İTİRİLMİŞ TARİXİMİZ: İrəvan Xanlığı Sərdar sarayının əmlakı hardadır

26-08-2017, 01:31           

İrəvan Xanlığı Sərdar sarayının əmlakı hardadır
“İrəvan qalası, Yerevanın qoparılmış ürəyi”... İrəvan qalasının 500 illiyi münasibətilə “Azer-Globe” İctimai Tədqiqatlar İnstitutunun yanında Qafqaz Tarixi Mərkəzinin 2011-ci ildə hazırladığı videomaterial belə adlanırdı. Səfəvilər sülaləsinin ilk hökmdarı Şah İsmayılın Zəngi çayının qayalıq sahəsində qala salınması barədə göstərişi ilə vəziri Rəvanqulu xan tərəfindən 1504-cü ildə əsası qoyulan və 1511-ci ildə inşası başa çataraq Rəvanqulu xanın adını alan İrəvan qalasının və onun içindəki tikililərin şanlı olduğu qədər də faciəli taleyi olmuşdur. Cəmi 6,45 dəqiqəlik filmdə tarixi faktlar, şəkillər və süjetin bütün ruhunu ifadə edən musiqi əsasında İrəvan qalası və Sərdar sarayının tarixinə qısa ekskurs edən müəlliflər onun azərbaycanlılara mənsubiyyətinin hər hansı bir sübutunu saxlamamaq üçün ermənilərin müxtəlif zaman kəsiklərində dağıdıcı fəaliyyətini göstərməyə müvəffəq olmuşlar.
Bu ilin 1-2 oktyabr tarixlərində Fransanın Anadolu Araşdırmaları Mərkəzi ilə G.Sereteli adına Gürcüstan Dövlət Şərqşünaslıq İnstitutunun birgə təşkil etdiyi “Geriyə və gələcəyə baxış: İranın Qafqazda təsirinə dair” mövzusunda beynəlxalq elmi konfransda “Azərbaycanda “iranlı” icması: tarixi keçmiş və icmanın formalaşmasında yeni mərhələ” adlı məruzə ilə çıxış etmək üçün Tbilisiyə getmişdim. Gürcüstan, Fransa, Azərbaycan, İran, Hollandiya, Rusiya alimlərinin iştirak etdiyi (konfransın proqramında Ermənistandan iki nümayəndənin adı göstərilsə də, heç biri gəlməmişdi) və yüksək elmi səviyyədə, ciddi diskussiya şəraitində keçən bu konfransın nümayəndələri üçün hazırlanmış mədəni tədbirlər proqramında Gürcüstan İncəsənət Muzeyinə, Şərq kolleksiyasının eksponatlarından ibarət sərgiyə getmək nəzərdə tutulurdu. Qeyd etməliyəm ki, Gürcüstanda kifayət qədər güclü iranşünaslıq məktəbi ənənələri olduğundan Azərbaycan və gürcü iranşünasları arasında hələ sovet dövründən başlayan və müstəqillik illərində davam etdirilən əməkdaşlıq, o cümlədən birgə beynəlxalq layihələrdə iştirak etmək təcrübəsi vardır. Odur ki, bu konfrans uzun illərdən bəri tanıdığım və əməkdaşlıq etdiyim gürcü həmkarlarımla görüşmək imkanı da yaratmışdı. Konfransın iştirakçıları arasında Gürcüstan Dövlət Folklor və Tətbiqi Sənət Muzeyinin direktoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze də var idi və qonaqların muzeyə aparılması onun təşəbbüsü və “sürpriz” vədi ilə təşkil olunmuşdu.
Tbilisi şəhərinin mərkəzində yerləşən Gürcüstan Dövlət İncəsənət Muzeyinin 4-cü mərtəbəsində, həmin gün ancaq konfrans iştirakçıları üçün açıq olan sərgi zalına girən iranşünas qonaqlar divarlardan asılmış tabloların yalnız İranla bağlı rəsm əsərlərindən, dəqiq deyilərsə, Qacarlar dövrünə aid şəkillərdən ibarət olduğunu görəndə İrina Koşoridzenin sürprizinin mənasını anladılar və çox xoşhal oldular.
