Hərbiyə çağırılanların əməkhaqqı qanunauyğun şəkildə ödəniləcək - Gözünüz arxada qalmasın

1-10-2020, 10:57           
Hərbiyə çağırılanların əməkhaqqı qanunauyğun şəkildə ödəniləcək - Gözünüz arxada qalmasın
Hərbiyə çağırılan vətəndaşlarımızın əməkhaqqı qanunun tələbinə uyğun şəkildə ödənilməlidir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Qeyd edək ki, sentyabrın 28-dən etibarən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə qismən səfərbərlik elan olunması barədə sərəncam verilib. Həmin sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını təmin edir. Son günlər ictimaiyyəti maraqlandıran əsas suallardan biri, səfərbərlik dövründə hərbi xidmətə çağırılan zaman işləyən şəxslərin əməkhaqqının necə veriləcəyi, ümumiyyətlə həmin şəxslərlə əmək münasibətlərinin necə tənzimlənəcəyi ilə bağlıdır.

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Fazil Talıbov bildirib ki, Əmək Məcəlləsinə əsasən əgər işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara cəlb edilirsə, işçinin iş yeri və orta aylıq əməkhaqqı saxlanılır: "Əmək Məcəlləsinə əsasən işçinin orta aylıq əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əməkhaqqından hesablanır. Yəni son iki ayın əməkhaqqı hesablanaraq orta aylıq əmək haqqı çıxardılır və aylıq olaraq ödənilir".

F.Talıbov bildirir ki, Əmək Məcəlləsi ilə yanaşı, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda da bununla bağlı müddəa var:

"Qanuna əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində və orta aylıq əməkhaqqı saxlanılmaqla iş prosesindən azad edilirlər. Çağırış vərəqəsi aldığı gündən toplanışdan qayıdana qədər sözügedən şəxslərin əmək müqaviləsinə xitam verilə bilməz. Bu hallarda əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermək səlahiyyətinə də malikdir. Hərbi komissarlıq tərəfindən işçiyə verilən müvafiq çağırış arayışı nəzərə alınmaqla, hərbi və xüsusi toplanışa cəlb edilən işçi barədə işəgötürən tərəfindən əmrdə həmin dövrün başlanma tarixi qeyd edilir. Həmin dövrdə işçinin orta aylıq əməkhaqqının saxlanılması barədə məlumatlar göstərilir, bununla bağlı müvafiq tapşırıqlar verilməsi qanuna müvafiq olaraq həyata keçirilir".
O ki qaldı günəmuzd işləyənlərə, yaxud rəsmi olaraq heç bir yerdə işçi kimi qeyd olunmayan çağırışçılara, F.Talıbov deyir ki, dövlət bütün həssas təbəqələrə öz dəstəyini həyata keçirir: "Ən çətin məqamlarda dövlət başçısının tapşırığı ilə onların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir".

Ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyi bu məsələləri tənzimləyir: "Əgər səfərbərliklə bağlı şəxs hərbi xidmətə çağırılırsa, iş yerini itirməməlidir. Onun orta aylıq əməkhaqqının ödənilməsi təmin edilməlidir. Bu, qanunvericiliyin tələbidir. Hər bir işəgötürən buna əməl etməlidir".

A.Allahverənov onu da bildirir ki, işləyən insanların böyük əksəriyyəti özəl sektorda çalışır. Özəl sektorun isə istər-istəməz özünəməxsus nüasları ola bilər. Əgər bir şəxsin iş yerindən kənarlaşdırılması prosesi baş verirsə, o, əmək fəaliyyətini dayandırmış olur. Bu da nəticə etibarilə həmin özəl müəssisəyə mənfi təsir göstərən haldır. Bu zaman işəgötürən məcburdur ki, başqa şəxsi işə cəlb etsin. Burada hər şey yanaşmadan asılıdır:

"İstənilən halda mən işəgötürənin qanunvericiliyə uyğun davranmasını əsas tuturam. Əgər şəxs səfərbərliyə cəlb olunursa və iş yerini itirirsə, özəl müəssisə ya digər qurum olmasından asılı olmayaraq, bu faktı nəzərə almalı və həmin işçinin orta aylıq əməkhaqqının ödənilməsini təmin etməlidir. Özəl sektorda kimisə qismən işə cəlb edərək işçinin əməkhaqqının 50 faizi verilə bilər".
Ekspertin fikrincə, qanunvericilik bu məsələni elə nizamlamalıdır ki, hər hansı mənəvi aspektlərə yer qalmasın. Bizim qanunvericilikdə elə müddəalar var ki, onların işləməsi vicdan,dövlətçilik və sair elementlərin işə düşməsi ilə tamamlandıqda, heç bir əlavə müdaxiləyə ehtiyac qalmır.

"İşəgötürənlər də anlayır ki, burada söhbət bizim Vətənimizin bütövlüyündən, işğal altında olan torpaqlarımızın azad edilməsindən gedir. Bu zaman vətən çağırırsa, kim harada işləməsindən asılı olmayaraq, bu çağırışa səs verməlidir. Bu zaman iş yerləri arxa cəbhə hesab olunur. Biz vətənimiz uğrunda ön cəbhəyə gedənlərə narahatlıq yaratmamalıyıq. Arxa cəbhə bütün zəruri tədbirləri görməlidir ki, onların gözü arxada qalmasın, ailələrindən, onların dolanışığından nigaran qalmasınlar. Bu, bizim hər birimizin bir vətəndaşlıq borcudur!", - Allahverənov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq özəl sektorda bəzi müəssisələr hərbi xidmətə çağırılan əməkdaşlarının ailələrinə maddi yardım da edib. Məlumatlara görə, "Kontakt Home" torpaqlarımızın azad olunması uğrunda gedən hərbi əməliyyatlarda iştirak edən işçilərinin ailələrinə 500 manat məbləğində maddi yardım göstərib.

Xatırladaq ki, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı senytyabrın 28-dən qüvvəyə minib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.