Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: - İcra Hakimiyyəti dəhşətli cinayətləri niyə gizlədir?

14-12-2019, 20:34           
Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: - İcra Hakimiyyəti dəhşətli cinayətləri niyə gizlədir?
Uşaqların qul kimi işlədilməsi, döyülmələr, haqsızlıqlar, korrupsiya, şərləmələr və daha nələr, nələr…

Yuxarıdakaı cümləni oxuyanlar elə biləcək ki, alman faşistlərinin II Dünya Müharibəsində yaratdıqları ölüm düşərgələrindən gedir. Əsla! Söhbət kimsəsiz uşaqların qorunması, təhsil alması və cəmiyyətə qazandırılması üçün yaradılmış SOS Uşaq Kəndinin Gəncə filialında hökm sürən dəhşətli vəziyyətdən gedir.

Nə baş verdiyinə keçməzdən əvvəl oradakı rəzalətin necə üzə çıxmasına toxunaq. Belə ki, “Umay ana” Uşaq Qoruma və Uşaq inkişaf Təşəbbüs Qrupunun təsisçisi Qarayeva Aynur Cavid qızı sosial şəbəkədə SOS-dan çıxmış, valideyinlərini itirmiş Kamran Qurbanovun evsiz-işsiz olması barədə elan görüb. Aynur Qarayeva bildirir ki, elanı gördükdən sonra oğlana dəstək olmaq istəyib:

“Dəstək lazım idi. Yazıb, bizdə müəyyən müddət qala biləcəyini, kompyuter kursu və iş məsələsinə kömək edəcəyimi dedim. Qurbanov Kamran bizə gəldikdən sonra söhbət əsnasında SOS Uşaq Kəndinin Gəncə filialında baş verənlər və başına gələnlərlə bağlı danışdı. Ürəyim götürmədi. Mehriban xanıma zəng edib, kömək istədim. Bundan sonra uşaqlar tapıldı, onlarla danışıldı, daha sonra vəkil tutaraq izahatlar yazıldı və dövlət qurumlarına məlumat verildi”.

Bizə daxil olan şikayət əsasında baş verənləri araşdırmağa başladıq. Müraciət müəlliflərindən biri – Gəncə şəhəri SOS Uşaq Kəndinin keçmiş sakini Allahverdiyev Tural Şahin oğlu orada yaşananları belə təsvir edir:

“Gəncə şəhəri SOS Uşaq Kəndinə atam tərəfindən yerləşdirilmişəm. Anam olmadığı üçün atam məni tək böyüdə bilmirdi, ona görə də oraya təhvil verdi, özü də Rusiyaya işləməyə getdi. Məni əvvəlcə Zinayət anaya təhvil verdilər. Bir müddət sonra işdən çıxdı. Ondan sonra bizi Təranə adlı qadının yanına yerləşdirdilər. Mənim bütün bədbəxtliklərim də bundan sonra başladı. Təranə xala ilə Nəsimi dayı birgə Bakıdan paltar gətirib, Gəncədə satırdılar.

Bundan əlavə, Gəncə SOS Uşaq Kəndinin filial direktoru Nəsimi Ələkbərli və pedaqoq Mətanət xalanın münasibətlərinin olması barədə uşaqlar arasında söz-söhbət gəzirdi. Bu söz-söhbətə heç vaxt qoşulmadığım halda, adım bunu yayan uşaq kimi çıxdı. Bu söhbətlər Gəncə SOS Uşaq Kəndinin filial direktoru Nəsimi Ələkbərlinin qulağına çatdıqdan sonra özüm də anlamadan tələm-tələsik Gəncə SOS Uşaq Kəndinin işçiləri Hicran Mirzəyeva, Mətanət Həsənova ilə aralarında iclas keçirərək, məni Bakı şəhərində Mərdəkanda yerləşən uşaqlar üçün psixi dispanserə yerləşdirdilər. Səbəbini soruşduqda, mənə dedilər, sən dəlisən, artıq dəli olmusan.

Psixi dispanserə yerləşdirildiyim gündən hər gün Allaha dua edirdim ki, dəli olmayım. Həkimlərin verdiyi dərmanları qəbul etmirdim, çünki bilirdim ki, dəli deyiləm. Açığı, oradakı xəstələrin arasında dəli olmamaq üçün özümü güclə qoruyurdum. Sonralar həkimlər mənə dedilər ki, Tural, sən xəstə deyilsən, səni bura niyə yerəşdiriblər?