İlk dəfə Ermitajda, sonralar Tehran, Təbriz və London muzeylərində gördüyüm bu silsilədən olan tabloları mən həmişə sənət əsərlərindən daha çox Qacarlar dövrünün ruhunu, zövqünü, saray estetikasını ifadə edən nümunələr kimi qavrayır və bu tarixlə ünsiyyətdən qəribə hisslər keçirirdim. İndi Tbilisidə bir daha Qacarlar dövrünə “səyahət” edəndə həmin tanış hisslərə artıq heyrət də əlavə olunur. Ekspozisiyanı tam seyr etdikdən və icazə alaraq fotolarını çəkdikdən sonra İrinadan bu sayda rəsm əsərlərinin Tbilisidə necə toplandığını soruşuram. Sualıma bu sərginin tərtibçisi, tanınmış sənətşünas alim və muzeyin Şərq kolleksiyasının baş qoruyucusu Marina Dqebuadze cavab verir. Tabloların əsasən rus imperatorluğu dövründə, ayrı-ayrı rus, gürcü və iranlı şəxslər tərəfindən alınaraq Tbilisiyə gətirildiyi və tədricən şəhərdəki Qafqaz muzeyində yığıldığını bildirir. Sərginin məndə oyatdığı yüksək təəssürat haqda fikirlərimi və təşəkkürlərimi eşidən gürcü xanımları olduqca məmnun qalırlar və bu zaman İrina mənə belə bir sual verir: “Əgər sən bu əsərlərdən belə təsirlənirsənsə, Sərdar sarayının eksponatlarını görsəydin nə edərdin?” Qulaqlarıma inanmıram: “Sərdar sarayımı dedin? İrəvan xanlığındakı xan sarayındanmı danışırsan?” İrina “Bəli, bəli, Sərdar sarayı” - deyə təsdiq edir və üzünü Marina Dqebuadzeye tutaraq, “Nə deyirsən, qonağımızın təəssüratlarını artıraqmı, öz fondlarını açarsanmı?” soruşur. Son dərəcə mədəni, səmimi bir insan olan Marina “olsun” deyərək razılaşır və az sonra biz hamımız liftlə muzeyin Şərq kolleksiyasının sərgilərdə nümayiş etdirilməyən eksponatlarının saxlandığı qapalı fondların yerləşdiyi yarızirzəmiyə enirik. Artıq dəhlizdə divar boyu düzülmüş Sərdar sarayının üstü kaşı ilə işlənmiş bəzəkli divar daşlarının müxtəlif ölçülü parçalarını görürük. Marinanın ilk olaraq açdığı otaqda isə nəzərimizə Sərdar sarayının Güzgülü zalının tarixi fotolarından tanış olan tablolar açılır... İnsan boyundan uca, uzunu 2, eni 1 metrlik portretlərdən Fətəli şah, İrəvan xanı Hüseynqulu xanın, onun qardaşı Həsən xanın, dastan qəhrəmanı Fəramərzin və digərlərinin əzəmətli surətləri bizə baxır. Artıq icazə-filan almadan darısqal saxlama otağının imkan verdiyi şəraitdə bu tabloların fotolarını çəkirəm. Konfransın digər qonaqları, xüsusilə fransalı alimlər də gördüklərindən olduqca təsirləniblər və heç kəs tarixin nəfəsi duyulan bu otağı tərk etməyə tələsmir. Elə oradaca İrəvan Xanlığı, İrəvan qalası, Sərdar sarayı haqqında maraqlı söhbətlər açılır, bu əsərlərin Tbilisidə necə toplandığı sualına aydınlıq gətirən tanınmış gürcü alimi, Georgi Beradze onların XX əsrin əvvəllərində, Sərdar sarayı artıq dağılmaq halına gəldiyi zaman rus hökuməti tərəfindən rəsmi surətdə Tiflisdəki Qafqaz muzeyinə verildiyini bildirir. Lakin təəssüratlar bununla bitmir. Marina otaqları bir-bir açdıqca eksponatlar arasında Sərdar sarayının digər əmlaklarının da nümunələri - mebel dəstləri, məişət əşyaları, musiqi alətləri, döyüş sursatlarını görürük. Qonaqların bu əşyaların arasında necə səpələndiyini təbəssümlə izləyən Marina mənə yaxınlaşır, “Gəl gör sənə daha nə göstərəcəyəm”, - deyə sonuncu qapını açır və artıq yalnız ikimiz xüsusi örtüklərə bağlanmış və üst-üstə qalanmış xalçalarla dolu otağa daxil oluruq. Sərdar sarayından gətirilmiş xalçaların da saxlanıldığı bu otaqda mən açıq halda olan iki-üç xalçanın və tirmələrin fotolarını çəkirəm.
