“Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə ölümcül yaralanmışdım...” - Xalq artisti

16-10-2020, 09:10           
 “Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə ölümcül yaralanmışdım...” - Xalq artisti
Xalq artisti, 1991-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş Şükufə Musayevanın Moderator.az-a müsahibəsini təqdim edirik:

- Şükufə xanım, uzun illərdir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında çalışırsınız. İstərdim bu teatra gəlişinizi xatırlayaq.

- Mən Şuşada doğulmuşam və orada böyümüşəm. Şuşa Mədəni Maarif texnikomunu bitirmişəm. O zamanlar texnikomda oxuya-oxuya xalq teatrında tamaşalar hazırlanırdı, mən də orada oynayırdım. 1990-cı ildə teatr fəaliyyətə başlayanda məni də ora dəvət etdilər. Müəllimlərim ilə texnikomdan tanış idim, elə teatra da məni Yadigar müəllim dəvət etmişdi. İlk obrazım “Özümüz bilərik” tamaşasında Nailə rolu oldu. Çox da uğur qazanmışdı. Hamı ruh yüksəkliyi ilə, sevinclə yaşayırdı. Daha sonra başımızın üstünü buludlar aldı, torpaqlarımız getdi. Orada yaşayış şəraitimiz gözəl idi, bura gəlib qaçqınçılıq yaşadıq. Hamının ürəyi qan ağlayırdı. Çox çətin idi.

- Obrazlarınıza nəzər salanda görürük ki, daha çox tarixi tamaşalarda rol almısınız.

- Əlbəttə ki, biz ən çox istəyirik ki, tarixi mövzulu əsərlərimiz səhnədə olsun. Mən “Güllələnmiş heykəllərin fəryadı” əsərində Xurşudbanu Natəvan, Xocalı faciəsi ilə, 20 yanvarla bağlı olan tamaşalarda ana obrazları yaratmışam. Tamaşalarımızın çoxunda bizim xalqımızın başına gətirilən müsibətləri çalışmışıq ki, xalqımıza çatdıraq.

- Siz həm də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən yeganə aktrisasız. Döyüş yolunuz necə başladı?

- Hər gün Şuşaya atəş açırdılar, gözünün qabağında ölənlər, yaralananlar, həyatını itirənlər var idi, torpaq od içində alışıb yanırdı, necə ola bilərdi ki, kənardan durub baxım? Mən dözə bilmədim, fikirləşdim ki, döyüşə getməliyəm, döyüşə də getdim. Məni götürdülər batalyona, batalyonda mən birinci sənəd işlərinə baxırdım, sonra dedim ki, yox mən döyüşə gedəcəm, əlimə silah alıb ilk döyüşümə Laçından başladım.

- Ümumilikdə neçə il döyüşdə oldunuz?

- 2 il. Müxtəlif vaxtlarda Şuşada, Laçında, Tovuzda, Qazaxda döyüşmüşəm. Son döyüşüm Ağdərədə oldu. Sərsəng su anbası uğrunda gedən döyüşlərdə mən ağır yaralandım, hətta ölümcül yaralanmışdım. Ölənimiz çox idi, mən onları xərəyə qoyurdum. Bu anda düşmən həm mənə, həm də əsgər yoldaşıma atəş açdı. Bir onu eşitdim ki, “Ay allah öldüm”.. Yadımdadır ki, deyirəm ki, komandir kömək edin, uşaqlar yanır. Sonra uşaqlar deyir ki, sən arxa batalyona gəlib çatmısan, gülümsəyib, yerə yıxılmısan.

- Yaralanandan sonra heç nəyi xatırlamırsız?

- Heç nəyi.. Bir ilə yaxın mən xəstəxanalarda qalmışam, hər dəfə deyirdilər ki, filan kəndimiz ermənilər tərəfindən alındı, mən qışqırıb ağlayırdım ki, siz nə danışırsız? Ola bilməz, o torpaqlarımız alına bilməz. O torpaqları mən çox sevirəm, niyə görə o torpaqlar getsin? Sonra mən qoltuq ağacı ilə gəzirdim, mənə gəlib baxanların üzüdə heyrət görürdüm. Elə ağlayırdılar, amma mənə heç nə demirdilər. Bir aydan sonra mən güzgünü əlimə götürəndə gördüm ki, sir-sifətim hamısı darmadağındır, neçə yerdə üzümdə tikiş var. İnanmırdım ki, sağ qalım. Amma sağaldım, yenidən döyüşə getmək üçün hərbi komissarlıqa müraciət etdim, dedilər ki, sən cəbhəyə gedə bilməzsən, hərbi üçün yararsızsan.

- Sizin də uğrunda döyüşdüyünüz Sərsəng su anbarının ətrafındakı bir sıra kəndlərimiz düşmən tapdağından azad edilib. Bu xəbərləri eşidib nə kimi hisslər yaşadınız?

- 27-28 ildir əsirlikdə qalan torpaqlarımız azad olunur. Təbii ki, mən çox sevinirəm, doğrudan sevincimin həddi-hüdudu yoxdur, istəyirəm ki, hal-hazırda orada, həmin o cəbhədə olum. Yenə də döyüşmək istəyirəm, o qəddar, murdar düşmənə göstərmək istəyirəm ki, o torpaqlar sizin deyil, olmayıb, olmayacaq da. Cənab ali baş komandanımıza təşəkkür edirəm ki, bu sevinci bizə yaşadır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.