Oradakı həkimlər Nəsimi Ələkbərli və Mətanət Həsənova tərəfindən düzəldilmiş sənədləri bir daha gözdən keçirdilər. Mənə dedilər ki, atana de, səni gəlib buradan aparsın, bura sənin yerin deyil. Mən də dedim ki, siz deyin, çünki həkim sizsiniz, mənim dəli olmadığımı ancaq siz deyə bilərsiniz. Nənəm məni gəlib götürənə qədər uşaqlığımın ən gözəl vaxtları psixi dispanserdə keçdi. Hazırda Gəncə şəhərində yaşayıram və mənə yaxılan bu böhtana görə heç bir yerdə işə götürmürlər və buna görə də dolana bilmirəm. Bu şəxslərlə bağlı tədbir görülməlidir”.

Ölkə rəhbərliyinə müraciət edən Tural Allahverdiyev bildirir ki, adı keçən şəxslər əməllərinin üstü açılmasın deyə, sağlam uşaqları dəli edirlər. Nəsimi Ələkbərli və Mətanət Həsənova hələ də uşaqlara deyirlər ki, “ağıllı olun ha, özünüzü yaxşı aparmasınız, Tural kimi sizi də dəlixanaya basdırarıq”.

Gəncə şəhəri SOS Uşaq Kəndinin keçmiş sakini Qurbanov Fərid İlham oğlu isə orada başına gələnlərlə bağlı bunları deyir:

“Kiçik yaşlarımdan bacı və qardaşlarımla birlikdə Gəncə SOS Uşaq Kəndinə xalam tərəfindən yerləşdirilmişəm. Bizi Gəncə SOS Uşaq Kəndinə yerləşdirmək üçün filial müdiri Nəsimi Ələkbərli xalamdan hər uşaq üçün 100 manat istəmişdi. Əks təqdirdə, bizi çölə atacaqdı. Xalam isə həmin vaxtlar imkanı olmadığı və Rusiyaya qayıtmalı olduğu üçün hər birimiz üçün 100 manat verəcəyini vəd etmişdi. Ancaq imkanı olmadığı üçün o pulu ödəyə bilmədi. Bu səbəbdən də Nəsimi müəllimin bizi görməyə gözü yox idi. Ancaq sonralar xalam qoyun hədiyyə edərək, onu yumşalda bilmişdi.

Bizi və bizimlə birgə başqa uşaqları SOS-dakı anamız İrina Hüseynzadəyə verdilər. O, bizə qarşı çox mehriban və qayğıkeş idi. Nədənsə, Nəsimi müəllim İrina anamızı sevmirdi, bizi daim ona qarşı qaldırmağa çalışırdı. Bizə deyirdi ki, mənim dediklərimi etməsiniz, onunla birlikdə sizi də SOS-dan qovacam. Bizim gedəcək yerimiz olmadığı üçün onun qapısında qul kimi işləyirdik. Anamız buna etiraz etdikdə, onu şərləyərək, işdən qovdu.

İrina anamız daim bizi müdafiə etdiyi üçün biz də onun müdafiəsinə qalxdıq və Milli Ofis rəhbərliyinə ərizə ilə müraciət etdik. Ancaq Nəsimi Ələkbərli onu işdən qovmağa nail oldu. Sonradan məni və digər uşaqları İrina anamızın müdafiəsinə qalxdığımız üçün qohumu Tacirə xalaya və Mətanət xalaya təhvil verdi. Bakıda 2014-cü ilin mart ayında təşkil edilmiş Novruz şənliyindən sonra qaldığımız evdə Tacirə və Mətanət bizi dizin-dizin sürünərək, Nəsimi müəllimdən üzr istəməyə məcbur etdi. Mənə “qələt edib, İrinanı müdafiə etmişik”, – dedirtdilər. SOS uşaq evində haqqını tələb edirsənsə, Nəsimi müəllimin evində işləməkdən boyun qaçırırsansa, onun maşınını yumaqdan imtina edirsənsə, Nəsimi Ələkbərlinin düşməninə çevrilirsən. Orada uşaqlar daim Nəsimi və Mətanət tərəfindən alçaldılıb, söyülürdü.