Az sonra, artıq bütün qonaqlar bir yerə cəm olanda: “Bizimkilərin bu eksponatlardan xəbəri varmı?”- sualını verirəm.
Gürcü həmkarım zarafatyana: “Sənin ki artıq xəbərin oldu”, - deyir. Mən bilavasitə bu mövzu ilə məşğul olmadığımı, azərbaycanlıların ermənilər tərəfindən soyqırımı tarixini isə XX əsr, əsasən 1918-ci il hadisələri kontekstində araşdırdığımı bildirərək (konfransdakı məruzəmdə Bakıda mart hadisələri zamanı iranlı təbəələrin də kütləvi surətdə öldürüldüyü haqqında danışmışdım), özümə bəraət qazandırıram və Sərdar sarayının bu qiymətli sərvətlərinə dair azərbaycanlı və gürcü mütəxəssislərin birgə proyektlər işləməsinin zəruriliyini vurğulayıram. Gürcü həmkarlarımız: “Biz hazır”, - deyə cavab verirlər.
Bakıya qayıtdıqdan sonra dərhal “bizimkilərin bu eksponatlardan xəbəri varmı” sualına cavab axtarıram və ən əvvəl AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun 2010-cu ildə nəşr etdiyi “İrəvan Xanlığı” kitabını açıram. Rusiya İmperiyasının işğalı və ermənilərin Şimali Azərbaycan ərazisinə köçürülməsi kontekstində hazırlanmış, əsasən tarixi sənədlərdən və müvafiq mövzularda qısa tarixi oçerklərdən ibarət olan bu kitabın “Mədəniyyət” adlanan fəslində Sərdar sarayı, o cümlədən Güzgülü zalın dövrün sənədləri əsasında qısaca təsviri verilib. Lakin bu sarayın maddi sərvətlərinin, o cümlədən divarlarını bəzəyən rəsm əsərlərinin taleyi barədə heç bir məlumat yoxdur. Kitaba daxil edilmiş və əsasən erməni mənbələrindən götürülmüş Sərdar sarayının görüntülərini əks etdirən şəkillər arasında da Tbilisidə gördüyüm rəsm əsərlərinin heç biri yoxdur. Sərdar sarayının özünün aqibəti barədə isə yalnız bir cümlə ilə belə yazılıb: “Özlərini dünyanın “mədəni xalqı” kimi qələmə verməyə çalışan ermənilər Şərqin nadir sənət incisi olan Sərdar sarayını 1918-ci ildə yerlə yeksan etmişlər”.
Sərdar sarayının artıq XIX əsrin sonlarından dağılmağa başladığı, məhz bu səbəbdən onun divar tablolarının və digər əmlakının XX əsrin əvvəllərində Tiflisə gətirildiyi, bununla belə, sarayın hələ sovet hakimiyyətinin ilk illərində mövcud olduğu, 1927-ci ildə İrəvana gələn insanların onu tarixi abidə kimi seyr etdiyi, sarayın son qalıqlarının və İrəvan qalasının isə bütünlüklə 1964-cü ildə sovet Ermənistanı rəhbərliyi tərəfindən buldozer ağzına verilərək həqiqətən “yerlə yeksan edildiyi” kimi faktlar qarşısında bu sarayın, xüsusilə onun maddi sərvətlərinin taleyi haqqında əsl həqiqətin tarixçilərə məlum olmadığına inanmaq istəmirəm. Odur ki, bu haqda hər halda müəyyən məlumat tapacağım ümidi ilə müvafiq mövzuda İnternetdə sorğu verirəm və dərhal sarayın tarixinə həsr olunmuş bir neçə sayta rast gəlirəm. Azərbaycan Prezidenti Administrasiyası Kitabxanasının “İrəvan şəhəri” elektron resursunun Memarlıq və incəsənət bölməsinin “Xan sarayı” adlı hissəsində Sərdar sarayının inşası, xanlıqlar və rus işğalı dövrü tarixi daha müfəssəl şərh edilir.
Səfəvilər dövründən başlayaraq Qacarlara qədər İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı olmuş İrəvan qalası və sarayının 300 illik tarixi üzərində dayanmayaraq, onunla kifayətlənək ki, xanlıqlar dövrü, xüsusilə Hüseynəli xan Qacarın (1759-1783) və oğlu Məhəmməd xanın (1784-1805) hakimiyyəti illəri İrəvan şəhərinin və qalasının çiçəklənmə dövrü olmuş, sözügedən Sərdar sarayı da Hüseynəli xan hakimiyyəti zamanı inşa edilmiş və öz zamanının məşhur memarı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulmuşdur. 1791-ci ildə Məhəmməd xan Qacarın sarayda Güzgülü salonu və Sərdar bağındakı Yay imarətini inşa etdirməsi ilə bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanmışdır. 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə saray kompleksi əsaslı təmir edilmiş və ona bir sıra yeni tikililər əlavə olunmusdur.
