Nazir MEŞƏ MAFİYASInın əlində ACİZ QALIB? - Görünəni odur ki...

5-12-2022, 11:01           
Nazir MEŞƏ MAFİYASInın əlində ACİZ QALIB? - Görünəni odur ki...
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazilərində ev, ferma və sexlərin tikilməsi ilə bağlı mediada dəfələrlə məlumatlar dərc olunub. Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət meşə fonduna daxil olan ərazilərin zəbt olunmasına qarşı lazımi tədbir görmür.

TEREF.AZ AzToday.az-a istinadla xəbər verir ki, şərti olaraq “meşə mafiyası” adlanan Ekologiyanın işçiləri Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisindən merkantil maraqları üçün yararlanırlar.

Belə hallardan biri də Masallı meşəbəyliyinin ərazisindədir, konkret Arif Feyzullayev adlı meşə gözətçisinin qoruduğu dolayda maşın təmiri sexi var. Magistral yolun kənarındakı meşə zolağını məhv edib yerində tikilən sözugedən sexin uzunluğu 50 metrə, eni isə 30 metrə çatır. Palıd cinsindən olan onlarla ağacın kəsilməsi hesabına günü-gündən sahəsini artıran sexə himayədarlığı vaxtilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş mühafizə mühəndisi işləyən Abuturab Bağırovun etdiyi iddia olunur.

Hazırda Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində eyni vəzifəni tutan Abuturab Bağırov indiyənə kimi köhnə iş yerinin qara işlərini görməkdə davam edir. İxtisas təhsilinin olmamasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kpk salmış “meşə mafiyası”nın sevimli kadrı olan Abuturab Bağırov tezliklə Masallıya qayıtmaq istəyir. Məlumatlara görə, baş mühafizə mühəndisi Lənkəranda Masallı qədər qazana bilmir.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindən Əmək Məcəlləsinin 70c maddəsi ilə işdən çıxarılan Abuturab Bağırovun idarəyə qayıdıb hansı vəzifəni tutmaq istədiyi dəqiq bilinməsə də, Mərkəzin direktoru Nəsimi Nəsibovla münasibətlərinin yüksək səviyyədə olduğu deyilir. Məhz bu səbəbdən də Abuturab Bağırov rəsmi vəzifəsinin olmamasına baxmayaraq, hələ də Mərkəzin xidməti ərazisində yerləşən obyektlərlə “hesablaşmaları” həyata keçirməkdə davam edir…

AzToday.az-ın araşdırmaları zamanı məlum oldu ki, Masallı meşəbəyliyinin ərazisində yerləşən sözugedən maşın təmiri sexi Cəlal Hacıyev adlı şəxsə məxsusdur. Bir-neçə gün öncə Abuturab Bağırovla görüşdüyü də yayılan məlumatlar sırasındadır.

Qeyd edək ki, ötən əsrin 50-ci illərində Lənkəran-Masallı magistralı boyunca salınan meşə zolağı ərazisində xeyli sayda obyekt və ticarət obyektləri var…














Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.