Milyard dolları "udan" yol, yaxud korrupsiyanın Azərbaycan versiyası

4-06-2023, 00:03           
Milyard dolları "udan" yol, yaxud korrupsiyanın Azərbaycan versiyası
Bakı-Quba-Rusiya yolu 2010-cu ildə istifadəyə veriləndə ölkənin şimal əhalisi çox sevinirdi. İllərdir bu istiqamətdə keyfiyyətli yol olmamışdı. Paytaxta gedib-gəlmək asanlaşacaqdı. Yeni beton yola 30 il zəmanət verilmişdi. Amma çox yox, iki-üç il sonra məlum oldu ki, camaat sevinməyə tələsib.
Bizimyol.info xəbər verir ki, 2014-cü ilin əvvəlində qüsurlar aşkar görünməyə başladı. Yol sürətlə dağılırdı. Məsuliyyəti üzərinə götürən yox idi. Heç indiyə qədər də böyük yeyinti faktına görə məsuliyyətə cəlb olunan qeydə alınmayıb. Halbuki yolun 2022-ci ildəki təmiri zamanı yolun vaxtında standartlara cavab vermədən çəkilməsi üzə çıxmışdı. Betonlar dağıdılanda kilometrlərlə məsafədə armatur gözə dəymirdi. Yeyinti quru ittiham deyil, reallıqdır.

Bakı-Quba yolu
Bakı-Quba-Rusiya yoluna bu illər ərzində 1 milyard dollardan çox xərclənib. Hələ ilk mərhələdə 630 milyon manatın məsrəf edilməsi açıqlanmışdı. Həmin illərin məzənnəsinə görə, söhbət 800 milyard dollardan çox vəsaitdən gedirdi. Beton yol dağıldıqca yerli idarələr yamama prosesi ilə qüsurları ört-basdır etməyə çalışırdı. Yamanan ərazilər ilk yağışdaca əvvəlki halına qayıdırdı. Son on ildə bu işə də xeyli pullar xərclənib. Hələ də Quba istiqamətində yolun yeni yamanmış hissələrini görürük.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi magistral yolun 88-ci kilometrindən təmir-bərpa işləri aparıb. Bakı istiqamətində təxminən 50 kilometrə yaxın məsafədə deformasiya olunmuş və ya dağılmış hissələr qazılaraq çıxarılıb. Yararlı hesab ediləcək qrunt tökülüb, yeni asfalt çəkilib. Xərclər barədə dəqiq məlumat verilmir. Amma məlumdur ki, yenə milyonlar xərclənib. Yeni çəkilmiş asfalt örtüyünü keyfiyyətsiz adlandırmaq olmaz. İş orasındadır ki, problem tam həllini tapmayıb. Quba istiqamətindəki yol örtüyünün vəziyyəti bərbaddır. Yamama prosesləri effekt vermir. Agentlik hələ ilin əvvəlində buranın da əsaslı təmir-bərpasından danışırdı. Heç bir dəyişiklik yoxdur. Quba istiqamətində yol örtüyü sürətlə sıradan çıxır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi keçən il sürücülərdən xahiş edirdi ki, təmir-bərpa mərhələsini anlayışla qarşılasınlar. Çünki Bakı istiqamətindəki yol bağlanmışdı, Qubaya uzanan tərəfi iki zolağı qarşılıqlı hərəkət rejiminə keçirilmişdi. Onlarla sürücü həyatını itirdi təmir müddətində. Sürücülər min bir həyəcanla yola çıxırdı. Şimal əhalisi uzun müddət bu əziyyəti çəkdi. Amma problem hələ də tam həll olunmamış qalıb. Guya alternativ pullu yolun çəkilməsi yükü azaldacaqdı. Bu məsələdən də xəbər yoxdur. Təminən Yaşma qəsəbəsindən Rusiya ilə sərhədə qədər uzanan pullu yol açılışı heç cür başa çatmır.

Bütün bu işlərə azı milyard dollar xərclənib, sürücülər yenə yolda çalaları sayır. Bakı-Quba-Rusiya yolu əjdaha kimi milyonları udur. Nə qədər qurbanlar verilib, xoş sonluq hələ də görünmür.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.