Lakin XIX əsrin əvvəllərində tarixən böyük vuruşlar görmüş İrəvan qalası yeni düşmənlə üzləşmişdir. 1804-cü ildən başlayaraq Sərdarabad qalası çar Rusiyasının hücumlarına məruz qalmış, müqavimət göstərmiş və yalnız 1827-ci ildə rus “silahının” gücü qarşısında tam süquta uğramışdır. İrəvan şəhəri və qalası ilə birlikdə Sərdar sarayının da yeni sahibləri onun yeni tarixini yazmışlar.
Sərdar sarayında əvvəlcə 1827-ci il 6 oktyabrda yaradılan İrəvan “Müvəqqəti idarəsi”nin, daha sonra 1828-ci il martın 20-də (Türkmənçay müqaviləsi bağlandıqdan sonra) İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində yaradılan “Erməni vilayəti”nin administrasiyası yerləşmişdir.
1827-ci ilin oktyabrında, İrəvan qalasının süqutundan bir qədər sonra Qafqazda sürgündə olan rus zabitləri - dekabristlər Sərdar sarayının Güzgülü salonunda A.S.Qriboyedovun məşhur “Ağıldan bəla” əsərini onun özünün iştirakı ilə tamaşaya qoymuşlar. Bu hadisə öz müəllifinin sağlığında oynanılan ilk və yeganə tamaşa kimi tarixə düşmüşdür. Həmin dövr diplomatik fəaliyyət göstərən A.S.Qriboyedov özü isə hələ 1819-cu ilin fevralında Rusiyanın İrandakı nümayəndəliyinin katibi kimi İrəvan xanının sarayında olmuş, sərdar Hüseynqulu xanın qonaqların şərəfinə Güzgülü zalda verdiyi ziyafətdə iştirak etmiş, sonradan öz yazılarında Güzgülü zalın bütün detalları ilə ətraflı təsvirini vermiş, sərdar Hüseynqulu xanı İrəvan xanlığında Allahdan sonra birinci, Qacarlar dövlətində isə nüfuzuna görə üçüncü adam kimi qiymətləndirmişdir.
1837-ci ildə Rusiya imperatoru I Nikolay 23 ildən artıq müddətdə “alınmaz qala” kimi şöhrət qazanmış İrəvan qalasına gəlmiş, Sərdar sarayında gecələmiş, Güzgülü zalda İrəvan şəhəri əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələrini qəbul etmiş və xatirə olaraq bu zalın divarına öz adını yazmışdır (sonradan divarın həmin hissəsi çərçivəyə alınmışdı).
Sonrakı dövrlərdə Sərdar sarayı haqqında məlumatlara İrəvan qalasını seyr etmiş əcnəbi, eləcə də rus səyyahlarının və alimlərinin yazılarında rast gəlinir. 1833-cü ildə Qafqaza səyahət etmiş fransız səyyahı, geoloq və rəssamı Frederik Düyuba de Monperenin Parisdə nəşr etdiyi 6 cildlik “Qafqaz ətrafına səyahət” kitabında Sərdar sarayının Güzgülü zalının interyerinin, divarlarındakı rəsmlərin və divar naxışlarının, həmçinin sərdar Hüseynqulu xanın hərəmxanasının həyətinin şəkilləri öz əksini tapmışdır.
1843-cü ilin avqustunda İrəvana gəlmiş alman səyyahı Avqust fon Haksthauzen şəhərdəki əyan saraylarının “xarabalıqlar içərisində” olduğu, “məscidlərdən birinin Yunan-Rus kilsəsinə, digərinin silah anbarına çevrildiyi”, “Sərdar sarayı salamatdır, lakin onun əlavə tikilisi olan hərəmxana hospitala çevrilmişdir” kimi şəhadətlər gətirir. Güzgülü zalın təsvirini verən səyyah “İslam dininin ziddinə olaraq” sarayın divarlarında Fətəli şahın, onun oğlu Abbas Mirzənin, sonuncu sərdar Hüseynqulu xanın, onun qardaşı Həsən xanın portret rəsmlərinin, eləcə də İranın Rüstəm, İsfəndiyar və digər pəhləvanlarının qəhrəmanlığını əks etdirən, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında çəkilmiş tabloların olduğunu göstərir. A.F.Haksthauzen hələ 1843-cü ildə Sərdar sarayı da daxil olmaqla, İrəvan qalasının vəziyyətindən aldığı ümumi təəssüratını belə bir cümlə ilə ifadə edir: “Rus məmurları nadir hallarda tarixi binaların və abidələrin qorunması hissinə hakim olurlar”.