Bizim adımıza gələn paltarları geyinməyə, istəməyə ixtiyarımız yox idi. SOS Uşaq Kəndinin psixoloqu Arzu Quliyeva isə bizim müdafiəmizə qalxmırdı. Hal-hazırda SOS-dan tamamilə heç nəsiz çıxmışam. SOS-un qanununa görə, hesabımda pul olmalı idi. Hazırda nə qalmağa yerim, nə işim, nə də yeməyim var. Səbəb isə SOS Uşaq Kəndinə gələn bütün yardımların Nəsimi Ələkbərli tərəfindən qəsb edilməsidir”.

2014-cü ilin yanvar ayına qədər Gəncə SOS Uşaq Kəndində tərbiyəçi-ana vəzifəsində çalışan Amirə Cəlil Sabir qızı (o vaxt adı Hüseynova İradə Sabir qızı olub, sonradan adın dəyişdirib) isə bunları danışıb:

“İşlədiyim dövrdə uşaqlar məndən daim razılıq edirdi. Ancaq Nəsimi Ələkbərlinin gözü məni götürmürdü. Səbəb isə çox sadə idi. Digər analar kimi ona aylıq 200 manat haqq vermirdim, uşaqlara qarşı edilən haqsızlıqlara etiraz edirdim. Nəsimi Ələkbərli daim uşaqlara öz avtomobilin yuduzdurur, evində fəhlə kimi işlədirdi.

Gəncə SOS Uşaq Kəndi yarandığı gündən ora gələn ianələrin hamısı Nəsimi Ələkbərli tərəfindən mənimsənilirdi. Nəsimi Ələkbərli ilə SOS Uşaq Kəndinin pedaqoqu Mətanət Həsənova sevgili idilər. Bunu gözü ilə görən uşaqlar danışdıqları üçün mütləq şəkildə cəzalandırıldılar, SOS-dan qovuldular.

Bu uşaqlardan biri də vaxtilə SOS UK-nin 12 saylı evində yaşayan Tural Allahverdiyev idi. Hansı ki, SOS-a sağlam qəbul olan uşaq, əxlaqsızlığı gözü ilə gördüyü üçün “dəli” adı verilərək, Bakıda dəlixanaya yerləşdirildi. Bundan başqa, (ad-soyadını açıqlamırıq) iki azyaşlı uşaq cinsi zorakılığa məruz qalmışdı. Nəsimi Ələkbərli isə bu çirkablığın üzə çıxmaması üçün həmin 5 yaşlı qızı xəstəxanaya aparmışdı, həkim isə qızın guya pəncərə silərkən yıxılaraq bakirəliyinin pozulmasını sənədləşdirmişdi. Həmin qız zorlanarkən 5 yaşı vardı, 5 yaşlı uşağın pəncərə silməsi hansı məntiqə uyğundur?

Belə hallar SOS UK-də onlarladır. SOS UK-də işləyərkən, maaş və alış-veriş kartım vardı. Pul köçürmələri gecikəndə, öz pulumu xərcləyirdim, kartıma pul köçürüləndə isə xərclədiyim pulla əvəzləşdiridim. Bir gün hesabladım ki, SOS UK-nın mənə 5 min manat borcu var. Bunu Nəsimi Ələkbərliyə dedim. O da söz verdi ki, pul köçürüləndə, bunu əvəz edəcək. Nəsimi Ələkbərli 2013-cü ilin avqust ayında məni məzuniyyətə göndərdi və nəzarətimdə olan bank kartlarımı SOS-da qoymağı tələb etdi. Sonra bank çıxarışlarına əsasən məlum oldu ki, həmin SOS-un mənə olan borcu 3090 manat bir, 1 444 manat da digər bank kartına köçürülüb. Mən məzuniyyətdə olarkən pullar kartdan kimliyini bilmədiyim şəxslər tərəfindən götürülüb. Bununla bağlı Nəsimi Ələkbərliyə müraciət etdikdə isə o məni hədələdi və dedi ki, əgər pulu istəsəm, 2013-cü ilin dekabr ayından olan müqaviləmi pozacaq və işdən çıxaracaq.

Onun barəsində şikayətlər etdim, ancaq heç bir nəticə vermədi. SOS UK demək olar ki, Nəsimi Ələkbərlinin qohumlarından ibarətdir. Baş mühasib Rüfət Vaqifli xalasının kürəkənidir, Gənclər evinin rəhbəri Ceyhun Əliyev isə xalasının digər kürəkənidir”.


шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.