“Evimizə zorla gəlib girən...” - Yazıçıdan deputata sərt cavab

19-11-2019, 16:54           
“Evimizə zorla gəlib girən...” - Yazıçıdan deputata sərt cavab
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa azərbaycan sənəti, ədəbiyyatı haqda tənqidi fikirlər səsləndirib.
“Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığı çoküb. İl ərzində yalnız beş-on tədbiri xatırlaya bilirsən ki, bayağılıqdan uzaq bir sənət, ədəbiyyat mühitində bir neçə saat zövqlə oturmusan”, - deyən deputat toylar, müğənnilər, televiziyalar bağlı da tənqidi fikirlər səsləndirib.

Mövzu ilə bağlı tanınmış yazıçı Seyran Səxavətlə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bu sözləri deyib:

“Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olan hər bir istedadlı oxucunu da, yazıçını da ədəbiyyatımızın bugünkü durumu qane etməlidir. Əslində ədəbiyyatımız möhtəşəmdir, sadəcə onun bütün mənzərəsi görünmür. Mənzərə harada görünməlidir? Evimizə zorla gəlib girən televiziyalarda. Gecə-gündüz çalıb oxuyurlar. Heç ədəbiyyat haqqında verilişə rast gəlmisinizmi? Saytlar ədəbiyyata uzaq, kasıb bir qohum kimi baxırlar, ögey münasibət bəsləyirlər.

Ədəbiyyatımızın bu günü çox möhtəşəmdir. Fazil Mustafaya mənim hörmətim var. Görünür, o, Azərbaycan ədəbiyyatı ilə əslində heç tanış deyil. Adicə bir şey deyim, mən Fazil Mustafa ilə müzakirə edə bilərəm, Seyran Səxavətin 9 romanı var, onun birini belə oxumayıbsa, o nə bilir Azərbaycan ədəbiyyatında elitarlıq hansı dərəcədədir? Oxumaya-oxumaya, bələd olmayaraq, ədəbiyyatı görməyə-görməyə onun əzəməti haqqında bir söz demək olarmı? Deputatların nə dediyinə fikir verməyin, yazıçıların və istedadlı oxucuların dediklərinə fikir verin.

Yazıçı son zamanlar gündəmdə olan ədəbiyyatçı-meyxanaçı qalmaqalına da toxunub:

“Mən onu qarşıdurma hesab etmirəm, heç vecimə də almıram. Onu qarşıdurma səviyyəsinə gətirib çıxaran, televiziyaların bəzi jurnalistləridir. Ortada heç bir qarşıdurma yoxdur, yalan söhbətlərdir”.

Yazıçı Təranə Vahid var, o dünyada analoqu olmayan yazıçıdır. Mən bunu bütün səmimiyyətimlə deyirəm. Kimdir onu tanıyan. Onunla hesablaşan? İndi ağsaqqal kimə deyirlər, 5-10 manat pulu olana. Ağıl vacib deyil, pulu varsa, ağsaqqaldır. Keçir yuxarı başa. Bu, ədəbiyyatda da belədir, ədəbiyyatda da mafiya var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.