1864-cü ildə İrəvan qalasının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulması müəyyən müddət baxımsız qalan Sərdar sarayının dağılma prosesini sürətləndirir. 1865-ci ildə qala ərazisinin bir hissəsinin Nerses Tahiryan adlı erməni taciri tərəfindən satın alınaraq orada konyak zavodu inşa etməsi ilə şəhərin erməni əhalisinin bu dağıdıcı proseslərdə iştirakı başlayır. Xan sarayının istər təbii şərtlər nəticəsində, istər insan əli ilə yararsız vəziyyətə düşməsi onun, ümumiyyətlə, sökülməsi məsələsini gündəmə gətirir. Sarayın sökülməsində maraqlı olanlar onun 1850-ci ildə baş vermiş zəlzələ, 1865-ci ildə isə güclü tufan nəticəsində ciddi ziyan gördüyünü arqument kimi irəli sürürdülər. Lakin bu məsələdə A.F.Haksthauzenin rus məmurlarının tarixi binaların və abidələrin qorunması hissinə hakim olmalarına dair söylədiyi həmin “nadir hal” baş verir. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz Canişinliyi Sərdar sarayının Güzgülü zalının təmiri üçün 1967-ci ildən başlayaraq mütəmadi olaraq müəyyən vəsaitlər ayırmağa başlayır.
1867-1880-ci illərdə xan sarayında dəfələrlə aparılan təmir işlərinə Güzgülü zalın divarlarındakı portretlərin və ornamental kompozisiyaların bərpası da daxil idi və bu işlərin bir qismi Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilən Mirzə Qədim İrəvani (1826-1875) tərəfindən görülmüşdür.
1880-ci ilin oktyabrında İrəvan qalasında olmuş məşhur Rusiya arxeoloqu qrafinya P.A.Uvarova özünün Qafqaz ekspedisiyasının nəticələrinə dair 1887-ci ildə Moskvada nəşr etdirdiyi “Qafqaz. Yol qeydləri” kitabının I cildində xan sarayının əsasən uçulub dağılmış vəziyyətdə olduğu, “Bütünlüklə sırf Şərq üslubunda naxışlarla, güzgülərlə və rəsmlərlə bəzədilmiş, sanki bəzəkli çay qutusuna bənzər Sərdar imarətindən yalnız qəbul zalının salamat” qaldığı kimi şəhadətləri rus məmurlarının nə üçünsə bütünlükdə İrəvan qalasının, yaxud xan sarayının deyil, əsasən sarayın Güzgülü zalının qorunub saxlanmasına diqqət yetirdiklərini göstərir. Bununla belə, 1886-cı ildə Sərdar sarayı bir daha təmir olunmuş, o cümlədən sarayın divarlarındakı 8 portret bərpa edilmiş, zal yenidən güzgülərlə bəzədilmiş, sarayın damı dəmir təbəqə ilə örtülmüş, pərdələri şəbəkə üslubunda pəncərələrlə əvəzlənmiş, “Min bir gecə” səhnələrini xatırladan divar rəsmləri əvvəlki görkəmini almış, zalın ortasında olan mərmər fontan qorunub saxlanılmışdır.
1893-1894-cü və 1898-ci illərdə Qafqaza gəlmiş məşhur Britaniya səyyahı, coğrafiyaşünas və ictimai xadim Henri Linç də bu səfərlə bağlı 1901-ci ildə Londonda nəşr etdirdiyi kitablarında Sərdar sarayını geniş təsvir etməklə yanaşı, Güzgülü zalın divarlarında kətan üzərində işlənmiş 8 tablo gördüyünü yazır, onlardan ikisinin - İrəvan xanı Hüseynqulu xanın, onun sağında isə farsların qəhrəmanı Fəramərzin tablolarının olduğu, digər divarlardakı portretlərdə Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xanın, qəhrəman döyüşçü personajları olan Zöhrabın və Rüstəm Zalın, habelə cəngavər bir qadının (amazonun) obrazlarının təsvir olunduğunu vurğulayır.
