Elçin Şıxlı: "KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitlər səmərəli xərclənmir"

20-11-2019, 12:22           
Elçin Şıxlı: "KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitlər səmərəli xərclənmir"

İctimai televiziyanın tanınmış aparıcısı Dadaş Dadaşlinskinin 3D verlişinin budəfəki qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı olub.


AFN xəbər verir ki, E.Şıxlı verlişdə medianın bugünkü durumuna və bir sıra maraqlı məqamlara toxunub. Eyni zamanda, o, KİV-ə Dövlət Dəstəyi Fondunun yoxlanılması haqda açıqlamasına da aydınlıq gətirib. Bildirib ki, Fond KİV-in səmərəli işləməyi, özlərini dolandırmaları üçün şərait və mühit yaratmaq əvəzinə onlara ələbaxımlıq öyrətdi: "Bir var insana dəryadan balıq verəsən, bir də var insanın əlinə tilov verirsən deyirsən bu tilov, bu da balıq, get tut. Yoxlamanı Elçin Şıxlı aparmır ki. Yoxlama Fondun fəaliyyətini araşdırmaq nöqteyi-nəzərindən deyilib".
E.Şıxlı həmçinin KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitlərin səmərəli xərclənmədiyini deyib: "Qəzet biznesində gəlir mənbələrindən biri satışdır, satış darmadağın edilib, köşklərin olmağına baxmayın, orada qəzet satılmır. İkincisi, reklam bazarıdır, reklam da bizdə çox təəssüf, demək olar ki, yoxdur. Əgər KİV-ə Dəstək Fondu qəzetlərə vəsait ayırmasa, çap mediası məhv olar. Fond ilk növəbədə mühit yaratmalıdır. Çünki dövlət büdcəsindən də, dövlət başçısının müəyyən fərmanları, sərəncamları ilə Fonda milyonlarla pul ayrılır, amma o vəsait səmərəsiz xərclənir. mühiti yaratmaq üçün həmin vəsaiti düzgün yönləndirmək lazımdır".

Xatırladaq ki, AFN KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı adıçəkilən quruma sorğu ünvanlasa da, Fond cavabdan imtina edib. Onu da qeyd edək ki, vəsaitlərin xərclənməsi ilə bağlı hesabatlar Fondun saytına yerləşdirilməyib. Baxmayaraq ki, KİV DF dövlət qurumudur, ictimai informasiya sahibidir, sədri Vüqar Səfərli özünü elə aparır ki, sanki Fond özəl qurumdur, o da sahibkardır. Ümid edirik ki, hətta İTV-nin efirindən səslənən bu problemə yaxın vaxtlarda son qoyulacaq, KİV DF ictimaiyyətə açıq qurum kimi fəaliyyət göstərəcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.