"Google" İngiltərəyə 7 milyard dollarlıq sərmayə yatıracaq
Bu gün, 15:58

"Alphabet" şirkətinin texnologiya nəhəngi "Google" qarşıdakı iki il ərzində İngiltərəyə 5 milyard funt sterlinq (təxminən 6,78 milyard dollar) həcmində sərmayə yatırmağı planlaşdırır.
Bu sərmayə ölkədə süni intellekt infrastrukturunu və digər xidmətləri gücləndirməklə yanaşı, yeni iş imkanları yaradaraq iqtisadi potensiala mühüm töhfə verəcək.
16 sentyabr 2025-ci il tarixində verilən açıqlamaya əsasən, sərmayə süni intellekt, enerji tutumu, işçi qüvvəsinin hazırlanması, elmi-tədqiqat və mühəndislik sahələrini əhatə edəcək. "Google" bu təşəbbüslə ölkə üzrə hər il 8 mindən çox yeni iş yeri yaradılacağını gözləyir.
"Alphabet" və "Google"un baş investisiya və rəhbərlik vəzifəsini icra edən Rut Porat bildirib: "Bugünkü açıqlama ilə 'Google' İngiltərədəki mövqeyini daha da möhkəmləndirir və süni intellekt vasitəsilə 2030-cu ilə qədər iqtisadiyyata əlavə 400 milyard funt sterlinq qazandıraraq mühüm sosial xidmətlərin inkişafına dəstək olur".
Şirkətin bu sərmayə öhdəliyi Londranın şimalında yeni məlumat mərkəzinin açılması ilə eyni vaxtda elan olunub. "Google" bu obyektin "Google Cloud", "Workspace", "Search" və "Maps" kimi süni intellekt dəstəkli xidmətlərə artan tələbatı qarşılamağa kömək edəcəyini vurğulayıb. Bu addım süni intellekt sahəsindəki inkişafların nəticəsi olmaqla yanaşı, "Oracle", "Microsoft" və "Amazon" kimi digər Amerika texnologiya şirkətlərinin də Avropada süni intellekt və bulud infrastrukturlarını genişləndirmə təşəbbüslərinin davamı kimi qiymətləndirilir.