Beləliklə, XIX əsrin sonu - XX əsrin əvvəllərində Sərdar sarayı, o cümlədən onun divar tabloları bu və ya digər vəziyyətdə qorunmuş və saxlanılmışdır. Lakin 1910-cu il yanvarın 12-də İrəvanda baş verən güclü və davamlı zəlzələ nəticəsində sarayın divarlarındakı köhnə çatların daha da böyüməsi və uçmaq təhlükəsi yaratması Sərdar sarayının taleyini yenidən gündəmə gətirmiş və bu məsələdə dövrün mütəxəssislərinin rəyləri birmənalı olmamışdır. Qeyd olunmalıdır ki, hələ 1868-ci ildə İrəvan şəhər polisinin sərəncamına keçmiş Sərdar sarayı 1890-cı illərdə Qafqaz hərbi dairəsinin Mühəndis Təsisatına tabe edilmişdi. Sarayın sonrakı taleyi ilə bağlı məsələləri həll etməli olan bu idarə 1910-cu ilin fevral ayında, dağıdıcı zəlzələdən az sonra Moskva Arxeoloji Cəmiyyətinə (MAC) müraciət edərək sarayın qalıqlarını öz sərəncamına götürməyi təklif etmiş, əks-təqdirdə binanın sökülməsi məsələsinin qaldırılacağını bildirmişdir. Bu barədə hələ tam qərara gəlməyən MAC, bununla belə, sarayın söküləcəyi təqdirdə portretlərin və sarayın digər əşyalarının aqibəti barədə məsələ qaldırmışdır.
Həmin ilin may ayında Qafqaz canişininin hərb məsələləri üzrə köməkçisinin xahişi ilə Sərdar sarayına baxış keçirən İmperator Hərb-Tarix Cəmiyyətinin fəxri üzvü general A.Z.Mışlayevski binanın heç bir tarixi dəyəri olmadığı, onun bərpasına böyük məsrəf xərcləməkdənsə sökülməsinin daha məqsədəmüvafiq olduğu barədə rəy vermişdir. Mışlayevski, həmçinin, sarayın bəzi əşyalarının Tarix muzeyinə, portretlərin isə Qafqaz Hərb-Tarix Muzeyinə verilməsini tövsiyə etmişdir.
Artıq avqust ayında Mühəndis İdarəsinin MAC-a yazdığı məktubda “sarayın balaca mərmər hovuzunun, bütün portretlərin, divardakı “Min bir gecə” səhnəsinin, kaşı ilə işlənilmiş divar lövhəsinin bir hissəsinin və güzgülü karnizlərin nümunələrinin Qafqaz Hərb-Tarix Muzeyinə verilməsinin nəzərdə tutulduğunu” bildirmişdir.
Sərdar sarayının taleyi İmperator Arxeoloji Komissiyasının (İAK) da diqqət mərkəzində olmuş və onun 1910-cu ilin iyulunda saray barəsində etdiyi sorğuya İmperator Moskva Arxeoloji Cəmiyyətindən gələn cavabda sarayın qorunması və bərpası üçün vəsait tapılması barədə məsələ qaldırıldığı, “hazırda viranəliyi xatırladan” sarayın bərpası və müvəqqəti müddətə saxlanması üçün məbləğlər göstərilməklə smeta hesablandığı bildirilmişdir. Sarayın bərpası mövqeyində duran İAK iki dəfə - 6 oktyabr 1910-cu il və 17 may 1912-ci il tarixlərində İrəvan qalasındakı Sərdar sarayının məsələsini müzakirə etmişdir. Bərpa üzrə tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən 1910-cu il müzakirələrinin yekunu kimi İAK akademik N.Y.Marrın saraya yerində baxış keçirməsini qərara almışdır.
N.Y.Marrın 1911-ci ilin iyul ayında Sərdar sarayına keçirdiyi baxışın nəticələri haqqında yazdığı rəy İAK-ın 17 may 1912-ci il tarixli iclasında müzakirə edilmişdir. Bu rəydə Sərdar sarayının dağılmasında həm zəlzələnin, həm ötən illərin təsirinin olduğu qəbul edilməklə yanaşı, son iki onillikdə bu gözəl abidənin qorunmasına cüzi də olsa diqqət yetirilmədiyi qeyd edilirdi. Marr əks prosesin getdiyini, yəni sarayın tez bir zamanda dağıdılmasında maraq olduğunu, özü də onun insan əli ilə dağıdıldığını vurğulayırdı.
