“Ayaz Mütəllibov müsahibəsində Surət Hüseynovu narkobaron adlandırır” - Sabiq prezidentin köməkçisi

7-07-2020, 18:11           
“Ayaz Mütəllibov müsahibəsində Surət Hüseynovu narkobaron adlandırır” -
Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov son müsahibəsində yenidən mərhum prezident, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə və onun hakimiyyət komandasının üzvlərinə qarşı ağır ittihamlar səsləndirib.

Səslənən ittihamlarla bağlı Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovla danışdıq.

Oqtay bəy Cebhe. info-ya müsahibəsində maraqlı məqamlara toxunub.

“Onun dediklərinin hamısı cəfəngiyatdır”

-Oqtay bəy, Surət Hüseynov deyir ki, Cəbhə hakimiyyətini 5 vəzifəni ona görə vermişdilər ki, məni idarə edə bilsinlər. Deyir ki, o zaman Qarabağda nüfuzum çox idi deyə, hakimiyyət mənə qarşı qısqanclıq etdi...

-Onun dedikləri hamısı cəfəngiyyatdır. Söhbət ondan gedir ki, o dövr ölkədə yaranmış ümumi ictimai-siyasi durum bütün qüvvələrin bir araya gətirilməsini və ərazi bütövlüyünün təmin olunması tələb edirdi. O cümlədən əsas xətt erməni işğalına qarşı bütün qüvvələri səfərbər etməkdən ibarət idi.

O baxımdan Elçibəy hakimiyyətə gələnə qədər Surət Hüseynovun da Qarabağ zonasında müəyyən qədər nüfuzu olduğundan onun da imkanlarından istifadə olunurdu. Ona görə də ona həmin vəzifə təklif olundu. Bu işdə də o fəaliyyət göstərdi. Fəaliyyətinin də ilk dövrü müəyyən qədər fayda verdi. Sonrakı dövrdə isə Surət Hüseynovun fəaliyyəti həm Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlara, həm də ümumi proseslərə zərər verməyə başladı. Surət Hüseynov daha çox fərdi qaydada, öz bildiyi kimi əməliyyat aparırdı. Belə məsələlər var idi. Onun rəhbərlik etdiyi hərbi hissədə baş verən müəyyən neqativ hərəkətlər təbii ki, müəyyən tədbirlərin görülməsini vacib edirdi. Bu da Surət Hüseynovun xoşuna gəlmirdi. Yəni “Mənə vəzifə verirdilər ki, idarə edə bilsinlər” deyən adamın düşüncəsi və səviyyəsi budur. Sənə təklif olunan vəzifəni qəbul etmisənsə, artıq bu o deməkdir ki, bu ölkənin rəhbəri var və sən də onun verdiyi təlimatlara və qanunlara uyğun hərəkət etməlisən.

“Onun xəyanəti nəticəsində Sərsəng su anbarı düşmənin əlinə keçib”

- Surət Hüseynov 1993-cü ilin yanvarında Ağdərədən qoşunları çəkdi. Belə çıxır ki, Sərsəng su anbarını ermənilərə Surət Hüseynov verib? Yanvar xəyanəti olmasaydı, Dağlıq Qarabağ problemi bizim xeyrimizə həll ediləcəkdi?

-Söhbət Dağlıq Qarabağ məsələsinin o zaman həll olunacağından getmir. Burada məsələ odur ki, Azərbaycan Ordusu 1992-ci ilin yayında başladığı hərbi kampaniyanı kifayət qədər uğurlu həyata keçirdi və qısa zaman kəsiyində işğal edilmiş ərazilərin böyük bir qismi azad olundu. Goranboy və Ağdərə rayonu, ümumi olaraq isə işğal altında olan torpaqların 52 faizi azad olundu. Hərbi əməliyyatlar artıq Xankəndi istiqamətində aparılırdı. Bundan başqa Laçın rayonun işğal olunmuş ərazilərinin böyük bir qismi azad olundu. Sonrakı dövrdə cəbhə xəttində çox da aktiv döyüşlər getməsə də, müharibə davam edirdi. Mövqe döyüşləri gedirdi, amma proses ərazi itkisi və ya geri qaytarılması ilə müşayiət olunmurdu. Qış kampaniyasında ermənilərə əlavə fürsət verməmək üçün Müdafiə Nazirliyinin Baş Qərargahında əməliyyat planı hazırlanıb. Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissələr də bu prosesə cəlb olunub. Təəssüf ki, Surət Hüseynovun verdiyi o əmrlə özünün nəzarətində olan hərbi hissə Ağdərə istiqamətindən geri çəkilib. Nəticədə isə Sərsəng su anbarının ətrafındakı ərazilər düşmənin əlinə keçib. Bəli, bu, birbaşa Surət Hüseynovun fəaliyyəti ilə bağlıdır. Ona görə də Surət Hüseynov bunlara cavab verməlidir. Surət Hüseynovun vəzifəsindən azad olunmasının səbəblərindən biri də bu idi. Yəni bu kasanı daşırdan axırıncı damla idi.

