Məhərrəm Əliyev son erməni təxribatlarının səbəbini açıqladı

28-04-2015, 18:26           
Məhərrəm Əliyev son erməni təxribatlarının səbəbini açıqladı
Azərbaycan Ordusu istənilən an Ali Baş Komandanın əmri ilə torpaqlarmızı erməni işğalından azad etməyə hazırdır.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev bəyan edib.

“Bu gün biz tam əminliklə deyə bilərik ki, bizim torpaqlarımızı işğaldan azad etməyə, Azərbaycanın suverenliyini bərpa etməyə qadir olan ordumuz var. Xalqımız və ordumuz Ali Baş Komandanın bu haqda əmrini gözləyir”, - deyə M.Əliyev “Xalq qəzeti”nə müsahibəsində bildirib.

M.Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının müdafiə qüdrətinin və silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması məqsədilə ordunun maddi-texniki təminat səviyyəsi gündən-günə yaxşılaşır, ordumuz ən müasir döyüş texnikası, aviasiya və artilleriya qurğuları ilə komplektləşdirilir.

“Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqliyə və məhvetmə imkanına malik silahlarla təchiz edilib. Ordumuzun döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumundan müdafiə sistemləri, zirehli maşınları, tankları və artilleriya qurğuları var”, - deyə şöbə müdiri vurğulayıb.

Oqeyd edib ki, bu qədər üstünlüyə malik ordusu olmasına baxmayaraq, Azərbaycan xalqı sülhsevər xalqdır, səbr və təmkinlə ərazi bütövlüyümüzün təmin olunmasına qan tökülmədən nail olmaq istəyir.

“Düşmən ordusunda isə nizam-intizam get-gedə zəifləyir. Bir çox erməni əsgərləri qorxu, vahimə içərisindədirlər. Onlar işğal olunmuş ərazilərdə qulluq etmək, hədər yerə ölmək istəmirlər. Bizim ordumuzda xidmət edən əsgər və zabitlərdə ruh yüksəkliyi, mənəvi-psixoloji durum Ermənistan ordusundan müqayisə olunmayan dərəcədə yüksəkdir. Əgər erməni əsgəri ucuz, boş və mənasız yerə müharibə edib, səbəbsiz şəkildə ölmək istəmədiyini bəyan edirsə, Azərbaycan əsgəri nəyin bahasına olursa-olsun işğal altında olan torpaqlarımızı azad etməyə, lazım gələrsə, canını belə qurban verməyə hazır olduğunu bildirir”, - deyə M.Əliyev bildirib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulması halları artıb. Bunun bir çox səbəbləri var. Onun fikrincə, xüsusilə Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycana qarşı erməni basqınları və torpaqların işğalı onların arxasında duran iri dövlətlərin ölkəyə qarşı yürütdüyü təzyiq və təcavüzkar siyasətin təzahürü kimi meydana gəlib.

“Dünyada mövcud olan ermənipərəst dairələr Azərbaycanın müstəqil siyasət yeritməsindən, günü-gündən öz iqtisadi və hərbi qüdrətini artırmasından açıqdan-açığa narahatlıq keçirir və bütün vasitələrlə erməni kartını yenidən işə salır. Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır, bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir və bizə qarşı təzyiq mexanimləri işə salınır”, - deyə M.Əliyev qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi ölkənin son dərəcə ağır, çıxılmaz iqtisadi, siyasi və mənəvi böhran vəziyyətini ört-basdır etmək, erməni xalqını aldatmaq və çaş-baş salmaq üçün cəbhədə müxtəlif təxribatlara əl atır.

“Hazırda erməni xalqı anlayır ki, Ermənistan Respublikası tam iflas olmaq və öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. İqtisadi böhran, qeyri-sabitlik, aclıq və fəlakətlə üzləşən xalqın tələbləri artdıqca Ermənistan rəhbərliyinin müharibə çağırışları da artır və qarşıdurmaya yeganə çıxış yolu kimi baxırlar. Onlar günü-gündən güclənən və döyüş qabiliyyəti artan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəklərini bilirlər, həm də dərk edirlər ki, sabah onlar üçün daha ağır olacaq. Məhz buna görə də atəşkəsi pozmağa can atırlar ki, bölgədə vəziyyət qarışsın və onların havadarları köməyə gəlsinlər”, - deyə M.Əliyev vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.