Akademik Marrın Sərdar sarayının ümumi vəziyyəti və taleyi ilə bağlı yazdığı müfəssəl rəy qaldırılan bir çox məsələlər baxımından olduqca mühüm sənəddir. Bir məqalə çərçivəsində bütün bu mövzulara toxunmaq imkanı olmadığı üçün həmin rəyin yalnız saraydakı şəkillərlə bağlı hissələrinə nəzər salaq. N.Y.Marr Güzgülü zaldakı 7 portretin aqibətindən söz açaraq onların divardan vəhşicəsinə qoparılıb çıxarıldığından kiçik kətan parçalarının divarda qaldığını, bu portretlərdən dördünün Mühəndis xidməti idarəsinin rəisinin evində aşkar olunduğunu və xəsarət aldıqlarını bildirir. Akademik, həmçinin, sarayın divarlarından çıxarılaraq oğurlanmış iki pəhləvanın portretlərinin axtarışlarının nəticəsiz qaldığı, odur ki, 1880-ci illərdə erməni fotoqrafı Tatyan tərəfindən çəkilən fotolar əsasında saraydakı portretlərin yenidən işlənilib yerlərindən asılması barədə göstəriş verdiyini bildirir.
Rəy yazmaqla yanaşı, İAK-ın Sərdar sarayının vəziyyətinə dair keçirdiyi iclasda çıxış edən N.Y.Marr sarayın həddən artıq baxımsız vəziyyətə düşdüyünə baxmayaraq, onun tezliklə dağılmaq təhlükəsi olmadığını göstərir. Həmin müzakirələrdə iştirak edən digər mütəxəssislər də abidənin hələ öz əhəmiyyətini itirmədiyi kimi ümumi rəy nümayiş etdirirlər. Bu iclas Sərdar sarayının taleyinin həlli baxımından mühüm əhəmiyyət daşıyırdı. Belə ki, Qafqaz Hərb Dairəsinin baş komandanı daxili işlər nazirinə göndərdiyi müraciətlə bağlı yekun rəyi verməli idi. Həmin müraciətdə isə Sərdar sarayının ya təmir edilərək İAK-ın ixtiyarına verilməsi, ya da yoldan keçənlər üçün təhlükəli olduğu nəzərə alınaraq sökülmək şərti ilə satılması məsələsi qoyulmuşdu. İclasda Sərdar sarayının təmiri üçün hələ 1909-cu ildə 12000 rubl vəsait ayrıldığı, hazırda, yəni 1912-ci ildə həmin vəsaitin iki dəfə artırılması zərurəti kimi məsələlərin müzakirəsi göstərir ki, İAK Sərdar sarayının təmir edilməsi variantına üstünlük vermişdir. Lakin sarayın təmir olunmadan qalması bu sahədə hökumət tərəfindən hər hansı işlərin görülmədiyindən xəbər verir. Saraydakı şəkillərin aqibəti haqqında məlumatlara isə artıq sonrakı dövrün tədqiqatçılarının əsərlərində təsadüf olunur. Məsələn, sənətşünas alim N.Miklaşevskayanın yazdığına görə, Sərdar sarayı 1914-cü ildə dağıdılmışdır (?) və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın divarlarında 2 x 1 metr ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki Hərb-Tarix Muzeyinə təhvil verilmişdir. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyində, sonradan isə Gürcüstan İncəsənət Muzeyində saxlanılır.
Qeyd olunmalıdır ki, Sərdar sarayındakı portretlərdən bəhs edilən yazılarda bu portretlərin nə vaxt və kim tərəfindən çəkildiyi, sayı, hansı ildə saray divarlarından qopardılaraq Tiflisdəki muzeyə verildiyi, eləcə də sarayın özünün dağılması məsələlərində bir sıra ziddiyyətlər vardır. Lakin bir məsələ danılmazdır ki, bu rəsm əsərləri İrəvandan Tiflisə gətirilmişdir və 100 ildir Gürcüstan İncəsənət Muzeyində öz həqiqi yiyələrini gözləyir.
Sərdar sarayına həsr edilmiş bir çox yazılarda, o cümlədən “İrəvan şəhəri” elektron resursunda tarixçi-tədqiqatçı Nazim Mustafa tərəfindən çoxsaylı sənədlər əsasında hazırlanmış irihəcmli tarixi oçerkdə Sərdar sarayındakı “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretlərinin hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portretinin isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanıldığı göstərilir.
