, sən neftin qiymətinin düşməsinə, yəni xalqın yaşayışının aşağı düşməsinə sevinirsən? Buna sevinmək düşmənçilik deyil bəs nədir? Sabah ölkəyə meteroid düşsə, sevinək ki, göydən Azərbaycanın üstünə daş düşdü?! Nə olar müxalifət olanda, müxalifət məgər xalqın zərərinə olan hər şeyə sevinməlidir?! Əsl müxalifət xalqın yaşayışında obyektiv səbəblərdən yaranan pisləşməyə görə narahat olmalıdır. Buna sevinənlər bilməlidirlər ki, dünyanın heç bir ölkəsində inqilabı kasıblar, aclar etməyib. İnqilabları zadəganlar, varlılar edib. Neftin qiymətinin düşməsinə sevinmək mənəviyyatsızlıqdır, xalqa xəyanətdir”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, bir müddət əvvəl internet məkanında yayılan videogörüntülər özünü “milli” adlandıran qurumun rəhbərliyində təmsil olunan bir çoxlarının əslində millilikdən nə qədər uzaq olduqlarını əyani olaraq nümayiş etdirdi. Həmin görüntülərdən birinin “qəhrəmanı” olan “xanım lider” neftin qiymətinin 14 dollara düşməsini elə fərəh hissi ilə dilə gətirirdi ki, sanki nəsə çox böyük bir nailiyyət əldə ediblər.

Təəssüf ki, digərləri də onun səsinə səs verdilər. Elə təkcə bu epizod həmin “siyasilərin” əslində millilikdən və dövlətçilikdən kənar hansı zehniyyətə sahib olduqlarını bir daha sübut etdi: “Ölkə gəlirlərinin bilavasitə neftdən asılılığını bilərək, məlum vəziyyətlə əlaqədar dünya bazarında neftin qiymətinin düşməsinə sevinmək hesab edirəm ki, heç bir halda müxalifətçilik deyil və ən yumşaq sözlə ifadə etsək, öz dövlətinə düşmən mövqedə olmaq deməkdir. Bu baxımdan prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə razılaşmamaq mümkün deyil. Çünki həqiqətən də həmin dövrdə sosial şəbəkələrdə yazılanlara nəzər yetirsəniz görərsiniz ki, həmin vaxt buna yalnız ermənilər sevinirdilər. Deməli, bu adamlar öz məqsədlərinə çatmaq üçün hətta vətəndaşı olduqları dövlətin də çökməsinə razıdırlar, hətta bunu arzulayırlar da.

Bu özünü “siyasətçi” hesab edən şəxslər isə hələ də anlamırlar ki, dövlətin iqtisadi gücünün azalması, ilk növbədə, onun özünün də mənsub olduğu dövlətin sıravi vətəndaşının maddi rifah halının daha da pisləşməsinə səbəb olacaq. Bu adamlar nəyə sevindiyinin fərqində deyil. Özü də buna o adam xüsusilə sevinir ki, özü on il müddətində heç bir parametrinə görə buna layiq olmadan deputat təyin edilib və elə bu dövlətin neft gəlirləri ilə formalaşan büdcəsi hesabına Avropa turnelərinə çıxıb. Ən acınacaqlısı da odur ki, bu adamlar özlərini “müxalifət liderləri” elan edərək hələ bu zehniyyətlə ölkəyə rəhbərlik etməyi də xəyallarından keçirirlər".

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, artıq uzun illərdir Azərbaycanın büdcəsinin əsas hissəsi neft və neft məhsullarının satışından formalaşır. Təəssüf ki, neft və onun dünya bazarındakı qiyməti iqtidar-müxalifət arasındakı rəqabət və fürsət predmeti olmaqdan çıxaraq ümummilli maraq predmeti halına keçib: “Yəni bir sözlə, dövlət maraqlarımız və bir çox halda dövlət təhlükəsizliyi məsələlərimiz bu amildən asılı vəziyyətə düşüb. Və nə qədər ki, bu fakt aradan qalxmayıb və reallıqlar dəyişməyib, neftin qiymətinə daxili siyasi rəqabət kimi baxmağı doğru hesab etmirəm. Təbii ki, hazırda neftin qiymətinin kəskin ucuzlaşmasına ağılı başında olan heç bir normal siyasətçi sevinməz və sevinmir də. Çünki neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanın hazırkı iqtisadiyyatını yerlə yeksan edə və fəlakət miqyasında problemlər yaşaya bilərik. Belə bir məqama rəğmən illah da iqtidara gəlim yanaşması sağlam təfəkkür yanaşması ola bilməz. AĞ Partiya olaraq bizim əsas məqsədimiz güclü, bütöv, müstəqil və firavan Azərbaycandır. Nəyin hesabına olursa-olsun iqtidara gəlmək bizim siyasi fəlsəfəmizə yaddır. Odur ki, bir daha qeyd edirəm, AĞ Partiya neftin ucuzlaşmasına sevinməyib və sevinməyəcək”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.