"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim..." - NARAZILIQ VAR!

3-06-2023, 11:48           
"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim..." - NARAZILIQ VAR!
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir. Martın 31-də gecə Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın. Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.

Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi üçün heç bir nəqliyyat vasitəsi göndərməyib.

L.Kərimovanın oğlu Əfqan Əliyev kənddən çıxdıqdan sonra gecəni açıq havada, bir təpədə keçirdiklərini bildirir.İcra Hakimiyyəti selin dağıntı və tələfata səbəb olmadığını bəyan etsə də, kəndlilər təsərrüfatlarına ziyan dəydiyini deyirlər. Dərviş kəndindən olan sakinlərdən biri danışır ki, onun taxıl sahəsinin bir hissəsi su altında qalıb.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Toplum Tv-yə bildirib ki, əvvəla təxliyyə məsələsində heç bir vətəndaş onlardan kömək istəməyib, ikincisi, icra nümayəndələri kəndlərdəki evlərə tək-tək gedərək sel gəlməsi ilə bağlı xəbədarlıq edib, üstəlik də hamının ərazidən uzaqlaşmaq üçün maşını varmış. O ki, qaldı sakinlərin gecəni çöldə keçirməsinə, onlara sığınacaq verilməməsinə, Faiq Qürbətov deyir, gecə ərazi qaranlıq olduğundan orada toplanan vətəndaşları görməyiblər. Amma istənilən halda ona müraciət edilsəydi, əlindən gələn köməyi göstərərdi.

Həmin gecə boşaldılan kəndlərdən birinə - Amankəndə gedə bilmirik. Selin qarşısını almaq məqsədilə kəndə gedən yollarda qazıntı aparılıb. Ona görə də yol bağlıdır. Yağışlı havaların davam edəcəyi gözlənir. İyunun 1-də gecə bəzi bölgələrdə leysan yağıb, sel gəlib, bəzi yerlərdə yollar bağlanıb. Rəsmi qurumlar suyun səviyyəsinin normal səviyyəyə düşdüyünü vurğulasalar da, biləsuvarlılar hələ də özlərini təhlükədə hiss etdiklərini deyirlər.

Toplum TV












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.