Koronavirus dünyada DAHA SÜRƏTLİ yayılmağa başlayıb

6-06-2020, 13:52           
Koronavirus dünyada DAHA SÜRƏTLİ yayılmağa başlayıb
Koronavirusun dünyada yayılma sürəti artıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Nəşrin məlumatına əsasən, may ayının ilk həftəsində hər gün təxminən 86 min yeni yoluxma qeydə alınarkən, son bir həftə ərzində bu rəqəm kəskin şəkildə artıb və hazırda təxminən 114 minə çatıb.

Yoluxma hallarının bu qədər artması koronavirusun ən çox təsir etdiyi ölkələrdə - Hindistan, Rusiya və Cənubi Amerika ölkələrində - baş verən artımla əlaqədardır.

Eyni zamanda, "COVID-19"un ölüm statistikası azalmağa başlayıb. Beləliklə, maksimal göstərici aprelin 16-da qeydə alınıb - bir milyon nəfərə 1,35 ölüm halı. Hazırda ölüm faizi iki dəfə azalıb və 0,67 həddindədir. Gündəlik ölənlərin sayı may ayının əvvəlində 5.1 min idisə, hazırda 4.3 minə düşüb.

San Raffael şəhərindəki Milan xəstəxanasının rəhbəri Alberto Zangrilyonun sözlərinə əsasən, bu cür dinamika virusun zəifləməsinin göstəricisi ola bilər. O, yeni xəstələrdə aşkarlanan patogenlərin sayının daha öncə yoluxanlardakılarla müqayisədə cüzi olduğunu təxmin edir. Lakin bu nəzəriyyəni sübut edən heç bir dəlil yoxdur.

Qeyd edək ki, iyunun 6-na olan məlumata əsasən, dünyada 6,69 milyondan çox adam koronavirusa yoluxub, onlardan 392 mini ölüb, 2,7 milyonu sağalıb. Ən çox yoluxanlar ABŞ, Braziliya, Rusiya, İngiltərə və İspaniyadadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.