“Surət Hüseynov konkret mərkəzlərdən idarə olunur”

-Surət Hüseynov iddia edir ki, yanında Rusiyanın adamı olmayıb. Onun Rusiyanın təhriki ilə qiyama başladığını sübut edən sənədlər var?

- Surət Hüseynovdan soruşmaq lazımdır ki, bu cəfəngiyyatları 27 ildir niyə danışmır? Surət Hüseynov bizim də bildiyimiz konkret mərkəzlərdən idarə olunur. O mərkəzlərin təlimatları ilə bu nağılları danışır. Surət Hüseynovun ətrafında konkret rus hərbçiləri olub. Bu, məhkəmə proseslərində də sübut olunub. O zamankı xüsusi idarənin verdiyi məlumatlarda da bu faktlar öz əksini tapıb. Surət Hüseynov müəyyən əməliyyatları da birbaşa olaraq rus hərbçiləri ilə həyata keçirib. Surət Hüseynovun Şerbakla bağlılığını Azərbaycanda bilməyən varmı? Bunlar hamısı faktıdır, ruslar onun yanında olublar, onu kifayət qədər yönləndiriblər. Bu prosesin arxasında duranlar da məhz həmin Rusiya kəşfiyyatının adamları idi. Surət Hüseynov deyir ki, əslində mənə qarşı qiyamı Bakıdan qaldırdılar. Sən kim idin ki? Sənin heç bir vəzifən, rəsmi imtiyazın yox idi. Hərbi hissədə oturmuşdun. Hərbi hissə də Müdafiə Nazirliyinə tabe olmalıdır. Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə dövlət komissiyasını əraziyə buraxmır və bununla da bağlı Nazirlik tədbirlər görməlidir. Yəni bunun düşüncəsi budur.

“Onun rəhbərlik etdiyi quldur dəstələri Ağdamda hansı hoqqalardan çıxıblar, bunu hər kəs bilir”

-O, Elçibəyi ittiham edir və deyir ki, komandasında olanların hamısının ruslar “verbovka” elemişdi. “Qarabağı alacaqdım, Elçibəyin komandası qoymadı. Məni qısqandılar ki, qəhraman kimi hakimiyyətə gələrəm”. Surət belə deyir.

