"Ədəbsiz, tərbiyəsiz, təhqiramiz, heç bir mənəvi dəyərlərə sığmayan fəaliyyət göstərirlər" - deputat

21-08-2019, 18:03           
 "Ədəbsiz, tərbiyəsiz, təhqiramiz, heç bir mənəvi dəyərlərə sığmayan fəaliyyət göstərirlər" - deputat
"Araşdırmalar təsdiq edir ki, bu gün Avropada məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərənlər siyasi mühacirlər deyil".
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu şəxslər Azərbaycandan hər hansı siyasi təqibə görə getməyiblər.

“Bu gün Azərbaycanda yetərincə müxalifət var və onlardan daha radikal formada fəaliyyət göstərərək, ölkədəki proseslərlə bağlı ən kəskin mövqe sərgiləyirlər. Belə sərt və radikal mövqe sərgiləmələrinə baxmayaraq, öz fəaliyyətlərini Azərbaycan daxilində davam etdirirlər. Onların fəaliyyətinə isə hər hansı formada məhdudiyyət qoyulmur. Bu, faktdır və kimsə bunu inkar edə bilməz. Bunu inkar etmək günəşin inkar edilməsinə bənzəyər”- deputat qeyd edib.
Deputat onu da bildirib ki, bununla yanaşı, bu gün Avropada Azərbaycanın maraqlarını müdafiə edən və dövlətimizin başını uca edən yetərincə azərbaycanlı mühacirlər də var. “Lakin buradan saxta sənədlərlə, fırıldaqçı yollarla gedərək, Avropada məskunlaşan anti-Azərbaycan qüvvələrin, qrupların təsiri altına düşərək, ölkəmizə, onun tanınmış simalarına qarşı ədəbsiz, tərbiyəsiz, təhqiramiz, heç bir mənəvi dəyərlərə sığmayan fəaliyyət göstərirlər və bu, qəbuledilən deyil. Biz belə insanlara mühacir deyə bilmərik”- F.Ağamalı bildirib.

F.Ağamalı əlavə edib ki, bu gün Avropada məskunlaşan həmin mühacir dəstəsinə mənəvi dəstək verən, onları yönləndirən, informasiya ilə təmin edib, təlimatlandıran müxalif qüvvələr də mövcuddur. “Ölkə daxilində Avropaya mühacir etmək istəyənlərə saxta sənəd verib, yola salan şəbəkə mövcuddur. Onların bəziləri hüquq-mühafizə orqanları tərəfindən ifşa olunub. Hesab edirəm ki, hüquq-mühafizə orqanları belə şəxsləri ifşa etdirmək istiqamətində fəaliyyətini davam etdirməlidir. Bununla bərabər, saxta, fırıldaq yolla gedib anti-Azərbaycan əleyhinə fəaliyyət göstərən mühacirlərin deportasiya olunması üçün Avropa ölkələrinin hüquq-mühafizə orqanlarına, miqrasiya qurumlarına və digər səlahiyyətli orqanlarına həmin şəxslərin siyasi mühacir olmaması, saxta sənədlərlə həmin ölkələrdə yerləşməsi barədə sənədlər təqdim etməlidir”- deputat deyib.

Deputat hesab edir ki, bu məsələdə ictimai qınaq da müstəsna rola malikdir və ona görə də cəmiyyət belə insanları qınaq obyektinə çevirməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.