Azərbaycandakı mövcud komissiyanın hansı modelin bazasında yaradıldığını müəyyənləşdirmək istəsəm də nail ola bilmədim- Qubad İbadoğlu

16-09-2020, 09:12           
Azərbaycandakı mövcud komissiyanın hansı modelin bazasında yaradıldığını müəyyənləşdirmək istəsəm də nail ola bilmədim- Qubad İbadoğlu
Sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının toplantısı olub. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib, komissiyanın katibi vəzifəsi Ramin Vəlizadəyə həvalə olunub.
Əvvəllər də belə bir Komissiya var idi, yaranandan onun ilk sədri Ramiz Mehdiyev seçilmişdi. Sədr dəyişməsə də katiblər dəyişirdi. Bir vaxtlar hazırkı kənd təsərrüfatı naziri İman Kərimov, sonra Dövlət Miqrasiya Xidmətinin hazırkı rəisi Vüsal Hüseynov, daha sonra sə Milli Məclisinin üzvü Kamal Cəfərov komissiyada katib vəzifəsində çalışıblar.
Teref.az xəbər verir ki, ADR rəhbəri Qubad İbadoğlu məqaləsini bu cümlələrlə başlayır. Daha sonra Qubad bəy yazır:
Komissiya 15 nəfər üzvdən ibarətdir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Baxın, korrupsiya ilə mübarizə komissiyasında dəyişən sədr və katibdir, komissiyanın tərkibini formalaşdırılması yenə də əvvəlki kimi qalır. Əslində isə bu komissiyanın korrupsiya ilə mübarizəyə ən böyük töhfəsi ictimai nəzarət və ya təhqiqatla bağlı olmalı idi. Bu funksiyanı həyata keçirən komissiya mərkəzi icra hakimiyyətinin, parlamentin və məhkəmənin deyil, ictimaiyyətin nümayəndələrindən təşkil edilə bilərdi.
Ən pis variantda qarışıq olardı, hazırkı tərkiblə yanaşı ora ictimaiyyət təmsilçiləri də, o sıradan QHT-lərin, mətbuatın nümayəndələrinə də daxil olardı. Əgər son kadr dəyişiklikləri ilə yanaşı, korrupsiya ilə mübarizə komissiyasında bir neçə yeri həqiqi vətəndaş cəmiyyəti institutlarına ayırsa idi, onda bu keyfiyyət dəyişikliyi kimi qiymətləndirə bilərdi. İndiki halda isə baş verən kadr əvəzlənməsi ilə nəyinsə dəyişəcəyi inandırıcı görsənmir.
Ümumiyyətlə, dünya təcrübəsində belə komissiyalar 4 modeldə təşkil olunur.
1. Universal Model, bu modeldə komissiya təhqiqat, qabaqlayıcı və kommunikasiya funksiyalarını özündə birləşdirir;
2. Təhqiqat Modeli, bu model üzrə yaradılan komissiya icra hakimiyyətinə tabe olur, yalnız təhqiqat aparır;
3. Parliament Modeli, bu modeldə komissiya icra hakimiyyətindən asılı olmayararaq parlamentdə müxalif siyasi partiyaların təmsilçilərinin də iştirakı ilə formalaşdırılır.
4. Agentliklərarası Model, Bu modeldə Komissiya ayrı-ayrılıqda fərqli dövlət orqanlarını özündə birləşdirir, lakin korrupsiyaya qarşı birlikdə mübarizə aparmaq üçün təşkil edilir.
Azərbaycandakı mövcud komissiyanın hansı modelin bazasında yaradıldığını müəyyənləşdirmək istəsəm də nail ola bilmədim. Bizdəki daha çox hibrid modelə oxşayır.
Qubad İbadoğlu
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.