-Ataların bir məsəli var: adımı sənə qoyum, səni yana-yana qoyub. Surət Hüseynov Rusiya hərbi kəşfiyyatı ilə, narkoticarətlə bağlılığı isbat olunmuş məsələdir. Onun Qarabağdakı hərbi hissələrdə nüfuzunun olması da şəxsən Surət Hüseynovun özünün şəxsi keyfiyyətləri ilə bağlı məsələ deyil. Surət Hüseynov bildirir ki, 1992-ci ilin may ayının 5-də 52 batalyon komandirinin toplaşdığı yığıncaq edib və hərbi birlik yaradıblar və Qarabağı azad edəcəklərinə and içiblər. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra da hərəkətə keçiblər. Yəni adi bir yun fabrikin direktorunun bu işləri görməsi mümkün deyil. Artıq isbat olunmuş məsələdir ki, Sovet İttifaqı dağılanda Rusiya hərbi kəşfiyyatı o zaman müttəfiq respublikalardan geri çəkiləcək orduların buraxacağı silahları özlərinə yaxın və kriminal keçmişi olan şəxslərə ötürməyə başladılar. Silahları, həm Tacikistanda, həm Gürcüstanda, həm Ermənistanda, həm də Azərbaycanda Surət Hüseynov tipli kriminal, terrorçu tipli adamlara verdilər. Həmin qüvvələr təbii ki, Rusiyanın nəzarətindəydilər. Azərbaycanda da xeyli belə adamlar var idi və sonradan bir çoxu zərərsizləşdirildi. Bu adamlar birbaşa Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli idilər. Surət Hüseynovun dedikləri boş cəfəngiyyatdır. Əvvəla adamdan soruşmaq lazımdır ki, sən Qarabağı belə çox istəyirdinsə və təkbaşına azad etməyə hazırlaşırdınsa, buna da əmin idinsə, deyək ki, Elçibəy hakimiyyəti sənə icazə vermədi, bəs niyə 15 ay Baş nazir olanda və Milli Məclisin qərarı ilə bütün güc strukturları sənə tabe etdirildi, amma bir addım ata bilmədin? Əksinə, Surət Hüseynov Baş nazir olandan sonra həmin rayonlar işğal olundu. Sənin rəhbərlik etdiyin quldur dəstələri, talançılar Ağdamda, digər bölgələrdə hansı hoqqalardan çıxıblar, bunu da orada yaşayan insanlar çox yaxşı bilirlər. Ağdamda Surət Hüseynovun adamları müdafiə məsələləri ilə məşğul olmaq əvəzinə, tamamilə başqa işlərlə, talançılıqlar, icra başçılarını dəyişdirməklə məşğul olublar. Surət Hüseynov bunların cavabını verməlidir. Surət Hüseynov deyir ki, guya ona güc strukturlarına nəzarət etməyə, müdafiə işləri ilə məşğul olmağa cəmi 9 gün imkan veriblər. Yaxşı, əgər belə olubsa, o zaman bu dediyin materialları hardan almısan? Görünür ki, o, daha çox Azərbaycan təhlükəsizlik orqanlarının üz qarası olan Nəriman İmranovdan alıb. Onun vaxtında 1994-cü ildə MTN-nin təcridxanasından dustaqlar qaçmışdı. Nəriman İmranov da onu bir müavinin üzərinə atmışdı, ona işarə vermişdi. Nəriman İmranovla Surət Hüseynovun çox geniş əlaqələri var idi, hətta qohumluqları çatırdı. O da bir vaxtlar, Elçibəy Bakını tərk edəndə televiziya çıxışlarında xeyli cəfəngiyyatlar səsləndirirdi. O zaman “yaxasını cırırdı” ki, Elçibəyin ölkənin sərvətini götürdüyünü, Türkiyədə yerləşdirdiyini sübut edəcəm. Amma ortaya bir şey çıxmadı. Çünki özləri də yalan, cəfəngiyyat danışdıqlarını yaxşı bilirdi. İndi də eyni cəfəngiyyatı öz qohumu Surət Hüseynova verib və o da eyni şeyləri təkrarlamaqla məşğuldur. Əgər elə bir şey olsaydı, Elçibəyin siyasi rəqibləri, elə indiki hakimiyyət də bu məsələləri açardılar. Yəni bu məsələdə Əbülfəz Elçibəyin itirəcəyi heç nə yoxdur. Surət Hüseynov dediyi sənədləri açıqlasın, cəfəngiyyat danışmaqla deyil. Surət Hüseynov 1995-ci ildə “Moskovki novesti” qəzetinə verdiyi bir müsahibəni xatırlasın. Ordakı Heydər Əliyevə o günkü və indiki münasibəti nədir? Ayaz Mütəllibovla arası niyə dəydi? 1997-ci ildə Ayaz Mütəllibov verdiyi müsahibələrin birində Surət Hüseynovu narkobaron adlandırır. Yəni Surət Hüseynov həm Rusiya hərbi kəşfiyyatı ilə bağlı adam idi, həm də narkomafiya ilə əlaqələri var idi. Bugünkü çıxışına baxın, normal adamın çıxışı deyil. Onun danışığı hələ siyasətçi və ya müəyyən vaxtlarda dövləti vəzifə tutmuş adamın yox, normal şəxsə uyğun danışıq tərzi də deyil. Cinayət aləminin jarqonları ilə danışır. Nə qədər ağlın itirib ki, deyir mənim atamı öldürdülər, ona “peredozirovka” (yüksək doza) elədilər. Danışığın da bir qaydası olar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.