“Belarus əldən gedir, Putinin məqsədi…” - Sabiq spikerdən həyəcan təbili

7-12-2019, 11:15           
“Belarus əldən gedir, Putinin məqsədi…” - Sabiq spikerdən həyəcan təbili
Vladimir Putinin məqsədi Belarusu tam nəzarət altına almaqdır.

Teleqraf.com xəbər verir ki, bu fikri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri, Ali Radanın sabiq spikeri (2016-2019), ölkə parlamentinin deputatı Andrey Parubi söyləyib.

Dekabrın 6-da Ukrayna telekanalında yayımlanan “Söz azadlığı” tok-şousunda iştirak edən Andrey Parubi deyib ki, Vladimir Putin yalnız güc dilini başa düşür:

“Əgər biz danışıqlarda Putinlə razılığa gələ biləcəyimizi xəyal etsək, bu, Ukrayna tərəfinin ən böyük səhvlərindən biri olacaq. Biz bunu təkcə Ukraynada görmürük... Belarus gözümüzün qabağında, Moldova gözümüzün qabağında əldən gedir. Putinin bir məqsədi var: Moldova, Belarus və Gürcüstanı tam nəzarət altına almaq.

Amma fikrimcə, ilk növbədə Ukraynanı nəzarət altına almaq istəyir. Onun bir fikri var: Sovet İttifaqı dövründə olan Kremlin geosiyasi gücünü bərpa etmək. Lakin başa düşürlər ki, imperiyanın Ukraynasız şansı yoxdur, ona görə əsas məsələ Ukraynanın məğlub edilməsi və bu ölkəyə nəzarət olunmasıdır”.

Dekabrın 7-də Soçidə Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş keçiriləcək. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində yol xəritələrinin hazırlanması zamanı yaranan Rusiya və Belarus inteqrasiyasının mübahisəli məsələləri müzakirə ediləcək.

İki ölkənin baş nazirləri Dmitri Medvedyev və Sergey Rumas arasında danışıqlar bir gecə əvvəl orada baş tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.