“Bıçaq sümüyə dirənib, belə davam edə bilməz!” – Mübariz Tağıyev

14-07-2020, 14:14           
“Bıçaq sümüyə dirənib, belə davam edə bilməz!” – Mübariz Tağıyev
Cəbhədə baş verən son hadisələrlə bağlı Xalq artisti Mübariz Tağıyevin Yenisabah.az-a müsahibəsi:
- Mübariz bəy, cəbhədə baş verən hadisələri, daha dəqiq desək, Ermənistanın törətdiyi təxribatları izləyirsinizmi?
- Bəli, izləyirəm. Əsgərlərimizin şəhid olması hamımızı sarsıtdı. Bi biədəblər hər gün bir təxribat yaradırlar. Əsgər əsgərdi, onların hər biri bizim övladlarımız, ürəyimizin bir parçasıdır. Amma Vətəni qorumaq lazımdır. Allah Vətənin keşiyində dayanan əsgərlərimizi qorusun.
- Aprel hadisələrindən sonra ikinci dəfə düşmənin burnu ovuldu. Ordumuzun budəfəki uğuru sizdə hansı təəssürat yaratdı. Qələbə yaxındadırmı?
- Sabah nəsə olsa, yaşından asılı olmayaraq hamımız əlimizə silah götürüb çıxacağıq, amma iş bundadır ki, həddindən artıq çətin bir vəziyyət yaranıb. Düşmən ölkədə siyasi vəziyyət də bir qədər gərginləşib. Ermənilərin vəziyyəti çox ağırdır, ona görə də bu cür təxribatlara hələ əl atacaqlar. Ancaq cavablarını aldılar. Özü də yetərincə aldılar.
- Cəmiyyətdə müharibə çağırışları getdikcə artır? Necə düşünürsünüz, düşmənin cavabımı döyüş meydanında verməyin vaxtı çatıbmı?
- Bilirsiniz “müharibə olsun” demək çox asandır. Əlbəttə ki, torpaqlar sülh yolu ilə alınsaydı daha yaxşı olardı. Heç kim istəmir ki, itkilər olsun. Müharibə müharibədir. Ön cəbhədə də vəziyyət gərgindir. Bir tərəfdən pandemiya, bir tərəfdən də atəşkəsin tez-tez pozulması... Biz ikiqat müharibənin içindəyik. Nəyisə demək asandır, “gəlin, gedək” və s. Mənim fikrimcə, nəyisə deməkdən asan bir şey yoxdur. Ancaq siyasi aləmdə belə şeylər bir qədər başqa cür qarşılanır və ayrı cür həll olunur. Mənə elə gəlir ki, Azərbaycan diplomatiyası yüksək səviyyədədir. Gəlin, bu işlərə biz qarışmayaq, çünki biz hərəmiz öz istədiyimizi, öz bildiyimizi deyirik. Amma hamımızın istəyi odur ki, müharibə qələbə ilə başa çatsın. Mən özüm sənət adamıyam, həmişə ürəyimdən keçir ki, Cıdır düzündə bir tədbir keçirək. Bu istəkdir, arzudur, amma müəyyən məsələlər var ki, bunu Ali Baş Komandanımız özü həll edə bilər. O nə cür desə, elə də olacaq. Bir də ki, diplomatlarımız bu istiqamətdə işləyirlər, gəlin, bunu onların öhdəsinə buraxaq. Mənə elə gəlir ki, artıq söhbətlərə ehtiyac yoxdur, biz elə istəyirik, belə istəyirik deməklə deyil. Xırda nüanslar var, mən siyasətçi deyiləm, amma bisavad da deyiləm. Olan hadisələri izləyirəm.
- Təəssüf ki, böyük dövlətlərin, beynəlxalq təşkilatların çoxu düşməni öz adıyla çağırmaq istəmir. Bir-iki dövlət istisna olmaqla erməni təxribatını pisləyən çox az dövlət və təşkilat var. Bu barədə nə düşünürsünüz?
- Mən istəmirdim bunu deyəm, amma hazırda xristian-islam müharibəsi gedir. Sabah nə isə olsa müəyyən dairələr ola bilər ki, onlara - yalanın tərəfinə dönsünlər. Amma iş bunda deyil ki, böyük bir qismi həqiqətin tərəfindədir. Fikrimcə, bunların iç üzü artıq açılıb, ortada aldanılmalı bir şey yoxdur. Hər şey faktlarla həll olunur, belə demək asandır. Bizim əlimizdə dəlillər var, ona əsaslanıb biz bir söz deyirik. Ona görə mənə elə gəlir ki, nə qədər yalan da deyilsə, nə qədər təxribatlar da olsa. Axırda gəlib o faktlara dirənəcək. Qarabağ, o torpaqlar, elə İrəvan da bizim olub, Zəngəzur da. İndi biz duraq nə deyək? Biz bir kəlmə söz deyirik, o saat canlarına vəlvələ düşür. Bizim istəyimiz odur ki, əmin-amanlıq olsun. Mən inanıram ki, onları bu işlərə sürükləyənlər var, bax, onlar cəzalandırılmalıdırlar. Müharibə müharibədir. İkinci Dünya Müharibəsinin dəhşətlərini düşünün. Biz onu görməsək də, mənim atam o vaxt Berlinə kimi gedib çıxıb, o danışır, söhbətlərindən dəhşətə gəlirsən. Yəni müharibənin nə demək olduğunu filmlərlə dərk etmək asan deyil. Bunu yaşamaq tamam başqa şeydir. Amma mənim hisslərim, fikirlərim onu deyir ki, bu məsələ yaxın vaxtlarda həll olunacaq. Çünki artıq belə davam edə bilməz. Bu qədər yalan, bu qədər get-gəl... Artıq bıçaq sümüyə dirənib. Görmürsünüz, hərəkət edəndə də asta-asta hərəkət edirlər ki, hər iki tərəfə də ilişməsinlər. Mən bizim əsgərlərə uğur arzulayıram, şəhidlərimizə də Allahdan rəhmət diləyirəm, qəbirləri nurla dolsun. Vətən uğrunda gediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.