Edamlar və qətllər çıxış yolu deyil

31-05-2023, 16:49           
Edamlar və qətllər çıxış yolu deyil
İrandakı rejim Hammurapi dövründən qalma cəzaları islam adı altında tətbiq etməklə din
adından sui-istifadə edir.
Ümumiyyətlə, son yüz ildə İranda pəhləvilərin və indiki rejimin bu cəza üsulu cəmiyyətə heç bir
təsir göstərməyib.
Bu ölkədə az qala hər gün ya edam hökmü çıxarılır, ya da bu cəza icra olunur. Ancaq dəyişən
nəsə yoxdur.
Bu istiqamətdə bəzi mətləblərə nəzər yetirilməsini istərdik.
İranda edam hökmləri əsasən, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara,
zina edənlərə, qatillərə tətbiq edilir. Daha doğrusu, məhkəmə şəffaf keçirilmədiyindən bu barədə
hökmlər siyasi müxaliflər barəsində də çıxarılır. Son hadisələr bunu təsdiqləyib.
Edam hökmü pəhləvilərin hakimiyyəti dövründə də icra olunub. Hətta Azərbaycan Milli
Hökumətinin qurucularına, onun tərəfdarlarına Məhəmmədrza şah rejimi bu cəzanı tətbiq
etmişdi. O dövrdə pəhləvi rejimi Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirmişdi. Həmin
illərdə milli hüquqlarını, ana dilində təhsil kimi məsələləri müdafiə etmiş minlərlə azərbaycanlı
qətlə yetirilib, vətəndən didərgin salınıb və s. məhrumiyyətlərlə üzləşib.
İran mərkəzli panfarsist rejim həyata keçirdiyi bu mürtəce əməli ilə Azərbaycan türklərinin
istəklərindən əl çəkməsinə nail olmağa səy göstərsə də, həmin qanlı hadisələrdən 33 il sonra
Güney Azərbaycan türkləri Məhəmmədrza şahın qeyri-legitim hakimiyyətinə son verənlərdən
oldu. Onlar Azərbaycan türkcəsində təhsili yenə şərt olaraq irəli sürdü. Bu gün də onlar etiraz
aksiyalarında “Azadlıq, ədalət milli hökumət!” şüarını irəli sürməklə milli haqların təmini uğrunda
mübarizənin davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar.
Pəhləvilər İranın demokratikləşməsi uğrunda minlərlə insanın da qanına bais olublar. Rza
Pəhləvi “İrana demokratiya, Azərbaycana muxtariyyət!” şüarını irəli sürmüş Şeyx Məhəmməd
Xiyabaninin edam edərək, nəşinin dəfn olunmasına bir neçə gün icazə verməyib.
Mövcud rejim də Pəhləvilər kimi, aidiyyəti olmayan müxtəlif ittihamlarla müxalifəti zəiflətməyə
çalışır, fərqli düşüncəli insanları gözdən salır, onları təqib edir, müxtəlif cür təzyiq göstərir.
Tehran hakimiyyəti bu üsuldan 44 ildir istifadə edir. Ancaq heç nə dəyişməyib. Cəmiyyəti
azadlıq, ədalət istəklərini yenə müdafiə edir. Son 8 ayda İrandakı etiraz aksiyaları buna əyani
sübutdur.
İrandakı rejimin bu müddətdə 600-dən çox dinc aksiyaçını qətlə yetirməklə etirazların qarşısını
ala bilməyib.
Son hadisələr zamanı Tehran rejimi ən çox etnik bəlucları qətlə yetirib. Ancaq onların dinc
aksiyalar davam edir. Hər həftənin cümə günü onlar Sistan-Bəlucistan əyalətinin mərkəzi şəhəri
Zahidanda rejim əleyhinə aksiya keçirirlər. Bu şəhərdəki Məkkə məscidinin imam cüməsi
Mövləvi Əbdül Həmid cümə xütbələrinin birində bildirib ki, həbslər, qətllər, edamlar mövcud
böhrandan çıxış yolu deyil. O, hakimiyyətə xəbərdarlıq edərək deyib ki, bu yol dalana aparır.
Başqa tərəfdən, edamlar, qətllər, təzyiq və təqiblər cəmiyyətdə qisas hissini artırır.
Hakimiyyətin edam və başqa cəzalar vasitəsi ilə cəmiyyəti islah etmək cəhdləri uğursuzluqla
nəticələnir. Cəmiyyət rejimin törətdiyi cinayətlərin cavabını özü verməyə çalışır.
Son zamanlar yüksək rütbəli SEPAH komandirləri, yaxud başqa vəzifə sahiblərinin qətli barədə
tez-tez xəbərlər yayılır. Tehranın Bəharistan bölgəsində yerləşən SEPAH-ın Mühafizə Qərargahı
inqilabçı gənclər tərəfindən yandırılıb.
Son həftələrdə 23 etnik bəluc gəncin rejim tərəfindən edamına cavab olaraq, Tehran əyalətində
yerləşən SEPAH-ın “Seyyid əş-Şühəda” Korpusuna bağlı Bəsic qüvvələrinə məxsus “Əbülfəzl”
bazası ardıcıl partlayışlara məruz qalaraq, yanıb.
Güney Azərbaycanın Üskü şəhərindən olan Sepah zabiti Əmirrza Fəqiri-Beyrami İranın şimalqərb sərhədində öldürülüb. Bəzi mənbələr naməlum şəxslərin Mazandaran şəhərinin Niştarud
məhkəməsinə silahlı basqın etdiyini bildirib. Hadisə nəticəsində iki hakim və bir dövlət
ittihamçısının güllələndiyi qeyd olunub.
İranın İnsan Hüquqları müdafiəsi təşkilatı “HARANA”nın məlumatına əsasən, 11 gün ərzində
İranın Kərəc, Urmiya, İsfahan, Abadan, Ərdəbil, Yəzd, Rəşt, Qəzvin, Nişapur, Salmas, Şiraz,
Zahidan, Xürrəmabad, Törbəti-Cəm və başqa şəhərlərindəki həbsxanalarda 57 edam hökmü icra
olunub.
Bu kimi faktlar bir daha sübut edir ki, cəmiyyətin haqlı tələblərini edamlar, qətllər, həbslərlə
qarşılamaq çıxış yolu deyil. Çünki indiki rejimdən əvvəlkilər də cəmiyyətin tələblərinin bu üsulla
qarşılamışdı. Nəticə olmadı. Əksinə, yeni etiraz aksiyaları başladı. Rza, Məhəmmədrza şah
pəhləvilərin səhvini indiki Tehran rejimi də təkrarlayır. Onları arxalandıqları qərb belə müdafiə
edə bilmədiyi halda, indikiləri Çin, Rusiya, Venesuela, Şimali Koreya, Ermənistan, Belarus çətin
qoruyub, hakimiyyətdə saxlaya…
Odur ki, edamlar, qətllər, təzyiq və təqiblərlə dəyişməyən, “sözəbaxan” olmayan cəmiyyət ona
qarşı olan rejimləri özü dəyişir.
Sədrəddin Soltan
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.