Beləliklə, hələ Tbilisidə ikən bizi maraqlandıran sualın cavabı məlum olur, Sərdar sarayının divar rəsmlərindən dördünün Gürcüstanda, birinin isə hətta Bakıda saxlanıldığından “bizimkilərin xəbəri olduğu” aydınlaşır. Yeri gəlmişkən, Sərdar sarayının bağlı fondlarında gördüyüm 7 tablo arasında Henri Linç tərəfindən, həmçinin bir sıra fotolarda təsviri verilən və itirilmiş hesab edilən pəhləvan Fəramərzin tablosu da vardır. Amma indiki halda bu “xırdalıqlar” deyil, bu gün sənət nümunəsi olmaqdan daha artıq Azərbaycanın nadir maddi-tarixi sərvəti sayılır, “İrəvan” məsələsi kontekstində isə xüsusi aktuallıq kəsb edir.
Sərdar sarayının Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan və 100 ildən artıq öz yiyəsini gözləyən əmlakı - bəzəkli divar daşları, portretlər, mebel, xalça və s. qiymətli sənət əsərləri olmaqdan daha çox bu ərazilərin mənsubiyyət tarixinə dair maddi sübut kimi müstəsna əhəmiyyət kəsb edir. Zənnimizcə, tez bir zamanda gürcü həmkarlarımızla birlikdə bu əsərlərə dair birgə proyektlər (albom, buklet, sərgi və s.) hazırlanmalı, istər Azərbaycan, istər beynəlxalq ictimaiyyət onlarla məhz İrəvan xan sarayının bugünümüzə çatmış nadir inciləri kimi tanış olmalıdır.
Bu orijinal nümunələrdən əlavə İrəvan qalası və Sərdar sarayının müxtəlif illərdə xarici və rus rəssamları, həvəskarlar və fotoqraflar - Düyuba de Monpere, H.Linç, Vladimir Moşkov, Qriqori Qaqarin, Dmitri Yermakov, Tatyan və digərləri tərəfindən çəkilmiş rəsm əsərləri və fotolar da albom, buklet və başqa formatda nəşr olunmalıdır. Tarixçi-tədqiqatçı Nazim Mustafanın yazdığına görə, rus fotoqrafı D.Yermakovun XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan xan sarayının bütün detallarını əhatə edən fotoşəkillər də hazırda Gürcüstan Dövlət Muzeyində D.Yermakova aid kolleksiyada saxlanılır.
Qeyd olunmalıdır ki, hələ sovet dönəmində İrəvandakı xan sarayının müxtəlif rəssamlar və fotoqraflar tərəfindən çəkilmiş şəkilləri əsasında azərbaycanlı alimlər - sənətşünaslıq elmləri doktoru Kərim Kərimov və memarlıq tarixi üzrə tanınmış Azərbaycan alimi L.S.Bretanitski müfəssəl məqalələr yazmışlar. Bu mövzuda, lakin kommunist ideologiyası və beynəlmiləlçilik prinsipi kontekstində Rusiya, Ermənistan, Azərbaycan, Gürcüstan və digər sovet respublikalarında yaradılmış tarixi, təsviri sənət və memarlığa dair elmi ədəbiyyat da böyük diqqətə layiqdir. Həmçinin Sərdar sarayına dair hər hansı məlumatları özlərində ehtiva etmiş dövrün xatirə, memuar ədəbiyyatı, məktublar, açıqcalar, qəzet və jurnal xronikaları da mənbəşünaslıq bazası kimi öyrənilməli və dövriyyəyə gətirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki (7 iyul 2014-cü il) çıxışında Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyduğu vəzifələr - Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığı və zaman-zaman bu torpaqlarda, eləcə də bu gün işğal altında olan ərazilərdə azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələrin dağıdıldığı kimi faktların ən müxtəlif formalarda, o cümlədən şəkillərdən və məlumatlardan ibarət 5-10 səhifəlik müxtəlif broşürlər, kitabçalar, jurnallar şəklində müxtəlif dillərdə nəşr edilərək beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması, güclü təbliğat aparılması, Ermənistanın bu həqiqətləri gizlətmək, danmaq cəhdlərinə imkan verilməməsi fəaliyyət proqramı kimi qəbul edilməlidir. İrəvan xan sarayından qalan yeganə maddi nişanələr - Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan Sərdar sarayının eksponatları bu işdə ən güclü və təsirli rol oynaya bilər.
Solmaz RÜSTƏMOVA-TOHİDİ,
tarix elmləri doktoru, professor
TEREF.İNFO
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.